Rusiyada aparılan son araşdırmalar insanların uşaq sahibi olma meyli ilə faktiki doğum nisbətləri arasında böyük uyğunsuzluq olduğunu ortaya çıxarıb. Rusların əksəriyyəti ideal olaraq üç və ya daha çox uşaq sahibi olmaq istədiklərini söyləsələr də, VTsIOM-un sorğularına əsasən, doğum nisbətləri getdikcə aşağı düşür. Ölkədə ümumi doğum əmsalı 1,33-ə düşüb ki, bud a əhalinin özünü yeniləməsi üçün tələb olunan 2,1 səviyyəsindən xeyli aşağıdır.
Hafta.az-ın “Nezavisimaya”ya istinadən yazdığına görə, ekspertlər doğumun artması üçün dövlətin daha çox stimul verməli olduğunu vurğulayırlar.
Son 10 ildə Rusiyada üç və ya daha çox uşağı olan ailələrin nisbəti əhəmiyyətli dərəcədə artıb. 2013-cü ildə 1,1 milyon olan çoxuşaqlı ailələrin sayı 2023-cü ildə 2,4 milyona çatıb. Bununla belə, ümumi doğum nisbətlərində azalma davam edir. 2015-2016-cı illərdə 1,8 olan doğum əmsalı sonrakı illərdə davamlı olaraq azalaraq indiki səviyyəsinə enib. Bildirilir ki, sosial və iqtisadi şəraitlə yanaşı, müasir həyat tərzi də ailələrin uşaq sahibi olmaq qərarlarına təsir edir.
Araşdırmalar gənc nəsil arasında çoxuşaqlı ailə modelinə marağın artdığını göstərsə də, iqtisadi çətinliklər böyük maneə yaradır. Rusiyada əksər ailələr gəlir səviyyəsinə görə yalnız bir və ya iki uşaq sahibi olmağı seçirlər. Rusiya Dövlət Statistika Agentliyi “Rosstat”ın məlumatına görə, ölkə daxilində uşaq sahibi olmağı təxirə salanların ən böyük səbəbi maliyyə qeyri-müəyyənliyidir. Ailələrin iqtisadi vəziyyəti yaxşılaşdıqca uşaq sahibi olma meylinin də artdığı müşahidə edilir.
Demoqraflar qeyd edirlər ki, mövcud dövlət dəstək proqramları xüsusilə üçüncü və sonrakı uşaqların doğulmasını təşviq etməlidir. Saxalin bölgəsində olduğu kimi, çoxuşaqlı ailələr üçün hərtərəfli dəstək siyasəti həyata keçirildikdə, doğum nisbətləri ümumiyyətlə artır. Ekspertlər Rusiyada doğum səviyyəsini artırmaq üçün təkcə maliyyə yardımının kifayət etməyəcəyini, sosial və iqtisadi sabitliyin təmin edilməsinin də vacib olduğunu bildirirlər.
Digər tərəfdən, “Financial Times” dünyanın ən aşağı doğum nisbətinə malik ölkəsi olan Cənubi Koreyada bu nisbətin 9 ildən sonra ilk dəfə artdığını bildirib.