Şübhəli görüntülər Aytən Məmmədovaya təqdim olunub - DİN

09:39 13.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Jurnalist Aytən Məmmədovanı hədələyən şəxsin tapılması istiqamətində zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

 

DİN rəsmisi bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 134-cü maddəsi (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə cinayət işi başlanılıb, eyni zamanda jurnalist vəkillə təmin edilib:

 

"Hadisə baş verən ərazidəki bütün kameraların görüntülərinə baxış keçirilib, şübhə doğuran şəxslər tanınması üçün Aytən Məmmədovaya təqdim olunub. İstintaq üçün əhəmiyyət kəsb edən digər hallar da araşdırılır".

 

E.Zahidov qeyd edib ki, qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin açılması zaman tələb edir.

 

Qeyd edək ki, jurnalist Aytən Məmmədova mayın 8-də axşam saatlarında naməlum şəxsin hücumuna məruz qalıb. Hadisə Binəqədi rayonu, 9-cu mikrorayonda baş verib. Belə ki, Aytən Məmmədova yaşadığı binanın liftinə daxil olanda ortayaşlı bir kişi ona hücum çəkib



“Boğazımdan sıxa-sıxa dedi ki, sən ağıllanmadın? Qızımın ünvanına təhdid xarakterli söz işlətdi”, – jurnalist hadisə barədə danışarkən deyib. Həmin şəxs jurnalisti adını çəkmədiyi məhkəmə işinə görə hədələyərək yazmamasını tələb edib.


A.Məmmədovanın boğazında xəsarət izi qalıb. Jurnalist bu hədənin peşə fəaliyyətilə bağlı olduğunu vurğulayıb.

Oxunma sayı 48
Media rubrikasından digər xəbərlər