Sabah paytaxtda 24 dərəcə isti olacaq

13:25 21.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda aprelin 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 10-13°, gündüz 20-24° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət isə gecə 65-70, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12°, gündüz 22-27° isti, dağlarda gecə 0-5°, gündüz 12-17° isti olacağı bildirilir.