AŞ PA sədrindən Ermənistana xəbərdarlıq

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Qarabağ münaqişəsi üzrə Alt komitəsinin fəaliyyəti insan hüquqları pozuntularının aradan qaldırılmasına yönəldilib. Bu barədə AŞ PA prezidenti Mövlud Çavuşoğlu bəyan edib. “AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt komitəsinin bərpa olunmasında məqsəd insan hüquqları pozuntularının aradan qaldırılmasıdır“, - deyə o Bakıda jurnalistlərə bildirib. AŞ PA prezidenti Ermənistan nümayəndə heyətinin Alt komitənin işinə qatılmamasından təəssüfləndiyini bildirib. “Əlbəttə, bu, erməni həmkarlarımızın işidir“, - deyə o qeyd edib: “Çox təəssüf ki, Ermənistan tərəfi bu komitəyə qatılmır. Ən azından AŞ PA-nın verdiyi qərara Ermənistan hörmət etməlidir. Çox təəssüf ki, ermənilər bunu etmir“.
M.Çavuşoğlu xatırladıb ki, ötən həftə Strasburqda keçirilən AŞ PA-nın iclası çərçivəsində Alt komitə təkrar toplanıb. Həmin toplantı ilə bağlı hesabatın hazırlanacağını deyən AŞ PA prezidenti hesabatın ona təqdim olunacağını vurğulayıb. M.Çavuşoğlu deyib: “Biz ən azından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı insan haqları problemlərini minimuma endirmək istəyirik. Bu istiqamətdə dialoqun aparılması vacibdir. Əgər sülh istənilirsə, dialoq aparılmalıdır. AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsinə dair Alt komitəsi olaraq indi biz daha əvvəl ortaya atılmış qətnamə layihəsini müzakirə edirik. Səsvermə yolu ilə Dağlıq Qarabağla bağlı Alt komitənin yaradılmasına qərar vermişik. Bunun da əsas məqsədi mövcud olan problemlərin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaqdır. Azərbaycanın işğal edilmiş torpaqları, insan hüquqları ilə bağlı ciddi problemlər var. Hazırda Azərbaycanda bu torpaqlardan didərgin düşmüş 1 milyondan artıq qaçqın və məcburi köçkünlər mövcuddur ki, bunun da səbəbkarı Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir. Baxmayaraq ki, Azərbaycan Prezidenti onların problemlərinin həlli ilə məşğul olur, amma 1 milyondan artıq insanın normal yaşayış səviyyəsini saxlamaq asan deyil. Çünki həmin insanlar öz doğma torpaqlarına qayıtmaq istəyir və qayıtmalıdırlar“. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti həmçinin son vaxtlar cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini intensiv olaraq pozması məsələsinə münasibət bildirib: “Avropa Şurası Ermənistan tərəfinin bu cür addımlarını qəbul etmir. Fərqi yoxdur istər terror, istərsə də müharibə zamanı insanların ölməsinə AŞ PA razı ola bilməz. Biz münaqişənin sülh yolu ilə həllini istəyirik və bu istiqamətdə Ermənistanın konstruktiv addımlar atması lazımdır. Avropa Şurası olaraq bizim mövqeyimiz belədir“.
Azad