“Sirat körpüsü“

15:15 08.11.2007
Yazını böyüt
Yazını kiçilt
“Elit dostlar məkanı“nda rəylərini öyrənmək məqsədi ilə media işçiləri üçün “Sirat körpüsü“ filminin təqdimat mərasimi keçirildi. Rejissoru Samir Kərimoğlu, prodüseri Mahir Kərimbəyli, rəssamı Faiq Kərimoğlu olan bu film detektiv janrında çəkilib. Rollarda tanınmış meyxanaçılar Elşən Xəzər, Aqşin Fateh, aktyor Ayşad (“Bəxt üzüyü“ndə Hüseyn), “Unformal“ qrupunun solisti Dilarə Kazımova və başqa sənət adamları çəkiliblər. Filmin musiqisi də “Unformal“a məxsusdur.
Filmin baş prodüseri - “Səbuhi“ studiyasının rəhbəri Hacı Mübariz bunları söylədi: “Bu film 7-8 ay öncədən hazırdır. Yay aylarında şəhərdə tamaşaçı kütləsi az olduğundan təqdimatını və göstərilməsini indiyə saxladıq. Film, yəqin, mart ayında ilk dəfə “Lider“ telekanalında yayımlanacaq. Biz bu filmi araya-ərsəyə gətirəndə maddi baxımdan qazanmayacağımızı bilirdik. Çünki piratlar buna imkan vermirlər. Xüsusən “Böyük şahinlər“ və “Nurlu sabahlar“ studiyaları pirat kasetlər çıxarırlar. Biz onların əlindən bir iş görə bilmirik. Amma inanırıq ki, nə vaxtsa bunun bir sonu olacaq. Bütün bunlara baxmayaraq biz həmişə “bu torpaqda yaşayan hər bir imkanlı şəxs nə isə yararlı bir iş görməlidir“ deyə düşünürük“.
2 saatlıq bu filmdə internatda böyüyən 6 uşağın taleyindən, bəzi hadisələrdən sonra onların qisas almaq hissindən, yaxşılıq etmək istəklərindən, bunun da nəticəsində oğurluq etmələrindən bəhs olunur. Sonda isə Cəhənnəmə gedən yolun bütün qapıları bu uşaqların üzünə açılır...


Xatirə
Oxunma sayı