Son illər rus investorları üçün cəlbedici bölgəyə çevrilən Şimali Kipr, alınan yeni qərarlarla böyük bir transformasiya keçir. “Forbes”in Rusiya nəşrinə görə, bir vaxtlar əlverişli qiymətə daşınmaz əmlak və liberal investisiya mühiti təklif edən bölgə, xüsusilə 2024-cü ilin may ayında qüvvəyə minən yeni mülkiyyət qanunları səbəbindən rus investorlarının marağını tez itirib. Şimali Kiprdə yaşayan iş adamları bu qərarlarla bölgənin indi yalnız Türkiyə vətəndaşları üçün investisiya sahəsinə çevrildiyini bildirirlər.
Hafta.az-ın yazdığına görə, xüsusilə mülkiyyət hüquqlarını məhdudlaşdıran və xarici investorlara ağır vergilər tətbiq edən yeni qaydalar səbəbindən bölgədəki rus iş adamları böyük itkilərə məruz qaldılar. May ayında qüvvəyə minən qanun əcnəbilərə maksimum bir mülkə sahib olmağa icazə verir, əlavə mülkləri olanlara isə müəyyən edilmiş müddət ərzində əmlaklarına sərəncam vermək öhdəliyi qoyur. Daşınmaz əmlakı qeydiyyata almayanları yüksək məbləğdə cərimələyəcəkləri də bildirilib. Bu vəziyyət bir çox rus investorlarının bölgədən geri çəkilməsinə səbəb olub.
Rusiyalı sahibkarların Şimali Kiprdəki fəaliyyəti də əsasən dayanıb. Vaxtilə Rusiya və digər keçmiş sovet ölkələrindən olan investorlar üçün cəlbedici olan regionda əmlak qiymətləri qaydalardan sonra sürətlə aşağı düşüb. Bununla belə, yerli daşınmaz əmlak agentləri türk investorları üçün təşviqlərin davam etdiyini və mülkiyyət hüququ baxımından yalnız Türkiyə vətəndaşlarının üstünlüyə malik olduğunu vurğulayırlar. Bu vəziyyət rusiyalı investorlar arasında böyük inam itkisinə səbəb olub.
Mütəxəssislər Rusiya investorlarının Şimali Kiprdən geri çəkilməsi ilə daşınmaz əmlak bazarında uzunmüddətli durğunluğun ola biləcəyini proqnozlaşdırırlar. Yeni qanuni tənzimləmələr səbəbindən mülklərini satmaqda çətinlik çəkən bir çox xarici investor böyük itkilərlə üzləşir. Digər tərəfdən, Şimali Kiprdə iqtisadi sistemin getdikcə daha çox Türkiyədən asılı vəziyyətə düşməsi və hüquqi dəyişikliklərin əsasən Türkiyə vətəndaşlarının müdafiəsinə yönəldilməsi bölgədəki investisiya dinamikasını kökündən dəyişib.