Rusiyanın “Türk axını” boru kəməri ilə Avropaya təbii qaz ixracı 2025-ci ilin yanvar-fevral dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 26,5 faiz artaraq 3,1 milyard kubmetrə çatıb.
Hafta.az-ın TASS-a istinadən yazdığına görə, bu məlumatı Avropa Qaz Nəqliyyat Sistemi Operatorları Şəbəkəsi (ENTSOG) yayıb.
Fevralda daşınmalar yanvar ayı ilə müqayisədə 0,4 faiz azalsa da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz artaraq 1,55 milyard kubmetrə çatıb. Bu rəqəm “Türk axını”nın 2020-ci ilin yanvarında fəaliyyətə başlamasından bəri qeydə alınan ikinci ən yüksək aylıq ixrac səviyyəsidir.
Fevralın 3-9-da Rusiyadan “Türk axını” ilə Avropaya daşınma tarixi rekorda imza atıb. Türkiyə ilə Bolqarıstan sərhədində yerləşən Strandja-2 kompressor stansiyasından keçən təbii qazın həcmi 390 milyon kubmetri ötüb. Bundan əvvəlki rekord 2025-ci il yanvarın 13-19-da 376 milyon kubmetr olub.
Ötən il “Vedomosti” qəzeti “Türk axını”nın ilk dəfə olaraq Avropaya boru kəməri ixracı üçün əsas marşruta çevrildiyini yazmışdı. 2024-cü ildə boru kəməri ilə Avropaya təbii qaz nəqli 23 faiz artaraq 16,7 milyard kubmetrə çatıb.
2025-ci ilin əvvəlindən Rusiyanın Ukrayna üzərindən Avropaya təbii qaz ixracı dayandırılıb. Qazprom-un boru kəməri ixracında inhisar hüququ çərçivəsində tranzit müqaviləsinin müddəti başa çatdığı üçün Ukrayna üzərindən daşımalar dayandırılıb. Beləliklə, “Türk axını” Rusiya təbii qazını Avropaya daşıyan yeganə boru kəməri olaraq qaldı.
2023-cü ildə “Türk axını” ilə 13,6 milyard kubmetr təbii qaz, Ukraynanın qaz nəqli sistemi ilə isə 14,6 milyard kubmetr təbii qaz ixrac edilib. Bununla belə, 2024-cü ildə Ukrayna ərazisindən nəql olunan həcm 6 faiz artaraq 15,4 milyard kubmetrə çatsa da, birbaşa Avropaya daşınmalarda ən böyük payı “Türk axını” xətti tutub.