Sənaye məhəllələrindən “Yaşıl market”lərədək...

21:53 11.12.2019 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Aqrar sektordakı struktur islahatları regionların sosial-iqtisadi inkişafına böyük təkan verir

İqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi dövlətimizin əsas iqtisadi prioritetlərindəndir. Bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olunması ilə yanaşı, qeyri-neft sektorunun da ümumi daxili məhsulda xüsusi çəkisi nəzərə çarpacaq dərəcədə artıb. Qeyri-neft sektorunda kənd təsərrüfatının üstün paya sahib olduğunu məşğul əhalinin isə 50 faizə yaxın hissəsinin məhz kənd rayonlarında yerləşdiyini nəzərə alsaq, onda regionların iqtisadi inkişafının ölkə iqtisadiyyatı üçün nə dərəcədə önəm daşıdığı daha aydın görünür. Elə buna görədir ki, regionların sosial-iqtisadi inkişafı məsələri son 15 ildə ölkə iqtisadiyyatının əsas prioritetlərindən biri kimi ortaya qoyulub.

Regionların iqtisadi potensialının inkişafı üçün respublikanın müxtəlif  bölgələrində sənaye zonaları yaradılır. Prezident İlham Əliyevin göstərişi ilə müəyyən edilmiş iqtisadi inkişaf konsepsiyasına görə böyük iqtisadi potensialı olan belə zonlarda xüsusi güzəştlər rejimi tətbiq edilir ki, bu da sahibkarlar tərəfindən yüksək qiymətləndirilir. Belə ki, yeni yaradılan sənaye zonlarında tətbiq edilən güzəştlər sahibkarlığın inkişafını stimullaşdırmaqla yanaşı, həm də yeni iş yerlərinin açılmasına, sənaye məhəllələrinin yerləşdiyi ərazilərdə infrastrukturların qurulmasına, tikinti-abadlıq işlərinin əhatəsinin genişlənməsinə şərait yaradır ki, bu da həmin regionların özünün iqtisadi imkanlarını daha da artırır. Belə təcrübələr artıq Sumqayıtda, Neftçalada, Masallıda, Hacıqabulda və digər regionlarda var və yeni yaradılan sənaye məhəllələrinin regionların sosial-iqtisadi inkişafındakı xüsusi çəkisi ildən-ilə artmaqdadır.

Kənd rayonlarında Sənaye Məhəlləsi

Yeri gəlmişkən, bu yaxınlarda Hacıqabul Sənaye Məhəlləsində Rusiya kapitallı "Penopleks SPB" şirkətinin İzolyasiya Materiallarının İstehsalı zavodunun təməlqoyma mərasimi keçirilib. Yeni tikiləcək zavodun fəaliyyət istiqaməti polimer əsaslı istilik və su izolyasiyası, eləcə də dekorativ-tətbiqi materialların istehsalıdır. Məhsulları penapolistroldan hazırlanan istilik izolyasiya plitələri, ekstruziya izolyasiyası, və dekorativ - tətbiqi materiallar, ümumi təyinatlı polistrollardır. Zavodun illik istehsal gücü 3 milyon kub/metrdir. Belə zavodlardan 8-i Rusiyada, 1-i Qazaxıstanda, 1-i isə Özbəkistanda fəaliyyət göstərir. Növbəti zavod Azərbaycanda inşa edilir. Zavod işə düşdükdən sonra 1700 nəfər işlə təmin olunacaq.

Bəs, regionların sosial iqtisadi-inkişaf potensialının artırılmasında kənd təsərrüfatı sektoru nə dərəcədə rol oynaya bilir?

İqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, kənd təsərrüfatı sektorunun regionların ümumi iqtisadiyyatında mühüm rol oynadığı qənaətindədir. Onun sözlərinə görə, kənd təsərrüfatı həm də ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət daşıyır. Buna görə də qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı əsas sektorlarından biri kimi müəyyənləşdirilib: “Son illər həyata keçirilən tədbirlər doğrudan da regionlarda kənd təsərrüfatı sektorunun inkişafı üçün əlverişli şərait yaradıb. Xüsusilə bu sektorun ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın dirçəldilməsi üçün fermerlər ünvanlı güzəştlər və subsidiyalar tətbiq olunur. Eyni zamanda kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilib”.

Aqrar sektora dəstək mexanizmləri təkmilləşdirilir

Gələn ilin yanvarından kənd təsərrüfatı sektorunda yeni subsidiyalaşma mexanizminə başlanacağını xatırladan ekspert bu dövlət dəstəyini də regionlarda qeyri-neft sektorunun inkişafını stimullaşdıran əsas amillərdən biri kimi dəyərləndirib: “Yeni qaydalardan görünən odur ki, xüsusilə əkinçiliklə məşğul olan fermerlərin alacağı subsidiya məbləği bəzi məhsul növləri üzrə hətta 5-6 dəfədən çox artacaq. Məsələn, yeni üzüm sahəsi salmış fermer indiyədək hər hektar üçün 50 manat yanacağa görə alırdı, əlavə olaraq gübrə və pestisidlərin qiymətinin sadəcə 30 faizini ödəməklə ala bilirdi. Bu da fermerlərə ən azından hər hektar üçün əlavə 40-50 manat, yəni üst-üstə 100 manata yaxın qazana bilmək imkanı yaradırdı. Qaydalara görə, gələn ildən yeni üzümü bağı salmış fermerlər ilk 4 ildə hər hektar üçün 600 manat subsidiya ala biləcək. Həmçinin indiyədək buğda və çəltik əkənlər 90 manat subsidiya ala bilirdisə, gələn ildə buğda əkənlər 200 manat, çəltik əkənlər 280 manat alacaq ki, bu da 2.5-3 dəfə artım deməkdir”.

Beləliklə, yeni qaydalara görə, gələn ildən subsidiyaların baza məbləği 4 dəfə artıraraq 50 manatdan 200 manata, əmsallar nəzərə alınmaqla ayrı-ayrı bitki növlərinə görə 3-5 dəfə artımla veriləcək. Bunun üçün 2020-ci ilin dövlət büdcəsindən aqrar subsisiyaların maliyyələşməsi üçün nəzərdə tutulan vəsaitlər də əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, başa çatmaqda olan 2019-cu ilin sonuna aqrar subsidiyaların verilməsinə 423 milyon manat xərclənəcəyi proqnozlaşdırılıb. Gələn il isə bu məqəsədlər üçün nəzərdə tutulan büdcə xərcləri 9 milyon manat artımla proqnozladırılmaqla 432 milyon manat təşkil edəcək.

Fermerlərin işi asanlaşdırılıb

Son illər ərzində regionların sosial-iqtisadi inkişafının dəstəklənməsinə, xüsusilə aqrar sektorda məhsul istehsalının artırılmasına yönəlik tədbirlərin real nəticələri də artıq ortadadır. Belə ki, aqrar sektorun inkişafı ilə əlaqədar hazırlanmış Tədbirlər Planında nəzərdə tutulan tədbirlər qrafikə uyğun tamamilə yerinə yetirilib və artıq aqrar sektorun dəstəklənməsi layihələrinə start verilib. Gələn ildən aqrar sektora yeni qaydalarla subsidiyaların verilməsi və bu prosesin elektronlaşdırılması da həmin layihələrdən biridir. Həmçinin ötən ildən başlanmış struktur dəyişiklikləri çərçivəsində regionlarda yaradılmış kənd təsərrüfatı idarələrinin işçi heyəti və texniki təchizat təminatı bu il tam şəkildə başa çatırılacaq.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, həyata keçirilən struktur islahatları regionlarda sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, aqrar məhsulların bolluğuna, xüsusən də əhalinin ərzaq buğdasına olan tələbatının tam şəkildə ödənilməsinə münbir şərait yaradıb. Həmçinin beynəlxalq təcrübəyə uyğun olaraq, bölgələrdə “Yaşıl market” və “Fermer evləri” yaradılır və bu proses davam edəcək. Məqsəd rayonlarda becərilən məhsulların istehsalçıdan istehlakçıya çatanadək, dəyər zənciri boyunca olan bütün proseslərdə fermerlərə vahid mərkəzdən dəstək göstərmək və fəaliyyətlərinin koordinasiyasını təşkil etməkdən ibarətdir. Gələn ildən subsidiyaların yeni qaydalarla verilməsi isə aqrar sektorun inkişafını daha da stimullaşdıracaq.

Nazirlikdən bildirirlər ki, indiyədək kağız sənəd dövriyyəsi ilə əlaqədar subsidiyaların verilməsi sentyabr-oktyabr aylarına təsadüf edirdi. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqindən sonra yeni maliyyə ili başlayan kimi, yəni ilin əvvəlində həmin vəsaitlər payızlıq əkinləri bəyan etmiş fermerlərin “Fermer kartı”na köçürüləcək. Bununla da təsərrüfat ili öncəsi fermerin vəsaiti olacaq ki, bu da kənd yerlərində aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsinə şərait yaradacaq.

Fermerlərin işini asanlaşdırmaq üçün EKTİS-də qeydiyyatı və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı regionlarda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) və “ASAN xidmət” mərkəzlərində xidmət pəncərələri yaradılıb. Həmçinin DAİM-lərin nəzdində fermerlərə səyyar xidmət göstərmək üçün mobil qruplar yaradılıb. Səyyar qruplar bütün rayonlarda kəndlərə gedərək fermerlərə informasiya-məsləhət xidməti göstərirlər. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin rəhbər işçiləri EKTİS-in tətbiqi ilə əlaqədar bölgələrdə yerli icra nümayəndələri, bələdiyyə sədrləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları ilə görüşlər keçirir, fermerlər üçün maarifləndirmə sessiyaları təşkil edirlər.

Bu da nəticə...

Beləliklə, artıq aqrar sektora subsidiyaların verilməsi üzrə qeydiyyat və məlumatların toplanması elektronlaşdırılıb ki, burada da məqəsd fermerlərin vaxt itkisinin əlavə xərclərinin qarşısını almaq, subsidiyalaşma prosesində şəffaflığı təmin etməkdir. Yeni qaydalara əsasın, elektron sistemdə qeydiyyatdan keçməyən fermerlər subsidiya ala bilməyəcək.

Sonda isə regionların sosial-iqtisadi inkişafındakı artım dinamikasına dair iki nümunə barədə kiçik bir qeyd:

Dövlət Statistika Komitəsinin hesabatlarına görə, 2003-2018-ci illərdə Azərbaycan iqtisadiyyatında 2,2 milyon iş yeri yaranıb. Hökumət bildirir ki, həmin iş yerlərindən təxminən 73 faizi (1,6 milyon) daimi, yerdə qalan hissəsi isə mövsümi və müvəqqəti işlər olub. Daimi iş yerlərinin böyük əksəriyyəti regionların payına düşür ki, bu da regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən bölgələrdə kənd təsərrüfatının dəstəklənməsinin effektiv nəticələrinin bir göstəricisi sayıla bilər.

Elan edilmiş rəsmi rəqəmlərə əsasən, 2019-cu ili pambıqçılığın inkişafı baxımından uğurlu il saymaq olar. Ötən illə müqayisədə pambıq əkini sahələri 32401 hektar azaldılsa da, istər ümumi məhsulun həcmi, istərsə də, orta məhsuldarlıq ötən illə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. 2018-ci ildə fermerlər tərəfindən qəbul məntəqələrinə 233 min ton pambıq yığılaraq təhvil verildiyi  halda bu il həmin göstərici 48 min ton artaraq 281 min tona çatıb. Pambıqçılıqda ötən illə müqayisədə orta məhsuldarlıq 10,5 sentner artıb.

P.S. Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

Oxunma sayı 28
Sosial rubrikasından digər xəbərlər