Sahibkarlıq fəaliyyəti ilə bağlı yeni qanun – NƏ DƏYİŞƏCƏK?

10:49 08.12.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməklə özəl sektorun qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməsini hədəfləyən siyasət həyata keçirir. Belə ki, ölkəmizdə sahibkarlığın inkişafı dövlət başçısının iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev hər zaman çıxışlarında sahibkarların yanında olduğunu dəfələrlə bəyan edib. Dövlət başçımızın belə qətiyyətli mövqeyinə uyğun olaraq ölkəmizdə özəl sektor həm siyasi, həm də maddi cəhətdən güclü şəkildə dəstəklənir. Son illərdə dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında reallaşdırılan islahatların böyük qismi sosial-iqtisadi məzmunludur.

Həyata keçirilən islahatlar sayəsində ölkəmizdə şəffaflıq artıb, ixracın və investisiyaların səmərəli təşviq mexanizmləri işə salınıb, vergitutma bazasının genişləndirilməsi yolu ilə vergi yükü azaldılıb, daxili istehsalın dəstəklənməsinə hədəflənən çoxsaylı tədbirlər görülüb ki, bütün bunlar da sahibkarların marağında olan məsələlərdir. Eyni zamanda, ötən müddət ərzində sahibkarlığın dəstəklənməsi istiqamətində həm dövlət, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən lazımi addımlar atılıb. Sahibkarlara güzəştli kreditlər verilib, subsidiyalar ayrılıb, yeni iş yerlərinin açılmasına şərait yaradılıb. Aparılan islahatlar çərçivəsində ölkəmizdə kiçik və orta biznesin inkişafı təşviq edilir, sahibkarlıq subyektlərinin maliyə mənbələrinə çıxış imkanları daha da genişləndirilir.

Kiçik və orta sahibkarlığın inkişafında yeni mərhələ

Qeyd edək ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında yeni mərhələ başlayır. Belə ki, bu yaxınlarda Milli Məclis “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Qanun 5 fəsil, 15 maddədən ibarətdir. Qanunun hazırlanmasında beynəlxalq təcrübədən geniş istifadə olunub. Burada məqsəd əlverişli ekosistemin yaradılması, investisiya və innovasiyaların stimullaşdırılması, bazarlara çıxışa dəstək, ÜDM-də məşğulluğun qeyri-neft sektorunda KOB-ların payının daha da artırılmasından ibarətdir. Qanunun əsas istiqamətləri KOB-lara yerində xidmət, optimal vergi siyasəti, prosedurların daha da sadələşdirilməsi, bilik və bacarıqların artırılması, maliyyə resurslarından çıxışın asanlaşdırılmasıdır.

Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.

Bununla bağlı parlamentdə keçirilən müzakirələrdə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycanda KOB-ların mövcud potensialını nəzərə alaraq, onların imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir. O, təqdim edilən qanun layihəsinin vacib olduğunu, sahibkarların öz fəaliyytlərində ondan lazımınca yararlanacağını söyləyib, bildirib ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkə iqtisadiyyatında KOB-ların payının artırılması istiqamətində layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu çərçivədə mövcud dəstək mexanizmlərindən istifadə edən KOB-ların əhatə dairəsinin genişləndirilməsi, yeni daha səmərəli ünvanlı dəstək mexanizmlərinin tətbiqi ilə ölkədə mövcud biznes mühitinin inkişafı daha da sürətləndiriləcək. O.Məmmədov təqdim olunan qanun layihəsinin hazırlanması prosesi barədə danışaraq, bu sahədə beynəlxalq təcrübənin öyrənildiyini, layihə ilə bağlı ictimai müzakirələrin keçirildiyini, ekspert rəylərinin nəzərə alındığını diqqətə çatdırıb. O, bildirib ki, müasir tələblərə cavab verən hüquqi tənzimləməni özündə ehtiva edən sənəd ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.

KOBİA İdarə Heyəti sədrinin I müavini Natiq Həsənov isə  “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsinin detallarına toxunaraq bildirib ki, sənəddə istifadə olunan əsas anlayışlar, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik, dövlət siyasətinin məqsədləri, prinsipləri, əsas istiqamətləri, sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri, dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, habelə dövlət maliyyə dəstəyi, məsləhət və informasiya dəstəyi, subyektlərin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi və digər məsələlərlə bağlı maddələr təsbit olunub. Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.

“Hazırda iqtisadiyyatımızı uğurla dayanıqlı formada inkişaf etdiririk”

Mövzu ilə bağlı qəzetimizə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib ki, Azərbaycanda liberal iqtisadiyyat sahəsində kifayət qədər inkişaf müşahidə edilir: “Dövlət azad sahibkarlığı və liberal iqtisadiyyatı inkişaf etdirmək üçün mühüm addımlar atır. Formalaşdırılan yeni strukturlar, təkmilləşdirilən qanunlar sayəsində proseslər daha uğurla davam etdirilir. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi də bu sahənin inkişafına daha da çox tövhələr verəcək. Ümumiyyətlə, bu gün həyata keçirilən iqtisadi siyasət ondan ibarətdir ki, biz Azərbaycanın iqtisadi arxitekturasını artıq dəyişmək istəyirik. Əsas məqsəd ondan ibarətdir ki, birincisi, mikro, kiçik və orta sahibkarlığın daha sürətlə inkişafının təmin olunması hədəflənib. Bunun üçün bilirsiniz ki, artıq vergi qanunvericiliyində də böyük dəyişikliklər edilib. Və münbit vergi sistemi yaradılmaqdadır. İkincisi, Ələtdə Azad İqtisadi Zona yaradılır. Bu olduqca böyük bir addımdır və həmin ərazidə tam dünya standartlarına uyğun olan iqtisadi zona yaradılacaq. Üçüncüsü, işğaldan azad olunmuş torpaqlarımızda müfəssəl iqtisadi zona yaradılır. Bu zonanın da gələcəkdə Azərbaycanın iqtisadi inkişafında böyük rolu olacaq. Dördüncüsü, innovativ biznes, iqtisadiyyatda innovativ texnologiyaların tətbiqi, xarici investorların ölkəmizə dəvəti, onlar üçün xüsusi şəraitin yaradılması da başlıca hədəflərdəndir və bu istiqamətdə kifayət qədər uğurlu addımlar atılıb. Bir məqamı vurğulayım ki, son bir ildə və hazırda qəbul olunan qanunlar dövlət-özəl tərəfdaşlığının daha da möhkəmləndirilməsinə təkan verib. Bu mənada düşünürəm ki, Azərbaycanda atılan addımların hamısı liberal iqtisadiyyatın inkişafını təmin edir.

Mən özüm iqtisadçı alim kimi Con Meynard Keyns nəzəriyyəsinin tərəfdarıyam. O nəzəriyyəyə böyük ümid bəsləyirəm. Və o nəzəriyyənin bəzi elementlərinin Azərbaycanda tətbiqinin tərəfdarıyam. Yəni, bir var dövlət müdaxilə edir, bir də var iqtisadiyyatı tənzimləyir. Mən tənzimləmə siyasətinin tərəfdarıyam. Bu formada siyasət yürüdüləndə milli maraqlar üstün olur, eyni zamanda sahibkarlığın inkişafında yeni mərhələlər, yeni mexanizmlər yaranır. Təbii ki, iqtisadiyyatın inkişafı tək iqtisadi sahənin inkişafı üçün deyil, bu sektorun inkişafı millətin, xalqın, cəmiyyətin, insanların rifahının yüksəlməsinə yönəlməlidir. Bu gün iqtisadi sahədə atılan addımların hamısı məhz bu məqsədlər üçündür. Mən bütün bu addımları istər alim, istər millət vəkili, istər sıravi vətəndaş kimi dəstəkləyirəm. Hazırda biz iqtisadiyyatımızı uğurla dayanıqlı formada inkişaf etdiririk. Biz bu gün xaricdən gələn istənilən problemin qarşısını almağa hazır olan bir dövlətik. Bizim üçün vacib olan da budur və biz də bu siyasəti də dəstəkləyirik”.

Oxunma sayı 10941