“Xəzər dostluq dənizidir“ festivalı başa çatdı

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Qazaxıstanın Məngistay vilayət hakimliyinin təşəbbüsü ilə Aktauda keçirilən “Xəzər dostluq dənizidir“ festivalı başa çatıb. Tədbirdə Qazaxıstanın bütün regionları, Rusiya, İran və Türkmənistandan gəlmiş nümayəndələr iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin idarə rəisi Fikrət Verdiyev başçılıq edib. Festival çərçivəsində Aktaudakı Dövlət Diyarşünaslıq muzeyində tətbiqi sənət əsərlərinin sərgi-müsabiqəsi keçirilib. Xalçaçı Şəhla Əsgərova, kəlağayı ustası Mehriban Əliyeva, ağac üzərində oyma ustası-həkkak Nahid Vahabov, dulusçu Namiq Məmmədov və başqalarının əl işləri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib, müsabiqənin diplomlarına və pul mükafatına layiq görülüb. “Xəzər dostluq dənizidir“ festivalı çərçivəsində caz ifaçılarının müsabiqəsi, idman oyunları (çimərlik voleybolu, karate-do), həmçinin Xəzəryanı ölkələrin iqtisadi potensialını əks etdirən sərgi və region ölkələri işgüzar dairələrinin əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair dəyirmi masa keçirilib. Festival günlərində keçirilən konsert proqramlarında Azərbaycandan gəlmiş müğənni və rəqqaslar muğam, xalq mahnıları və milli rəqslərimizi ifa ediblər.