Şərqşünaslıq İnstitutunda 20 yanvar şəhidlərinin xatirəsi yad edildi

11:50 18.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 17-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.

İnstitutdan hafta.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd etdi: “30 il öncə baş vermiş hadisələri bir yandan bir faciə kimi xatırlayırıqsa, digər yandan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsidir.

Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstərdilər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar. Həmin gün yaddaşlara sovet kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olundu. Əslində bu, öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqa qarşı siyasi və hərbi təcavüz idi. Bu hadisələrdə xalqımız bir daha sübut etdi ki, istiqlaliyyəti yolunda istənilən sınaqdan üzüağ çıxa bilər, Azərbaycan övladları öz həyatlarını müstəqillik uğrunda qurban verə bilərlər”.

Həmin hadisələrin müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu deyən G.Baxşəliyeva, qeyd etdi ki, o dəhşətli günlərdə xalqımız bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacardığını göstərdi.

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, i.ü.f.d. Əkrəm Rəhimli, Ərəb filologiyası şöbəsinin müdiri, f.ü.f.d. Vilayət Cəfərov və başqaları çıxış edərək bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini söylədilər.