Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin 2023-cü il məlumatlarına görə, dünyada 8,2 milyon insan vərəmə yoluxub. Bu, indiyədək qeydə alınan ən yüksək haldır. Təşkilat Rusiyanı Avropa regionunda ən çox yoluxma halı olan ölkə kimi göstərib: 55 min nəfər.
Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, Rusiya Səhiyyə Nazirliyinin baş fitoloqu İrina Vasilyeva xəstəliyin artmasına dair məlumatları gizlətməyə çalışıb. Onun sözlərinə görə, 2024-cü ilə qədər Rusiyada vərəmə yoluxma halları guya 100 min nəfərə 26,9-a düşüb.
ÜST-nin diqqət çəkdiyi digər problem dərmana davamlı vərəm hallarının artmasıdır. 2022-ci ildə Rusiya bu sahədə dünyada ikinci yerə yüksəldi. Mütəxəssislərin fikrincə, standart dərmanlara cavab verməyən bu hallar həm daha bahalı, həm də daha zəhərli müalicələr tələb edir. Bu vəziyyət xüsusilə müalicəyə tam əməl etməyən və ya müalicəni yarımçıq qoyan sosial cəhətdən zəif qruplarda müşahidə olunur.
İndi vərəm təkcə yoxsul təbəqənin deyil, həm də geniş əhalinin üzləşdiyi təhlükəyə çevrilib. Ən təəccüblü artım uşaqlarda müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 2023-cü ildə Avropa regionunda vərəm diaqnozu qoyulan uşaqların nisbəti 4,3 faizə yüksəlib - bu, əvvəlki illə müqayisədə 10 faiz çoxdur. Mütəxəssislər hesab edirlər ki, epidemiyadan sonrakı dövrdə səhiyyə xidmətlərinə çıxışın gecikməsi və immun sisteminə təsir edən sosial vəziyyətlər bu artıma səbəb olur.