Rusiya xarici işlər nazirinin daha bir dolaşıq bəyanatı barədə

11:05 13.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir Lavrov bir quyuya daş atdı...

Rusiya xarici işlər nazirinin daha bir dolaşıq bəyanatı barədə 

Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə və mübahisələr yenidən qızışıb. Bu günlərdə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Yerevanda səsləndirdiyi bir fikir yenə də aləmi bir-birinə qatıb.

Rusiya xarici işlər naziri münaqişənin həllində “Dağlıq Qarabağ xalqının...” rəyini xüsusi qabartmaqla məsələni yenidən qəlizləşdirib.   

Əslində nə vaş verir?

Artıq uzun illərdən bəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar istisnasız olaraq Azərbaycan və Ermənistan arasında aparılır. Bu danışıqlar nəyə gətirib çıxarıb, bu, başqa mövzudur. Amma fakt budur ki, danışıqlarda iki tərəf, iki dövlət var: Azərbaycan və Ermənistan...

Belə olan halda Dağlıq Qarabağ “xalqı”nı (əslində isə S.Lavrov “Dağlıq Qarabağ əhalisi” sözlərini işlədib, ermənilər onu “Dağlıq Qarabağ xalqı” kimi tərcümə ediblər) danışıqlarda tərəf kimi cəlb etməyə, hətta bu “tərəf”in həlledici səsə malik olduğunu qabartmağa nə ehtiyac var idi?

Bu suala cavab vermək asan deyil. Adətən böyük diplomatlar böyük oyunların əsil mahiyyətini böyük məharətlə gizlədə bilirlər. Bizə isə sadəcə öz düşündüyümüz, öz anladığımız nəticələrlə kifayətlənmək qalır...

Bu dəfə də münaqişəyə ikili standartlar prizmasından baxmaq, bu prizmadan qiymət vermək və ya bu prizmadan yönləndirmək cəhdi göz qabağındadır. Onillərdir ki, Azərbayacn və Ermənistan tərəfinin xarici işlər nazirləri müxtəlif platformalarda müxtəlif görüş və danışıqlar aparır. Və dünya bu danışıqları qəbul edir, hətta bir çox dünya liderləri bu danışıqlara yardımçı olur, iki ölkənin rəhbərlərinin görüşlərini təşkil edir.

Deməli, danışıqların formatı və münaqişənin həlli ilə bağlı rəyi öyrəniləcək xalqlar bəllidir. Belə olan halda uzun fasilədən sonra “Dağlıq Qarabağ xalqını (vəya əhalisini)” yenidən danışıqlara qoşmaq cəhdi sadəcə diplomatik manevr yox, münaqişənin həllinə sətiraltı zərbə vurmaqdan başqa bir şey deyil.

Bəlkə bu bəyanat Ermənistanın çılğın baş naziri Nikol Paşinyanın danışıqlarda müsbət dinamika olduğunu bu günlərdə etiraf  etməsinə etirazın bir formasıdır?

Axı biz münaqişənin həlli ilə bağlı müəyyən razılaşmalar əldə olunması ərəfəsində Ermənistan parlamentində güllə səslərinin eşidildiyini, qanlı qətllərin törədildiyini unutmamışıq. Ona görə də bu versiyanı da istisna etmək olmur...

   Amma bu, bizim yada saldığımız və şübhələndiyimiz ehtimallardan biridir. Dünyada isə hər gün müxtəlif və qeyri-adi siyasi proseslər baş verir. Və sadə insanlar adətən bu proseslərdən xəbərsiz qalır.

Ona görə də S.Lavrovun daha hansı məsələləri və ya siyasi prosesləri nəzərdə tutub belə bir bəyanat verdiyini proqnozlaşdırmaq çətindir.

Əlbəttə, belə proqnozlar vermək peşəkar politoloqların, konfliktoloqların işidir.

Biz sadəcə hesab edirik ki, Minsk qrupunun həmsədri olan dövlətin xarici işlər nazirinin belə bəyanatla çıxış etməsi nəinki Dağlıq Qarabağ probleminin həlli prosesini yaxınlaşdırmır, əksinə sülh danışıqları prosesinə növbəti zərbə vurur...