Şair Qələndər Xaçınçaylıya “Vintsas” mükafatı təqdim edildi - FOTO  

18:43 22.11.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış jurnalist, şair-publisist Qələndər Xaçınçaylının “Dəyişmirik” kitabının təqdimatı keçirildi. Tədbiri filologiya üzrə elmlər doktoru, folklorşünas İslam Sadıq açraq bu gün tanınmış və istedadlı şair Qələndər Xaçınçaylının ”Dəyişmirik” adlı yeni kirabının işığına yığışdığını dedi: “Sözügedən kitaba son dövürlərdə qələmə aldığı şeirləri və “Dəyişmirik” poeması daxil edilib.

Müəllif müasirlərinin və eləcə də bütövlükdə yeni dünya adamının düşüncə aləminə nüfuz etməyə çalışır. Bu aləmdə duyduqlarını poetik sözə çevirir. Q. Xaçınçaylının poeziya dili rəvan və aydındır. Fikirləri başadüşülən, qavranılandır, O, şeirlərində publisistikada olduğu kimi, öz oxucuları ilə birbaşa danışa bilir. Qələndərin özü kimi şeirləri də saf və bütövdür. Onun yaradıcılığının əsas qayəsini  Qarabağ dərdi, yurd həsrəti. bu gün işğal altında qalmış doğulduğu Ağdam yanğısı  təşkil edir. Bir sözlə, Qələndər vətənpərvər şairdir”.

Ədəbiyyatşünas, tənqidçi alim Qurban Bayramov söylədi ki, Qələndər Xaçınçaylı Kolanı elində doğulub, böyük bir nəslin övladıdır: “Babası Behbud kişi müsavatçı olub. Ona “Kolanı Behbud” deyə müraciət edərdilər, çox qorxmaz kişi olub. Rus imperiyasına, bolşeviklərə qarşı vuruşub. Azərbaycan Cümhuriyyətinin yaradılmasında bir cəsur döyüşçü kimi, o kişinin də böyük xidmətləri olardı. Erməni daşnakları onun adından qorxardılar. Qələndər də babası kimi mərddir, istedadlı şairdir. Keçən əsrin 80-ci illərindən ədəbiyyata gəlib. Qələndər Xaçınçaylı öz yazılarında aktual mövzulara, düşündürücü problemlərə toxunur, milli-mənəvi dəyərlərin carçısı kimi çıxış edir. Şeirlərində də belədir. O həmişə çalışır ki, mühüm əxlaqi-mənəvi məsələlərə toxunsun... Qələndər Xaçınçaylı bütün varlığı, ruhu ilə şairdir. Onun qələmi milliliyimizin, dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir. Mən Qələndərin Azərbaycan Respublikası  Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr elədiyi “Güllə işığında” povestinə ön söz yazmışam. Hadisələr 20 Yanvar qırğını günlərində və erməni işğaıçıları ilə Qarabağda gedən bölgələrində cərəyan edir. Çox gözəl bir əsərdir. Qələndərin yaradıcılığının böyüklüyü ondan ibarətdir ki, müasirliyi ilə seçilir, köhnəlikdən çox uzaqdır, yaradıcılığına yenilik gətirib. Real hadisələrdən yazır. Həyatda olan insanlardan yazır, adlarını da olduğu kimi göstərir. Bu da hər bir oxucuda xoş təəssürat yaradır.

Bir sözlə, səmimiyyət, saflıq, vətənpərvərlik duyğuları onun şeirlərinin əsas leytmotividir. Bununla yanaşı, Vətən həsrəti, Qarabağ dərdi şairin  yaradıcılığının ana xəttini, mənəvi qatını rəşkil edir”.

Onu da qeyd edək ki, təqdimatda  professor Qurban Bayramov çox şirin və munis söhbəti, qəlbəyatımlı nitqi ilə Natəvan klubunda Qarabağ əhval-ruhiyyəsi yaratdı. Qurban müəllim Qələndər Xaçınçaylının yaradıcılığını təhlil etməklə yanaşı, tariximizə, mənəvi dəyərlərimizə də toxunaraq, yaxın-uzaq keçmişə qayıtdı, əzəmətli və möhtəşəm məkanı – Ağdamı gözlərimizin önündə canlandırdı. Şuşadan söhbət saldı, Xan əmini xatırladı, sanki bir daha hansı yurdu erməni tapdağında qoyduğumuzu bizlərə bəyan etdi…

Söz adamlarından Ramiz Məmmədzadə, Allahverdi Eminov, Musa Ələkbərli, Hikmət Xudiyev, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin,Təranə Məmməd, Maşallah Məftun, Zaur Ustac, Sərvaz Hüseynoğlu  və başqaları Qələndər Xaçınçaylının yaradıcılığından söz açdılar, şeirlərinin özəl xüsusiyyətlərini qeyd etdilər.

Sonda şair – publisist Zaur Ustac yazarlar adından Qələndər Xaçınçaylıya “Vintsas” mükafatını təqdim etdi.

Olduqca maraqlı və digər analoji tədbirlərdən xüsusi ab-havası ilə fərqlənən məclis (bütün çıxış və söhbətlər, demək olar ki, Qarabağ, Vətən mövzusu üzərində qurulmuşdu) Qələndər Xaçınçaylının şeirlərindən nümunələr səsləndirilməsi ilə başa çatdı. Kitablar imzalandı, xatirə şəkilləri çəkdirildi.