Sərhəddə gərginlikdə Rusiya maraqlıdır - Teymur Qasımlı

18:25 28.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Son aylar, xüsusən iyulun əvvəllərindən bəri həm Azərbaycan-Ermənistan sərhədində, həm də Yuxarı Qarabağda atəşkəsin yaralı və hətta itkilərlə müşayiət olunan mütəmadi  pozulması müşayiət olunur. İyulun 28-nə  keçən gecə Kəlbəcərlə sərhəddə vəziyyət daha da gərginləşib. Ermənistan ordusu 3 itki verib.  Atəşkəsin mütəmadi pozulması səbəblərini izah edən əsasən 3 versiya səslənir:

1. Paşinyan bunu təşkil etməklə dünyanın, Avropa və ABŞ-ın diqqətini Ermənistana cəlb etməyə, eyni zamanda bununla ermənilərin diqqətini daxili problemlərdən, o cümlədən seçkilərin nəticələrindən yayındırmağa çalışır.

2. Qərb ölkələri, xüsusən Fransa və ABŞ atəşkəs pozuntusunu təşkil edərək  Rusiyanın bölgədə sabitliyi təmin edə bilmədiyi təəssüratını yaratmaqla və Minsk qrupunun fəaliyyətini bərpa etməklə Ermənistana təsir rıçaqlarını öz əlinə almağa, o cümlədən sərhəd və Qarabağ ərazisinə  müşahidəçi, yaxud sülhməramlı adıyla öz qoşunlarını yeritməyə çalışır. Bu versiyanı Rusiya tərəfi də mütəmadi səsləndirir.

3. Atəşkəsi Rusiya pozdurur ki, həm Azərbaycan, həm də Ermənistan bilsin ki,  o, olmasa, regionda sabitlik olmayacaq və yenidən genişmiqyaslı əməlliyyatlar başlayacaq və Moskva bunu bəhanə edib. Qarabağdakı sülhməramlı adlanan hərbi kontingentin sayını artırmağa, eləcə də Ermənistanın Azərbaycanla sərhədini bütövlükdə nəzarətə götürməyə çalışır.

Görəsən, bu versiyalardan hansı gerçəkliyə daha yaxındır?

İstanbul Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı ilə hafta.az üçün növbəti söhbətimizdə bu və ya digər suallar ətrafında müzakirə apardıq.

Teymur Qasımlı:

- Hesab edirəm ki, atəşkəsin pozulması haqqında sadaladığınız versiyalardan üçüncüsü gerçəkliyə daha yaxındır.  Rusiya son zamanlar Ermənistanın Avropaya çox yaxınlaşmasından narahatdır. Bu baxımdan, Moskva Ermənistanda ABŞ, yaxud Fransanın güclənməsini istəmir. Son vaxtlar Avropa Birliyinin Ermənistana yardımı da Kremli bərk narahat edir. 

Zənnimcə, atəşkəsin pozulmasının səbəblərindən biri də Qarabağda daşnakların aktiv fəaliyyətdə olmasıdır.  Eyni zamanda sovet dövründən bəri Moskvanın adamı, Putinin dostu olan  Xocalı qatili terrorçu eks-prezident Robert Köçəryan və daşnaklar oyuncaq separatçı rejim tör-töküntüsünün rəhbəri Araik Arutyunyanı devirmək üçün birlikdə hərəkət edirlər. Ona görə də atəşkəsin pozulmasında maraqlıdırlar. Araikin yenə də Moskvaya gizli səfəri gözlənilir. Hətta yeni bir məlumata görə, Araik ətrafına bildirib ki, oyuncaq qurumda “seçki”lər olacaq və o, siyasətdən getmək istəyir...

O da var ki, Nikol Paşinyan da Ermənistan silahlı qüvələrindəki Rusiyameyilli qüvvələri zərəsizləşdirmək istəyir və bunun üçün addımlar atır.  Rusiya isə bu gərginlikdən istifadə edib Ermənistanın Azərbaycanla olan bütün sərhədlərinin mühafizəsini öz əlinə keçirmək istəyir. Məqsəd Rusiya qoşunlarının Kəlbəcərlə sərhəddəki Zod kəndindən başlayaraq  cənubda Laçın rayonu ilə sərhəddəki Xəzinəvar kəndinə qədər olan sərhəd zolağında yerləşdirilməsidir. Hələ ki, Paşinyan buna qarşı çıxır...

Ən vacib məsələlərdən biri də üzdə açıq bildirməsə də, əslində Kremlin dolayı təzyiqlərlə Azərbaycan dövlətindən Qarabağdakı ermənilərə status istəməsidir. Rusiya Azərbaycan Ermənistan arasında, o cümlədən sərhədlərdə gərginliyin daimi olmasında çox maraqlıdır. Bu imperiya 208 ildir ki, eyni siyasəti aparır...

- Azərbaycandakı səfiri xarici diplomatların son Şuşa səfərinə qatılmayan ABŞ-ın Ermənistandakı səfiri iyulun 26-da erməni hərbçilərlə birgə  Kəlbəcərlə sərhədə gəldi və tərəfləri Minsk qrupu çərçivəsində danışıqları bərpa etməyə çağırdı. Ertəsi gün isə İrəvanda  qəsbkar ölkənin Diaspor işləri üzrə baş komissarı Zare Sinanyanla görüşdü. Həmin görüşdə “Birləşmiş Ştatlar çoxdankı tərəfdaşı olan erməni diasporunun dinamik səylərini dəstəkləyir”, - deyə bildirdi. Bütün bunlarla ABŞ dövləti Azərbaycana nə demək istəyir?

- Bilirsiniz, ABŞ-ın Azərbaycandan öz geosiyasi maraqlarına uyğun istəkləri var. Ən əsası da Rusiya ilə bağlı istəkləri çoxdur. ABŞ yenidən fəal şəkildə Qarabağla bağlı ATƏT-in Minsk qrupuna qayıtmaq istəyir. Bu məsələni Fransa və Rusiya da istəyir. Ən önəmlisi ABŞ da Qarabağdakı ermənilərə  status  verilməsi marağındadır. Ona görə ki,  rəsmi Vaşinqton Qarabağda rus hərbi kontingentinin olmasından narahatdır. ABŞ yaxşı bilir ki, Rusiya onun Mərkəzi Asiyaya çıxışı olan Zəngəzur dəhlizinin açılmasını istəmir. Məhz sadaladığım bu və digər səbəblərdən də Ağ ev, səfirin də dediyi kimi, “çoxdankı tərəfdaşı olan erməni diasporunun dinamik səylərini dəstəkləməklə” onun vasitəsilə Ermənistana və bütövlükdə regiona təsir rıçaqlarını daha ciddi şəkildə  ələ keçirməyə çalışır...

- Teymur bəy, hazırkı  durumda Fransa, digər Avropa ölkələri və ya ABŞ-ın birləşmiş sülhməramlı qoşunlarının Yuxarı Qarabağ və ya Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi nəzəri cəhətdən mümkün ola  bilərmi?

- Hesab edirəm,  bu, hazırda  istər nəzəri, istərsə də praktiki baxımdan mümkün deyil, yaxın gələcəkdə də  mümkün olmayacaq. Rusiya buna heç vaxt imkan verməz. Bu, Rusiyanın dövlət maraqlarına qarşıdır...

Oxunma sayı 3967