ABŞ Daxili Təhlükəsizlik Departamenti Haitinin avqustun 3-də müddəti başa çatan müvəqqəti qorunan statusunun ləğv ediləcəyini və ləğvin sentyabrın 2-də qüvvəyə minəcəyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, departamentin sözçüsü bildirib ki, "Haitidə ətraf mühit şəraiti Haiti vətəndaşlarının evlərinə qayıtmasını təhlükəsiz etmək üçün kifayət qədər yaxşılaşıb".
Bildirilib ki, ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem təşkilatlararası məsləhətləşmələrdən sonra Haitidəki şəraitin müvəqqəti qorunan status üçün qanuni tələblərə artıq cavab vermədiyi qənaətinə gəlib.
"The Guardian" qəzeti başqa bir açıqlamaya diqqət çəkib. ABŞ-ın Haitidəki səfirliyi Amerika vətəndaşlarına müraciət edərək “Haitini mümkün qədər tez tərk edin” demişdi. Bu açıqlamadan 72 saat keçməmiş ABŞ Daxili Təhlükəsizlik Departamenti Vaşinqton tərəfindən ziddiyyət kimi şərh edilən Haitinin müvəqqəti qoruma statusuna son verəcəyini açıqladı.
Amerika səlahiyyətlilərinə görə, yarım milyondan çox Haitili ABŞ-dan deportasiya olunmaq təhlükəsi ilə üzləşib.
Florida Mühacir Koalisiyasının direktoru və özü Haitili immiqrant Tessa Petit aşağıdakı açıqlamaları verib: “Mən hələ də şokdayam, bu hərəkət qarnımı bulandırdı. Sadəcə, Haitidə vəziyyətin ölkə vətəndaşlarının evlərinə qayıtması üçün kifayət qədər yaxşılaşması yalandır”.
1990-cı ildə El Salvadorda 12 il davam edən vətəndaş müharibəsindən qaçan şəxslər üçün başladılan müvəqqəti müdafiə proqramı o vaxtdan Əfqanıstan, Somali, Ukrayna və Venesuela vətəndaşlarından faydalanıb.
2010-cu ildə paytaxt Port-au-Prensi sarsıdan və 100-316 min insanın ölümünə səbəb olan zəlzələdən sonra haitililər də proqrama daxil edilib.
2021-ci ilin iyulunda prezident Covenel Moisenin öldürülməsi və həmin ilin avqustunda 2200-dən çox insanın ölümünə səbəb olan 7,2 bal gücündə zəlzələ 11 milyondan çox əhalisi olan Haitidə sosial narazılığı artırıb.
Dəstələrin nəzarətində olan Haitidə asayişi bərpa etmək cəhdləri istənilən nəticəni verməyib.
BMT-nin məlumatlarına görə, Haitidəki qarşıdurmalar səbəbindən 1 milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. 2024-cü ildə dəstə zorakılığı ən azı 5600 nəfərin ölümünə səbəb olub.