Rüstəm Şahsuvarov təbliğat aparır

15:15 13.11.2007
Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rüstəm Şahsuvarov və onun birinci müavini Seyidağa Muradov ötən həftə Moskvada dünya solçularının bir sıra rəsmi və təntənəli tədbirlərinə qatılıblar.

Bu barədə qəzetimizə AKP sədri məlumat verib: “Həmin tədbirlər Böyük Oktyabr Sosialist İnqilabının 90 illik yubileyi, eləcə də Kommunist Partiyasının Rusiya Dövlət Dumasına keçiriləcək parlament seçkiləri ilə əlaqədar idi. Beynəlxalq tədbirlərdə Ukrayna, Belarus, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Latviya, Litva, Estoniya, Ermənistan, Gürcüstan, Abxaziya, Dnestryanı Respublika, Cənubi Osetiya, ABŞ, Portuqaliya, Polşa, Türkiyə, İsrail, İran, İraq, Bəhreyn, həmçinin yubileyin təşkilatçısı olan Rusiya Kommunist və Fəhlə Partiyalarının rəhbərləri ilə görüşlər keçirdik“. Beynəlxalq tədbirə dünyanın 84 kommunist və fəhlə partiyalarının qatıldığını deyən AKP sədri qeyd etdi ki, solçular Moskvanın mərkəzində təntənəli bayram mərasimləri və yürüşləri keçiriblər. Bununla yanaşı, Rusiyada ən böyük mədəniyyət mərkəzi olan İttifaqlar Evində təntənəli mərasimlər düzənlənib: “Mən və Seyidağa Muradov Rusiya Kommunist Partiyasının bizim üçün xüsusi olaraq hazırladığı medallarla təltifləndik. Eyni zamanda tədbirdə Beynəlxalq Kommunist Partiyaları İttifaqı - SKP - KPS plenumu keçirildi. Biz orada Azərbaycan kommunistləri adından çıxış edərək bir sıra siyasi məsələlərə toxunduq. Dövlət Dumasına keçiriləcək parlament seçkilərində AKP-nin Rusiya Kommunist Partiyasından namizədliyi irəli sürüləcək iddialılara yardım göstərəcəyik. RKP sədri Gennadi Züqanov bizə müraciət edərək ölkəmizdə yaşayan Rusiya vətəndaşları arasında seçki təbliğatının aparılmasını istədi. O, rusiyalı vətəndaşların seçkilərdə bu ölkənin kommunistlərinin namizədlərinə səs vermələrinin təmin olunmasını rica etdi. Artıq ölkəmizdə yaşayan Rusiya vətəndaşları ilə təmaslar qurmağa başlamışıq, onlara təbliğat materialları paylayırıq“. Rusiyanın Azərbaycandakı səfirliyində Dövlət Dumasına keçiriləcək seçkilərin ölkəmizdə məskunlaşan ruslar üçün səsvermə imkanlarının yaradılacağını xəbər verən AKP sədri azərbaycanlı kommunistlərin rusiyalı həmkarlarına hərtərəfli dəstək verəcəklərini bildirdi: “Biz Rusiyada yaşayan azərbaycanlılara müraciət edərək seçkilərdə bu ölkənin kommunistlərinə səs vermələrini xahiş etdik. Rusiyanın və başqa ölkələrin kommunist partiyaları Azərbaycanda məhz bizi AKP kimi tanıdıqlarını bəyanladılar. Beynəlxalq Kommunist Partiyaları İttifaqı bizi Azərbaycan Kommunist Partiyası kimi qəbul etdiyini rəsmiləşdirdi“. AKP sədri ötən həftə Avropa Şurası Venesiya Komissiyyasının və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) Bakıda hakimiyyətlə müxalifət partiyaları arasında Seçki Məcəlləsinə mümkün dəyişikliklərlə bağlı keçirdiyi danışıqlara AKP-nin dəvət edilmədiyini vurğuladı. Bildirdi ki, əgər çağırılsaydılar, məsləhətləşmələrdən imtina etməyəcəkdilər. R.Şahsuvarov AKP-nin qarşıdan gələn prezident seçkilərinə də münasibətini açıqladı: “Biz 2008-ci ilin siyasi marafonunda öz namizədimizlə iştirak edib-etməyəcəyimizi aydınlaşdırmamışıq. Biz sosial məsələlərlə bağlı proqramı aydın olan namizədi, o cümlədən hakimiyyətin namizədi olacaq İlham Əliyevi dəstəkləyə bilərik. Çünki onun çıxışlarında mütərəqqi məsələlərlə qarşılaşırıq“.

Anar Rasimoğlu
Oxunma sayı