Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi nəzdində İctimai Təhlükəsizlik müdiri, general-leytenant Məhəmməd əl-Bəssami Məkkədə mətbuat konfransı keçirib.
Hafta.az-ın SPA-ya istinadən yazdığına görə, yaşayış icazəsi olan, lakin həcc sənədi olmayan təxminən 270 min adamın Məkkəyə buraxılmadığını bildirən Bassami, həcc qaydalarını pozduğu üçün 75943 nəfərin geri göndərildiyini qeyd edib.
Bassami həmçinin 252 saxta həcc təşkilatı, 1239 qeyri-qanuni daşıyıcı və 109 mindən çox icazəsiz nəqliyyat vasitəsi aşkar etdiklərini bildirib.
Səlahiyyətlilər, builki həcc dövründə təhlükəsizliyin təmin edilməsi üçün pilotsuz uçuş aparatları, süni intellekt dəstəkli analiz sistemləri və müşahidə kameraları da daxil olmaqla qabaqcıl texnologiya sistemlərinin istifadəyə verildiyini açıqlayıb.
Dövlət Təhlükəsizliyi İdarəsinə bağlı Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Məhəmməd əl-Umri müqəddəs yerlərə icazəsiz girişin qarşısını almaq və izdihamın təhlükəsiz idarə olunmasını təmin etmək üçün bu il sahədə ətraflı planların həyata keçirildiyini bildirib.
Mülki Müdafiə Direktoru general-mayor Hamud əl-Fərc bu il ilk dəfə olaraq yanğınsöndürmə və xilasetmə missiyaları üçün “Sakr (Şahin)” adlı xüsusi pilotsuz təyyarələrdən istifadə ediləcəyini açıqlayıb.
Pasport departamentinin baş direktoru general-mayor Salih əl-Murabba 2025-ci ilin Həcc mövsümü öncəsi xaricdən gələn zəvvarların sayının indiyədək 1 milyon 475 mini keçdiyini açıqlayıb.
Səudiyyə Ərəbistanı Kral Salmanın xüsusi qonaq proqramı çərçivəsində İordan çayının qərb sahilindən gələn fələstinli şəhidlərin yaxınları, əsir və yaralıları ilk 500 nəfərlik zəvvar qrupunu qarşılayıb. Proqram çərçivəsində ümumilikdə 1000 fələstinli zəvvar qəbul ediləcək.