Sosial müdafiə xərclərini ləğv edib sadəcə uşaqpuluna fokuslana bilmərik – Millət vəkili

14:40 29.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Birmənalı şəkidə onu bildirmək istəyirəm ki, uşaqpulu məsələsi bizim üçün çox aktualdır. Gəlin məsələni sadəcə “dövlət uşaq pulunu verməlidir” tezisi üzərində qurmayaq. Əvvəla, uşaqpulu ilə bağlı ciddi hesablamalar aparılmalıdır. Hesablama planı əsasında müəyyənləşdirməliyik ki, ölkə əhalisinin neçə faizi  uşaqdır və onların neçə faizi uşaqpulu ilə təmin olunmalıdır.

Bu fikirləri hafta.az-a Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə,  birincisi, uşaqpulunun məbləği müəyyənləşməlidir və biz qarşıdakı icmal büdcəmizi, 2022, 2023, 2024, 2025 -ci illər dövlət büdcəsini də nəzərdən keçirməliyik ki, problemləri köklü həll edək:

“Əgər biz uşaqpulunun verilməsinə başlayırıqsa bu, davamlı, əhatəli, hər il artan temp üzrə davam etməlidir. Uşaqpulu hesabatlı olmalı, bütün insanları əhatə etməlidir. Burada  veriləcək pullar hər il infilyasiyanın dərəcəsi nəzərə alınaraq hesablanmalıdır. 

Ünvanlı sosial yardımın respublika üzrə büdcəsini hesablamalıyıq və uşaqpulu verəcəyimiz təqdirdə bu, nə qədər olacaq. Ümumiyyətlə, sosial müdafiə xətti ilə insanlara verilən soial müdafiə vəsaitlərinin hansı hissəsini ləğv edib uşaqpuluna yönəldə bilərik? Sosial müdafiə xərclərini ləğv edib sadəcə uşaqpulunun üzərinə fokuslana bilmərik.

 Məsələn, müharibənin vurduğu ağır ziyanlar var, o ailələrin eləsi var ki, onlara uşaqpulu müavinətləri düşmür. Bəs onların sosial müdafiəsi nə ilə təmin edilsin? Uşaqpulu məsələlərinə getməliyik, amma bu, bütövlükdə ünvanlı sosial yardımın, digər yardımların, birdəfəlik mükafatların fövqündə deyil, başqa bir büdcə forması ilə edilməlidir. Elə etməliyik ki, həm uşaqpulu alanlar bundan yararlana bilsinlər, eyni zamanda, digər sosial müdafiəyə ehtiyacı olan ailələrin də ünvanlı sosial yardımları, prezident təqaüdləri, digər yardımları kəsilməsin. Yəni uşaqpulu o biri ailələrə verilən hansısa yardımların kəsilməsi hesabına baş verməli deyil”.

Oxunma sayı 1798