Şərq Yaşayış Sahəsindəki 14-cü Döngənin keçilməz yolları - REPORTAJ

18:46 11.12.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Artıq qışın gəlməsinə sayılı günlər qalıb. Paytaxtın elə yaşayış sahələri var ki, qışa hazır deyil. Yolları, sanki ucqar dağ kəndlərinin yollarını xatırladır. Belə ərazilərdən biri də Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən Şərq Yaşayış Sahəsidir. Şərq Yaşayış  Sahəsi 14-cü Döngənin bir qrup sakini  “Həftə içi”nə  müraciətində bildirir ki, yaşadıqları Yaşayış Sahəsi baxımsız qalıb. Onların səsini eşidən yoxdur.

“Həftə içi”nin əməkdaşı olaraq sözügedən ünvana üz turduq. Havaların quraqlıq keçməsinə baxmayaraq, Şərq Yaşayış Sahəsi 14-cü Döngənin yolları bərbad vəziyyətdə idi. Küçənin yolları torpaq olduğundan palçıq və gölməçəlik hökm sürürdü. Çalalar dərin olduğundan, kiçik minik avtomobillərinin altı yerə dəyirdi. Bir avtomobilin təkəri dərin çalaya düşdüyündən, sınıb yolun ortasında qalmışdı.

Aygün adlı sakin 16 saylı fərdi yaşayış evində yaşadığını dedi: “20 ildir bu qəsəbədə yaşayıram. Küçələrlə gedib-gəlmək olmur, dəfələrlə avtomobilim sınıb yolda qalıb. Yolun çalaları çox dərin olduğundan, maşınımın altı yerə dəyərək detalları sınır. Hələ bir balaca yağış yağıb, yolumuz bu gündədir.

Yağışlı günlərdə 14-cü Döngənin daxili yollarından maşınsız keçib-getmək mümkün deyil. Yağış suları yolu cənginə alır, həyət evlərini basır. Sifariş verəndə taksi, “təcili yardım” maşınları gəlmir. Deyirlər ki, yollarınız xarabdır, nə vaxt düzələr, onda da gələrik. Bir sözlə, biz sakinlər yol sarıdan çətinlik çəkirik”.

 Rafiq Mustafayev adlı sakin 6 saylı yaşayış evində yaşadığını söylədi. Onun sözlərinə görə, 1994-cü ildən Şərq Yaşayış Massivi salınıb: “1998-ci ildən burada yaşayıram. O vaxtdan bu günədək yolumuz çəkilməyib. Sakinlər öz vəsaitləri hesabına köhnə asfalt qırıntıları, qum alıb torpaq yolun dərin çalalarına tökür.  Yağışlı, qarlı günlərdə günümüz qara olur. Palçıqlı-gölməçəli yollarla gedib-gələ bilmirik. Bizim  massivlə  məktəb arasında məsafə, təxminən, 2-3 kilometr olar. Yağışılı günlərdə yolları su basdığından, uşaqlarımız məktəbə gedib-gələ bilmirlər.  Maşını olanlar uşaqlarını məktəbə aparıb-gətirirlər. Biz imkansızlar isə əziyyət çəkirik. Qoca, xəstə adamlar var. Bir xəstəmiz olanda çağırışa “təcili yardım” maşınları gələ bilmir. Ərazi natəmizlik içindədir. Evlərimizə kimi hər tərəfi qamışlıq, kol-kos  basıb. Qaraçuxur Bələdiyyəsi gəlib əhalidən, ancaq torpaq və əmlak vergisi pulu yığmaqla məşğuldur. Bunun məbləğində isə bir iş görmürlər. Hər il Bələdiyyəyə 50 manat vergi verirəm. Bir neçə gündən sonra Bələdiyyə seçkiləri gəlir. Hələ nə Bələdiyyə sədri, nə də ki, seçiləcək namizədlərin biri gəlib biz sakinlərlə görüş keçirib, problemlərimizlə maraqlanmayıblar. Yaşadığımız ərazidə marşrut belə işləmir”.

 Fazil Əliyev adlı sakin 66 saylı  evdə yaşayır. O da eyni sözləri dedi: “Hər il  Bələdiyyəyə 50 manat pul ödəyirəm. Bizim əraziyə isə Bələdiyyənin nümayəndəsi Habil müəllim baxır. Hər il bizdən vergipulunu o yığır. Döngədə, təxminən, 250-yə yaxın ev mövcuddur. Hər ailədən, ən azı, 40 – 50, hətta 60 manat arası vergipulu yığılır. 1994-cü ildən bu günədək, görün, nə qədər vəsait eləyir? Bələdiyyəyə “Dost” MMC kifayət qədər işçi verib. Heç olmasa, həmin işçilər gəlib, ərazidə təmizlik-abadlıq işləri aparaydılar. Ərazi məişət tullantıları ilə doludur”.

Sakinlər dedilər ki, Şərq Yaşayış Sahəsinin 12, 13 saylı döngələrində imkanlı adamlar yaşadıqlarına görə, həmin ünvanların daxili yolları asfaltlanıb: “Amma biz kasıb yaşayan məhəllənin yollarını və problemlərini həll edən yoxdur. Bu haqda dəfələrlə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Hətta RİH-in əvvəlki başçısı İlqar Abbasovun da qəbulunda olmuşuq. Başçı rayon Yol Tikinti İdarəsinin rəhbərliyinə göstəriş verib dedi ki, ünvanı qeydiyyata alın və qısa zamanda yolu təmir edin. Təəssüflər olsun, başçının sözünə əhəmiyyət belə verən olmadı. Eyni zamanda, Qaraçuxur Bələdiyyəsinə də müraciət etdik. Bələdiyyə sədri İxdiyar Nəcəfov maliyyə imkanlarının olmadığını dedi.  Halbuki, hər il Qaraçuxur Bələdiyyəsinə yüksək məbləğdə vergipulu ödəyirik. Ümidimiz, ancaq Suraxanı rayonunun yeni təyin edilmiş rəhbərliyinə qalıb. İnanırıq ki, RİH başçısı Əziz Əzizov biz sakinlərin  müraciətini eşidəcək və yaşadığımız 14-cü Döngənin daxili yollarının təmir edilməsi üçün aidiyyəti qurumlara öz göstərişlərin verəcək. Heç olmasa, yola qum-çınqıl tökülsün ki, biz sakinlər Bələdiyyə və qarşıdan gələn Milli Məclis seçkilərinə qatıla bilək”.