Sən sərhəddə təlimləri kimə qarşı keçirirsən – İRANA SUAL

14:38 20.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İran Azərbaycan-Ermənistan sərhəddində baş verən son hadisələrdən sonra Araz çayı boyu hərbi təlimlərə başlayıb.  İran sərhəddə dronlarla nəzarət edəcək.  İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər nədən xəbər verir və bu addımı nəyə hesablanır?

Vəziyyəti hafta.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, biz məlum yükdaşımalara görə İrana iradımızı bildirdik deyə, bunun qarşılığında bizə sərhəddə hərbi təlimlərlə cavab verirlər.

“Bizim İrana hücum etmək fikrimiz yoxdur.  Sən təlimləri kimə qarşı keçirirsən. Təlim keçirirsənsə, niyə 27 il işğal altında qalan Zəngilan, Qubadlı, Cəbrayıl istiqamətlərində belə təlimlərlə separatçılara hədə - qorxu gəlmirdin. Deməli, sənin dərdin Azərbaycandır. Azərbaycan ərazi bütövlüyü səni narahat edir. Ona narahat olursan ki, niyə Azərbaycan Pakistan və Türkiyə ilə hərbi təlimlər keçirir. Bu bizim daxili işimizdir və istədiyimiz dövlətlə hərbi təlimlər keçirə bilərik. Dəfələrlə deyilib ki, Türkiyə ilə hərbi təlimlərimiz heç də İrana qarşı deyil.  Bu, işğalçı Ermənistana qarşıdır. Lakin biz bu 9 ayda gördük ki, İrandan Ermənistana, ordan da Qarabağa nə qədər yüklər daşındı. Təsəvvür edin ki, 28-29 illik işğal dövründə İrandan Azərbaycana qarşı nə qədər yüklər daşıyıblar. Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl digər rayonlarımız hamısı dağıdılıb, oradakı evlərin daşları, əşyaları hara daşınıb, harda satılıb. Bu, İranın ikitərəfli münasibətlərin ruhuna uyğun deyil. Belə getsə vəziyyət dahaa da gərginləşəcək”.

E.Şahinoğlunun sözlərinə görə, İran düşünür ki,  Azərbaycan güclü bir dövlətə çevrilsə problemləri yarana bilər. Biz isə dəfələrlə bildirmişik ki, biz İranın daxili işlərinə qarışmırıq.

“Amma İran qarışır. Sən niyə Azərbaycanın ərazi bütövlüyünü  dəstəkədiyin və Azərbaycanı qələbə münasibəti ilə təbrik etdiyin halda qanunlarımızı pozan separatçılara yanacaq daşıyırsan.  İran buna cavab vermədi, əksinə nota veriləndən sonra daşınan yüklərin sayı artdı. Bu Azərbaycan əleyhinə siyasət yürütməkdir”.

Politoloq eyni zamanda Azərbaycanın daim müharibəyə hazır olduğunu deyib.

“Biz 27 il buna hazırlaşmışıq və heç nədən qorxmuruq, heç nədən çəkinmirik. Biz nəyin uğrunda savaşdığımızı bilirik. Erməni nə etdiyini bilmir, ona görə də gəlib başqa dövlətin ərazisində savaş aparır. Ermənistan savaşa hazır deyil.  Ona görə də böyük savaşların olması ehtimalı azdır. Amma antiterror əməliyyatların keçirilməsi mümkündür.  Bizim əsas məqsədlərimizdən biri də Qarabağda qalan separatşçıları tərksialah etməkdir.  Qarşımızda Rusiya hərbçiləri var. Amma bu yaxınlarda Zakir Həsənov açıq şəkildə dedi ki, gərəkdiyi halda biz Rusiya hərbçilərinin arxasında gizlənən erməni separatçılarına qarşı da müəyyən əməliyyatlar keçirə bilərik. Ona görə də əgər sülhməramlılar öz üzərinə düşən missiyanə yerinə yetirmirsə, o zaman Azərbaycan bu missiyanı özü həyata keçirəcək”.

Oxunma sayı 1510