Rusiyada sentyabrın 1-dən qüvvəyə minəcək “uşaqsızlığı təşviq edən təbliğat qadağası” çərçivəsində bəzi məşhur seriallara və kitablara qadağa qoyulması gündəmdədir. “Roskomnadzor”un hazırladığı yeni meyarlara əsasən, təkcə uşaq sahibi olmamağı birbaşa təbliğ edən məzmun deyil, həm də hamiləlik, analığın mənfi halları və ya atasızlığı kimi anlayışları əks etdirən əsərlər də var.
Hafta.az-ın yazdığına görə, parlament qəzetinə danışan ekspertlər bu kontekstdə qadağan oluna biləcək bəzi istehsalları sadalayıblar. Siyahıya J.K. Roulinqin “Harri Potter” seriyası, “Game of Thrones”, “Sex and the City”, “House of Cards” kimi dünyaca məşhur seriallar və kitablar da yer alıb. Qiymətləndirməyə görə, bu əsərlərdə bəzi obrazların övlad sahibi olmaması və ya uşaqsızlığı seçim kimi təqdim etməsi qanunun əhatə dairəsinə düşə bilər.
Məsələn, “Harry Potter” seriyasında professor Makqonaqalın uşaqsız olması heç bir izahat verilməsə də, qanun çərçivəsində şərh edilə bilər. “Game of Thrones” serialında qadın cəngavər Brayennin şüurlu şəkildə analıqdan əl çəkməsi, “Sex and the City” serialında Samantanın uşaqsız həyat tərzinə meyl etməsi, Kler Undervudun “House of Cards”da karyerasına üstünlük verdiyi üçün uşaq sahibi olmamasını sorğulaması diqqətçəkən elementlər arasındadır.
Yeni qanunun qüvvəyə minməsi ilə qadağan ediləcək məzmunlar Rusiya Mədəniyyət Nazirliyi tərəfindən rəsmi siyahıda açıqlanacaq.