Rüşvətxor rus yol polisinin Dubayda 5 mənzili var

09:48 17.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvada keçmiş yol polisi Sergey Kuznetsovun Dubayda milyonlarla rubl dəyərində daşınmaz əmlakı var. Hazırda rüşvət aldığına görə 5,5 il həbs cəzası çəkən keçmiş polis məmurunun təkcə Birləşmiş Ərəb Əmirliklərində 5 mənzili olduğu bildirilir.

Hafta.az-ın yazdığına görə, Rusiyanın baş prokuroru İqor Krasnov Əbu-Dabidə həmkarı ilə görüşündə bu mülklərin Rusiyaya verilməsi üçün müraciət prosesini gündəmə gətirib. Mənzillərin ümumi dəyəri təxminən 67 milyon rubla çatır.

Rusiya mətbuatında çıxan xəbərlərə görə, Kuznetsovun sərmayələri arasında Dubayın ikonik göydələnlərindən biri olan Princess Tower-də bir mənzil, Frankfurt Tower və Jabal Ali First-də iki mənzil, Toskana və Kral iqamətgahlarında bir studiya var. Amma Dubay keçmiş polisin yeganə xaricə sərmayəsi deyil. Keçmiş yol polisi əməkdaşının Bolqarıstanda daha iki evi var. Onun Rusiyada da 22 mülkü və ailə üzvlərinin adında da olmaqla, çox sayda avtomobili var. Bank hesablarında təxminən 60 min dollar, 24 min avro və 48 milyon rubl dəyərində nağd pul da aşkar edilib. Onun bütün aktivlərinin ümumi dəyəri 130 milyon rubl təşkil edir.

Rəsmi məlumatlara görə, Kuznetsov və ailəsinin 2009-2021-ci illərdə ümumi gəliri cəmi 16,4 milyon rubl olub. Aktivlərin hüquqi mənbəyini izah edə bilməyən keçmiş polis məmurunun bütün əmlakı Moskva Lefortovo Məhkəməsi tərəfindən dövlətin xeyrinə müsadirə edilib. Ona qarşı rüşvət ittihamı bir sürücüdən 900 min rubl istəməsi ilə bağlı şikayət edildikdən sonra üzə çıxıb və onun beynəlxalq daşınmaz əmlakları da istintaq zamanı üzə çıxıb.