Türkiyədə böyük şaxta fəlakətinin kənd təsərrüfatı istehsalına sarsıdıcı təsirləri gündəmdə ikən Rusiyadan da oxşar xəbərlər gəldi. Aprelin 12-dən sonra Cənubi və Mərkəzi Rusiyaya təsir edən qəfil şaxta hadisələri 2025-ci ilin meyvə məhsulunu ciddi şəkildə təhdid edir.
Hafta.az-ın yazdığına görə, kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, şaxta bir çox bölgələrdə, xüsusən də Krasnodar və Stavropol vilayətlərində, işğal altındakı Krımda və Bryanskda ərik, şaftalı və gilas ağaclarına külli miqdarda ziyan vurub. Rusiya Bağbanlar İttifaqının məlumatına görə, bəzi rayonlarda ərik məhsulunun 100 faizi məhv edilib. Xüsusilə, bir neçə gün dalbadal -4 dərəcəyə enən temperatur ağaclarda yeni əmələ gələn meyvə tumurcuqlarını donduraraq məhsuldarlığı ciddi şəkildə aşağı salıb.
Kritik təsirlərə səbəb olan soyuq hava Qara dənizə yaxın bölgələrdə qeyri-mövsümsüz şəkildə davam edib. Məsələn, Krasnodarda temperatur -6 dərəcəyə düşüb. Kənd təsərrüfatı rəsmiləri xüsusilə çiçəkləmə dövründə bu şaxta hadisələrinin təsirinin qaçılmaz olduğunu bildirirlər. Stavropol Kənd Təsərrüfatı Nazirliyi şaftalı və ərik ağaclarında 40-50 faiz məhsul itkisi gözlədiklərini, alma və armud ağaclarının isə nisbətən az təsirləndiyini açıqlayıb. Lakin temperatur sabitləşənə qədər zərərin tam həcmini müəyyən etmək mümkün deyil.
Mütəxəssislər şaxta hadisələrinin xüsusilə erkən çiçək açan meyvə növlərinə təsir etdiyini və aşağı temperaturun da tozlandırıcı arıların fəaliyyətini pozduğunu vurğulayırlar. Milli Kənd Təsərrüfatı Sığortası Assosiasiyası bildirib ki, şaxta riski ən azı 4700 hektar sahədə meyvə, üzüm və giləmeyvə bağlarına təsir göstərə bilər, bu ərazilərin əksəriyyəti Krasnodar və Krımda yerləşir. 2024-cü ildəki analoji şaxtada 19 min hektardan çox meyvə istehsalı sahəsi zərər görüb, istehsalçılara dövlət tərəfindən 931 milyon rubl dəstək verilib. Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi səbəbindən daha davamlı növlərə və yeni kənd təsərrüfatı texnologiyalarına keçid zərurətə çevrilib.