Rusiyada işçi tapılmır, qadınları işə götürürlər

09:30 11.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada qadınlar istehsal sektorlarında işçi qüvvəsi böhranını aradan qaldırmaq üçün "yeni qızıl" olaraq görülür. Ekopsi Consulting şirkətinin analitikləri bildirirlər ki, qadınların istehsal sahələrində daha çox iştirakı mövcud işçi qüvvəsi fərqinin aradan qaldırılmasında mühüm rol oynaya bilər. Bununla belə, bunun baş verməsi üçün işə qəbul proseslərində gender stereotiplərindən imtina edilməli, analar, tələbələr və təqaüdçü işçilər üçün çevik iş saatları, qısaldılmış növbələr kimi daha səmimi iş şəraiti yaradılmalı olduğu vurğulanır.

Hafta.az-ın yazdığına görə, hazırda ən yüksək maaş alan vəzifələr arasında ənənəvi olaraq elektrik-qaz qaynaqçısı, elektrik və kran operatoru kimi “kişi” peşələri seçilir. Bundan əlavə, yükdaşıyanlar 2024-cü ildə ən sürətli maaş artımını yaşayacaq peşə qrupları sırasındadır.

RBC-nin verdiyi xəbərə görə, bu vəziyyət ümumi iqtisadiyyatda kişi və qadınlar arasında maaş fərqinin artmasına səbəb olur. Rosstat-ın 2023-cü il məlumatlarına görə, kişilərin aldığı orta əməkhaqqı qadınlarınkından 43,6 faiz yüksəkdir, halbuki 2021-ci ildə bu fərq 38 faiz təşkil edib.

Rusiya hökumətinin hesablamalarına görə, 2030-cu ilə qədər ölkədə 3,1 milyon işçi çatışmazlığı yaranacaq və bu ehtiyacın böyük hissəsi ixtisaslı işçi vəzifələrində cəmləşəcək. Bu kontekstdə qadınların işgücündə daha çox iştirakı mühüm həll yolu kimi qiymətləndirilir. Məsələn, Rusiyanın metallurgiya şirkəti qadınların istehsal proseslərinə cəlb edilməsi layihəsini uğurla başa çatdırıb.

Lakin hesabata görə, qadınların bu cür işlərə geniş şəkildə cəlb edilməsi qanuni məhdudiyyətlər səbəbindən tamamilə mümkün olmaya bilər. Rusiyada qadınların işləməsi qadağan olunan peşələrin geniş siyahısı var.