Son aylar işğalçı Rusiya və Amerika Birləşmiş Ştatlarının diplomatları Ukraynadakı müharibəni müzakirə etmək üçün İsveçrədə gizli görüşlər keçiriblər.
Hafta.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə dayanaraq məlumat yayıb.
Qeyd olunur ki, amerikalı və rusiyalı diplomatların ilk təmasları Donald Trampın ABŞ seçkilərində qalib gəlməsindən sonra olub. Xüsusilə, sonuncu görüş ötən həftə, fevralın 14-dən 16-dək davam edən Münhen Konfransı zamanı baş tutub.
"Reuters" yazır ki, diplomatların ölkələrin hökumətlərinin bu görüşlərə ilkin rəsmi göstərişi əsasında göndərilib-göndərilmədiyi hələlik məlum deyil. Ancaq məlumdur ki, bu danışıqlar aparan şəxslər diplomatik təcrübəyə malikdirlər, hətta təhlükəsizlik xidmətində çalışıblar, lakin bu adamlar dövlət məmurları deyillər.
İsveçrədəki görüşlər qeyri-rəsmi dialoq xarakteri daşıyıb. Onlar konkret təkliflər hazırlamaq yox, ünsiyyəti yaxşılaşdırmaq və ideyalar yaratmaq məqsədi güdüblər. İddialara görə, Rusiya ilə ABŞ arasında Səudiyyə Ərəbistanında aparılan rəsmi və ictimai danışıqlardan sonra görüşlər aktuallığını itirib.
Qeyd olunur ki, Donald Trampın bir neçə müşavirinin bu görüşlərdən xəbəri var. Mənbə bir çox təfərrüatları açıqlamayıb. Xüsusilə, Ukrayna tərəfinin belə danışıqlarda iştirak edib-etməməsini...
“Açıqlanmayan görüşlər ABŞ və Rusiyanın Ukraynada müharibəyə son qoymaq yollarını araşdırmaq üçün pərdəarxası səylərini vurğulayır. Cəmi bir aydır ki, vəzifədə olan Tramp ABŞ-nin Ukraynadakı üç ildir davam edən münaqişəyə yanaşmasını kökündən dəyişib, Rusiya prezidenti Vladimir Putinlə birbaşa əlaqə saxlayıb və münaqişəyə son qoymaq üçün tez bir zamanda razılığa gəlməyə çalışıb” – deyə nəşr bildirir.