Şimali Makedoniya prezidenti Qordana Silyanovska-Davkova parlamentin müvafiq işçi orqanı qarşısında qanuni öhdəliklərini yerinə yetirmədən vəzifəsinin icrasına başlayan səkkiz səfirin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Hafta.az-ın yazdığına görə, səfirlər təyin olunmazdan əvvəl Milli Məclisin xarici siyasət üzrə işçi orqanına xidmət göstərəcəkləri ölkə və ya beynəlxalq təşkilatla münasibətləri barədə fikirlərini bildirməyə borcludurlar. İşdən çıxarılan 9 səfirdən səkkizi bu öhdəliyi yerinə yetirməyib. Bir səfir səlahiyyət müddətinin başa çatması ilə əlaqədar adi prosedur çərçivəsində vəzifəsindən azad edilib.
İmzalanan sərəncamlara əsasən, Bosniya və Herseqovina, İsveç, Belçika, Bolqarıstan, Çex Respublikası, Monteneqro və Böyük Britaniyadakı, eləcə də Vyanadakı beynəlxalq təşkilatlar yanında fövqəladə və səlahiyyətli səfir geri çağrılıb.
Bundan əlavə, prezident Strasburqdakı səfir və Avropa Şurası yanında daimi nümayəndənin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamlara əsasən, səfirlərin səlahiyyətləri aprelin 30-da başa çatır.