Səudiyyə Ərəbistanını tərk etməyi gecikdirənlər 50 min rial cərimələnəcək

09:23 23.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı hökuməti xəbərdarlıq edib ki, vizalarının müddəti bitdikdən sonra ölkəni tərk etməyənlər cərimələnəcəklər.

Hafta.az-ın yazdığına görə, Krallığın Daxili İşlər Nazirliyi viza müddəti bitdikdən sonra ölkəni tərk etməyənlərin 50 min riala qədər cərimə, 6 aya qədər həbs və deportasiya olunacağını açıqlayıb.

DİN Səudiyyə Ərəbistanında Həcc və Ümrə qaydalarına və təlimatlarına əməl etməyin vacibliyini vurğulayıb.

Nazirlik bütün ümrə zəvvarlarının ölkəni tərk etmələri üçün 29 aprel tarixinin son tarix olduğunu xatırladıb, eyni zamanda ümrə icazələrinin verilməsini iyunun 10-dək dayandıracağını və "Həcc" vizası olanlar istisna olmaqla, bütün viza sahiblərinin Məkkə şəhərinə girişini yasaqlayacağını açıqlayıb.

DİN builki Həcc mövsümündə zəvvarların təhlükəsizliyinin qorunması, həcc ziyarətinin təhlükəsiz, asan və dinc şəkildə yerinə yetirilməsi üçün əvvəllər də müxtəlif əsasnamələr və qabaqlayıcı tədbirlər təsdiq edib, nizamnamə və təlimatlara əməl olunmasının vacibliyini vurğulamışdı.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi verdiyi açıqlamada, icazəsiz həcc ziyarətinə cəhdin nizamnamə və təlimatların pozulması olduğunu təkrarlayaraq, icazənin Nusuk platforması vasitəsilə alınması lazım olduğunu vurğulayıb.