Rusiya hərbçiləri ermənilərin  işlətdiyi terminlərdən yararlanırlar - Tofiq Zülfüqarov

13:15 04.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla hafta.az üçün növbəti söhbətimizdə gündəmdə olan bəzi mövzular – Rusiya Dövlət Dumasının deputatı V.Jirinovskinin Azərbaycana qarşı son sərsəm çıxışı və ona reaksiya, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycan Respublikasının Laçın və Xocavənd rayonlarını “Dağlıq Qarabağın  rayonları” kimi təqdim etməsi, Nikol Paşinyanın Ermənistan baş naziri seçilməsindən sonra gördüyü bəzi işlər, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən olunması və s. müzakirə olundu.

- Tofiq müəllim, sizin “Facebook”da Jirinovskinin son açıqlamalarına qarşı Azərbaycandakı kütləvi və kəskin reaksiyalara münasibətinizlə bağlı paylaşımınızı oxuduq. Hesab edirsiniz ki, pul hesabına müxtəlif dairələrin sifarişlərini yerinə yetirən bir fiqura bu qədər vaxt və enerji ayırmağa dəyməz?! Bəs sizcə, Jirinovski kimisinin sözlərindən daha çox, Rusiya Prezidenti Vladimir Putinin bilavasitə tabeliyində olan Rusiya ordusunun Azərbaycan ərazisində rəsmən sülhməramlı adı ilə müvəqqəti yerləşmiş kontingentinin  10 Noyabr razılaşmasındakı müddəaları  pozması və dövlətimizin suverenliyinə hörmətsizlik etməsi ilə bağlı konkret əməllərinə ciddi reaksiya verməyin vaxtı çatmayıbmı?

- Bilirsiniz, mən yenə də o fikri təkrarlayıram:  inanmıram ki, Jirinovski hansısa təlimat əsasında həddini aşıb...

- Yəni hesab edirsiniz ki, Putinin Jirinovskinin Azərbaycana qarşı belə biabırçı formada danışacağından Putinin xəbəri olmayıb?

- İstisna etmirəm ki, ümumi danışmaq üçün Jirinovskiyə imkan verilib, amma onun həddini keçməsi artıq özfəaliyyətdir. Biz anlamalıyıq ki, bu hadisə Azərbaycan və Rusiya prezidentlərinin görüşündən az sonra baş verib.   Prezidentlərin görüşündə iki vacib siqnalı yada salmalıyıq.  Putin tərəfindən Azərbaycan Prezidentinə Ermənistan və Qarabağla bağlı məsələlərin həllində kompromislərə yer verdiyinə görə minnətdarlıq ifadə olundu. İkincisi, İlham Əliyevin də açıqlamasında iki dövlət  arasında münasibətlərin çox yüksək səviyyədə olması və bir-birinə etimad haqda fikri öz əksini tapdı.  İstisna  etmirəm ki, hansısa ermənipərəst dairələrin bu məsələlər xoşlarına getmədiyindən  və bura hansısa neqativ elementləri qatmaq üçün  Jirinovskiyə Azərbaycana qarşı sifariş olunub. Yenə də deyirəm: hesab edirəm, o, sifariş formasında da həddini keçib. Azərbaycan dövləti və onun rəhbərliyi haqqında siyasətçiyə heç uyğun olmayan fikirlər səsləndirib. Deyəsən, səhvini anlayıb və sonradan başqa açıqlama verib ki, guya onu yanlış başa düşüblər və s. Ona görə  də öz mövqeyimi açıqladım ki, Jirinovski kimilərə çox da önəm vermək və vaxt ayırmaq gərək deyil.  Bu, onun xüsusiyyətidir. Sifarişləri də yerinə yetirir, o cümlədən bəlkə də Kremlinkiləri də...

- Sizcə, bəzilərinin hesab etdiyi kimi, Jirinovskinin məlum çıxışı Azərbaycan və Rusiya münasibətlərinə müəyyən mənada xələl gətirdimi?

- Xeyr. Hesab edirəm, bunun üçün əsas yoxdur. Ən azı, vacib məsələ olan Zəngəzur dəhlizi məsələsində  Rusiya və Azərbaycan dövlətlərinin mövqeyi üst-üstə düşür. Ermənilər özləri deyirlər ki, bizə Rusiya tərəfindən 10 Noyabr razılaşmasının maddələrini yerinə yetirməmiz üçün təzyiq var. Bəlkə də elə Putinin də xatırlatdığı kompromis o idi ki, ermənilər xahiş edib ki, Azərbaycan tərəfindən təzyiqlər  müvəqqəti olaraq azaldılsın...

- Cavabsız qalan birinci sualımızda dediyimiz kimi, 10 Noyabr razılaşmasından  sonra Rusiya Prezidenti bilavasitə tabeliyində olan ordunun Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqlarındakı bir sıra əməllərinə həddindən artıq güzəştə gedirik. Məsələn, elə Jirinovskinin çıxışından bir gün öncə Rusiya Müdafiə Nazirliyinin sülhməramlı kontingentlə bağlı saytında Laçın rayonu “Dağlıq Qarabağın Laçın rayonu” kimi təqdim edilib. Üstəlik, Rusiya hərbçiləri Laçın dəhlizində yerləşən və heç bir vaxt ermənilərin kompakt şəkildə yaşamadığı Laçın şəhəri və rayonun Zabux kəndində son 30 ilə yaxın işğal müddətində qanunsuz məskunlaşmış ermənilərə yardım ediblər. Yəni sanki onların qanunsuz məskunlaşmasına dəstək veriblər. Bundan bir neçə gün sonra isə Rusiya MN, hafta.az-da  da məlumat verdiyimiz kimi, Xocavənd rayonunu da “Dağlıq Qarabağın Martuni rayonu” kimi təqdim edib.  Necə hesab edirsiniz, bütün bunlar birbaşa Azərbaycan Respublikasının dövlət suverenliyinə, ərazi bütövlüyünə təhdid, hörmətsizlik sayılmırmı? Ən azı, Prezident İlham Əliyev dəfələrlə açıq şəkildə üzünü bütün dövlətlərə və beynəlxalq təşkilatlara tutaraq bildirib ki, Azərbaycan Respublikasının rəsmi inzibati bölgüsündə “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur.  Rusiya MN bir ilə yaxındır ki, həmin ifadəni rəsmi məlumatlarda işlədir. Odur ki, Jirinovski məsələsindən öncə Xarici İşlər Nazirliyi   Laçın rayonu ilə bağlı məsələyə reaksiya verməli, hətta Rusiyaya nota verməli deyildimi?

- Bilirsiniz, belə məsələlərdə nota verilməsinin tərəfdarı deyiləm. Təcrübəmdən bilirəm ki, hansısa dövlətə nota konkret rəsmi siyasi məsələyə görə verilməlidir. Hesab edirəm ki,  bu tip məsələlərdə Xarici İşlər Nazirliyi sözçüsünün şərhinə daha çox üstünlük verilməlidir. Bununla yanaşı, Azərbaycan tərəfdən Rusiya sülhməramlı kontingentinin rəhbərliyi ilə bilavasitə kontaktda olan qurum və məsul şəxslər belə məsələləri mütəmadi olaraq onların nəzərinə  çatdırmalıdır.  Onlar müzakirələrdə Azərbaycan Respublikası ərazisinə aid hansı rəsmi terminlərdən istifadə olunmasını Rusiya hərbçilərinin nəzərinə çatdırmalıdırlar. Yaxşı olar ki, biz tərəfdən əlaqədar şəxslər bilavasitə Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri ilə bağlı işlənməli olan coğrafi və inzibati toponimlərin, adların siyahısını həmin kontingent rəhbərliyinə təqdim etsin. Bunu Müdafiə Nazirliyinin mətbuat xidməti də edə bilər.  Bu da onların rəsmi şifahi və yazılı açıqlamalarında bu cür yanlış söz və ifadələri işlətmələrinin qarşısını alar və gələcəkdə belə problemlər olmaz.  Hiss olunur ki, Laçında və Qarabağda erməni əhali arasında yerləşdiklərindən, Rusiya hərbçiləri də onların işlətdiyi terminlərdən yararlanırlar...

- O da var ki, Azərbaycan ərazisindəki  Rusiya hərbi kontingentinin verdiyi rəsmi məlumat Moskvadan – bilavasitə Rusiya Müdafiə Nazirliyinin süzgəcindən keçir...

- Lap Moskvadan olsun... Lazımdırsa, Rusiya Müdafiə Nazirliyinin müvafiq qurumları ilə də mütəmadi kontakt qurub onlara sadaladıqlarımızı anlatmaq gərəkdir...

Yadımdadır ki, biz 1990-cı illərdə rəsmi sənədlərdə, o cümlədən Azərbaycan mətbuatında Qarabağ məsələsi ilə bağlı işlənməli olan rəsmi söz və terminlərin siyahısını tərtib etmişdik və Prezident Aparatı da bunu daxili təlimat kimi müvafiq qurumlara çatdırmışdı. İndi də bu təcrübədən həm daxili, həm xarici auditoriya çərçivəsində yararlanmaq olar. Qarabağdakı Rusiya kontingentinə, eləcə də Moskvaya – Rusiya Müdafiə Nazirliyinə belə bir toplum tərtib edib göndərsək, sabah onlar bilərəkdən, ya bilməyərəkdən yanlışlığa yol verəndə deyə bilərik ki, axı biz bu mövzuda sizləri məlumatlandırmışıq, niyə belə edirsiz...Yəni o halda ciddi irad tutmaq üçün əlimizdə  belə əsas da olar... İndi desən, deyəcəklər ki, bağışlayın, bizim məlumatımız olmayıb...

- Yəni belə çıxır ki, Xarici İşlər Nazirliyindən öncə Müdafiə Nazirliyi kimi qurumlar  Qarabağla, Laçın dəhlizi ilə bağlı belə məsələlərə reaksiya verməlidir?

- Bəli, yəni öncə dediyim kimi, Rusiya sülhməramlıları ilə bilavasitə mütəmadi əlaqədə, kontaktda olan qurumlar bunu etməlidir. Ola bilər, bu, təhlükəsizlik, xüsusi xidmət qurumları da olsun... Onlar  Rusiya hərbi kontingentinin mətbuat, məlumat yayımı işlərinə baxan qurumu ilə əlaqəyə girməlidir. Bildiyimə görə, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində də mətbuatla bağlı qurum var...

- Olsa da, onların səsi-sorağı eşidilmir axı... Heç bir məlumat da vermirlər. Biz jurnalistlər dəfələrlə bu məsələni qaldırırıq ki, onların Azərbaycan mediası ilə mütəmadi əlaqəsi olmalıdır...

- Səsləri çıxmırsa, biz onları səsləndirməliyik. Bizim ərazimizdədirlər... Müvafiq qurumlar mütəmadi olaraq onların iştirakıyla hansısa tədbirlər təşkil etməli,  hətta yeyib-içmək verməlidirlər. Real iş budur, belə işləmək lazımdır... Yəni Qarabağla, Laçın dəhlizi ilə bağlı hansısa məsələlərə siz jurnalistlər, biz şərhçilərin münasibət bildirməsi ilə iş bitmir axı... Rəsmi qurumlar insanları, xalqı narahat edən bu cür məsələlərə diqqət yetirmək üçün ciddi işləməlidirlər...

- Tofiq müəllim, Paşinyan yenidən Baş nazir seçilib təyin olunandan dərhal sonra Ermənistan parlamenti cinayət məcəlləsinə "siyasətçilərin təhqir edilməsinə görə həbs cəzası” nəzərdə tutan dəyişikliyi qəbul edib. Yəni bundan sonra sosial şəbəkədə, yaxud ictimai yerlərdə təhqirə yol verənlər 140 dollar cərimə ediləcək, təhqirlər davam edəcəksə, bir aydan üç aya qədər həbs cəzası alacaq. Bəzi şərhçilər hesab edir ki, bu yaxınlarda Azərbaycanla Ermənistan arasında yeni sərhəd müqaviləsi imzalanacağı istisna olunmur və Paşinyan həmin müqaviləyə imza atdıqdan sonra ölkə daxilində ona qarşı yeni etiraz, yeni təhqir dalğasının önünü kəsmək üçün cinayət məcəlləsinə belə dəyişiklik etdirib. Siz necə düşünürsünüz bu haqda?

- Bunun bilavasitə sərhəd məsələsi ilə əlaqəsini görmürəm hələ ki... Öz hakimiyyətini gücləndirmək üçün Paşinyandan gözlənilən bir addım idi. Bu baxımdan mediadakı məlumatlardan da hiss edirik ki, onsuz da 10 Noyabr razılaşmasından bəri Paşinyana qarşı böyük bir ittihamlar, təhqirlər dalğası var. Onu açıq-açığına “dövlətə, xalqa xəyanətdə” günahlandırırlar.  Əslində, sərhədlərin müəyyənləşdirilməsi məsələsi Ermənistan üçün prinsipial bir mövzu olmalıdır.  Rəsmi İrəvan Azərbaycanın haqlı şərtlərini qəbul edəcəyi halda konstitusiyalarını da, müstəqillik haqqında bəyannamələrini də  dəyişməlidir. Ona görə ki, hər iki dövlət sənədində Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Yəni Ermənistanın bütövlükdə dövlətçilik konsepsiyası dəyişməlidir. Təsəvvür edin ki, 30 il ərzində bəslədikləri, həyata keçirməyə çalışdıqları “miatsum”, yəni Qarabağı rəsmən Ermənistana birləşdirmək  layihəsi  hərbi məğlubiyyətdən sonra artıq iflasa uğrayıb və rəsmi ideoloji-siyasi fəsadlara da gətirib çıxarıb. Yenə də deyirəm, bəlkə buna görə Rusiya bizdən xahiş edib ki, Ermənistana sərhədlərin müəyyənləşməsi məsələsində bir az vaxt verək. Məqsəd Paşinyan hakimiyyətinə ictimaiyyəti deyilənlərin icrası üçün hazırlamasından ötrü vaxt qazandırmaqdan ibarətdir. Hər halda əsas məsələ ondan ibarətdir ki, Azərbaycan sərhədlərin müəyyənləşməsi mövzusunda israrlıdır və bizim israrlı olduğumuzu vaxt verdiyimiz tərəf də qəbul edir. Gözləyək, bir az da səbir görək... Əminəm ki, bu məsələ bir az gec də olsa, müsbət həllini tapacaq...

 

Oxunma sayı 4712