Şəhidlər unudulanda ölürlər - Kəşfiyyatçı Elnur

15:40 13.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hər kəs bu dünyaya gəlir, yaşayır və bu dünyadan köçüb gedir. Hərə öz qismətini, taleyini yaşayır.

Bu dünyadan isə hamı eyni köçmür... Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə hər adama qismət olmur... Amma Elnur Əvəz oğlu Gülməmmədov o zirvəni fəth edən igidlərimizdəndir. Əvvəlcə qeyd edim ki, Elnur 1973-cü ilin 17 mayında Ağdam rayonunun Qalayçılar kəndində anadan olub. Orta məktəbi elə həmin kənddə oxuyub.

Zirək kəşfiyyatçı

Məndən yaşca böyük idi.Yaşıdları arasında hər zaman seçilirdi. İdmanla məşğul olduğuna görə həm cüssəli, həm də ciddi görkəmi var idi. 13 yaşında anası Solmaz xanımı itirmişdi. Bir növ, anasızlıq, həm ona əzab verir, həm də həyatda mətin olmağı, dözümlü olmağı öyrədirdi. İdmanın karate növü ilə məşğul olurdu. Çox ciddi şəkildə öz üzərində çalışır, məşqlərdən heç vaxt yayınmırdı.Müəlliminin öyrətdiyi fəndləri düzgün yerinə yetirir, yoldaşları arasında birinci olmağa çalışırdı. 18 yaşı tamam olanda, artıq, ermənilərin torpaq iddiası çoxdan başlamışdı. Komissarlıqdan gələn çağırış vərəqəsi ilə Sovet ordu sıralarında xidmətə çağırıldı. Altı ay olardı ki, Ukrayna Respublikasında xidmət edirdi.Vətəndən uzaqda olduğu müddətdə, elindən- obasından nigarançılıq onu üzürdü. Evlərinə göndərdiyi məktublarda vətən həsrətini, el-oba yanğısını, doğmaları üçün darıxdığını yazırdı. Ermənilərin doğma Qarabağa qarşı başlatdığı qanlı müharibəni eşidən Elnur, buna dözməyərək xidmətini yarımçıq qoyaraq vətənin müdafiəsinə gəlir. Ana itkisinin nə demək olduğunu yaxşı dərk edən Elnur, ikinci anası olan vətənini itirməmək üçün, silaha sarılaraq, könüllü, vətənin müdafiəsinə qalxır. Milli Qəhrəman Şirin Mirzəyevin yaratdığı ilk özünü müdafiə taborunda xidmətini davam etdirməyə başlayır. Onunla tez-tez hərbi hissədə görüşürdüm.Çox istiqanlı, olduqca qorxmaz, əsl vətənpərvər və mərd oğlanıydı. Bu keyfiyyətlərinə görə yoldaşları arasında hörmət qazanmışdı.Onun şirin, məzəli söhbətlərindən doymaq olmurdu. Hamı ilə tez ünsiyyət qurur, səmimiyyəti ilə hamını valeh edirdi. Hərbi hissədə olanda da idmanla məşğul olur, idman tədbirlərində həmişə fərqlənirdi. Bir gün ondan mənə də bir əsgər paltarı verməyini xahiş elədim. O isə gülümsəyib: - Vaxtı çatanda, səndə geyinəcəksən- dedi. İsrar etdim:-"Hələ o vaxta çox var, məndə geyinmək istəyirəm". Sağolsun xahişimi yerə salmadı. Bir dəfə mənə əsgər paltarı və əsgər papağı gətirdi. Həmin paltarı əynimə böyük olmasına baxmayaraq, geyinib, bütün gün əsgərlərin içində olurdum. Artıq döyüşlər başlamışdı.Yağı düşmən günü-gündən azğınlaşırdı. Kəndləri atəş altında saxlayır, dinc əhalini güllə-boran edirdilər. Bir gün, yenədə hərbi hissəyə getdim, Elnuru heç yerdə görə bilmədim. Əsgərlərdən soruşdum, onun Umudluya getdiyini və bir müddət orada qalacağını dedilər.Umudluda mühasirədə qalan dinc əhalinin müdafiəsində çox fəal iştirak etmişdi. Bu onun ölüm-dirim savaşında atdığı ilk addımları oldu. Zirəkliyinə görə, tez-tez kəşfiyyata gedib-gəlirdi. Bir gün, Qazançı kəndinə gedən kəşfiyyat qrupu, Elnurun sayıqlığı ilə 5 erməni yaraqlısını əsir götürərək, özləri ilə hərbi hissəyə gətirmişdilər. Elnurun bu qəhrəmanlığını komandir Şirin Mirzəyev xüsusi qiymətləndirmişdi. Şirin Mirzəyev kimi təcrübəli komandirin onun igidliyinə qiymət verməsi, ona daha da ruhlandırmışdı. Doğma el-obasını düşməndən müdafiə etmək üçün son damla qanına qədər döyüşəcəyini hər zaman vurğulayırdı. Qazançı, Canyataq, Baş güney, Manikli, Mirzələr, Qaralar, Fərrux, Sırxavənd, Gülablı, Mərzili kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib.

Son döyüş...

Toborun yeri dəyişdikdən sonra Elnuru bir daha görə bilmədim.Eşitdiyimə görə, son döyüşü.1993-cü il fevralın 9-da Ergi düzündə oldu. Gecədən atışma başlayır. Düşmən qüvvələrinə dirəniş göstərən mövqelərimiz bir addım belə geri çəkilmir. Azğınlaşmış düşmən səhəri gün, tanklarla hücuma keçir, bu döyüşdə qüvvələrimiz xeyli itgi verir. Sursat tükənir, əlavə qüvvələr köməyə gəlmir. Əlində olan son tank əleyhinə qumbarasını sinəsinə sıxaraq özünü gələn tankın altına atan Elnur, ölümü ilə bir düşmən tankının sıradan çıxmasına nail olur və beləliklə şəhid kimi əbədiyyətə qovuşur. Həmin döyüşdə olan 23 nəfərdən cəmi bir nəfər sağ qalır. Qalan 22 nəfərin hamısı şəhid olur. Göstərdiyi qəhrəmanlığa görə Elnur Əvəz oğlu Gülməmmədov ölümündən onra "İgidliyə görə" medalı ilə təltif edilib. 27 il keçməsinə baxmayaraq, hələ də şəhidlərimizin qisası alınmayıb. Torpaqlarımız işğaldadır. Şəhid ruhlarımız isə hələdə nigarandır... Bağışla... bağışla qardaş, ruhun qarşısında günahkarıq...

Yarımçıq qalan xəyallar

Böyük xəyalları var idi, hamısı yarımçıq qaldı. Özündən sonra isə heç bir nişanəsi qalmadı...Yeganə ondan geriyə foto şəkillərdə qalan gülərüz siması oldu...İndi 10 yaşlı qardaşı oğlu şəhid Elnurun adını daşıyır. Şəhidlər ölmür, şəhidlər unudulanda ölürlər...Müəllifi Təvəkgül Ənvər qızı adlı şairə xanımın şəhidlərə həsr etdiyi iki misrası ilə Elnuru xatırlatdığım bu kiçik yazıma nöqtə qoyuram:

Örnək oldun cavanlara, bizlərə,
Qərənfillər yas saxlayır sizlərə,
Bir ruh olub çəkilmisən göylərə.
Yanağıma hey axsa da göz yaşım,
Sən ölmədin mənim şəhid qardaşım.

Şəhid oldun igidlərin igidi,
Bu şərafət, bu sücayət sənindi,
Sinən üstə bir yazı var, vətəndi,
Yanağıma hey axsada göz yaşım,
Sən ölmədin mənim şəhid qardaşım.

Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq lazımdır, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur.

Allah şəhidlərimizə rəhmət eləsin!.

 

Oxunma sayı 40
rubrikasından digər xəbərlər