2024-cü il ərzində ümumilikdə 174 min əcnəbi Rusiyadan deportasiya edilib. Bu, son doqquz ilin ən yüksək göstəricisi kimi qeydə alınıb. TASS agentliyinin Ali Məhkəməyə tabe olan məhkəmə departamentinin məlumatlarına əsaslanaraq verdiyi xəbərə görə, bu qərarların əksəriyyəti məhkəmələr tərəfindən qəbul edilib.
Hafta.az-ın yazdığına görə, təxminən 140 min insan ölkəyə giriş və ya qalma qaydalarını pozduğuna görə deportasiya edilib. Bundan əlavə, qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olan 21 min əcnəbi, inzibati cəzadan yayınmaq cəhdlərinə görə isə 5 min nəfər ölkədən deportasiya olunub. Siyahıya narkotik maddələrin istifadəsi və qaçaqmalçılığı ilə bağlı cinayətlər də daxil edilib: 1000 nəfər narkotik vasitələrdən istifadə, 131 nəfər qaçaqmalçılıq, 106 nəfər isə yalan məlumat vermə faktı ilə əlaqədar ölkədən çıxarılıb.
Digər tərəfdən, 5 fevral 2024-cü il tarixindən etibarən deportasiya qərarları təkcə məhkəmələr deyil, həm də Daxili İşlər Nazirliyinə bağlı bəzi qurumlar tərəfindən verilə bilər. İndi regional polis idarələri, immiqrasiya orqanları, narkotiklərlə mübarizə və nəqliyyat polisinin əməkdaşları da bu səlahiyyətdən istifadə edirlər.