Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi - Prezident

19:53 21.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni, tam ədalətli aparırdı.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur: "Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir. Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi.
Ondan sonra bizi yeni, çox ağır sınaq və faciə gözləyirdi – Yanvar faciəsi. Hansı ki, yenə də Qorbaçov öz xalqına qarşı böyük cinayət törədərək dinc əhalini qırdırdı. Yüzdən çox günahsız insan həlak oldu. Azərbaycan xalqının qanı axıdıldı. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi tamamilə iflic vəziyyətdə idi. O vaxt respublikaya rəhbərlik edən, antimilli siyasətlə fərqlənən Vəzirov respublikanı tərk edib hərbi təyyarə ilə Moskvaya qaçdı. Heç bir rəhbər işçi bu qanlı cinayəti qınamadı. Ancaq o vaxt pensiyada olan Heydər Əliyev ona qarşı çox çirkin kampaniya gedə-gedə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, - mən də onun yanında idim, - öz səsini ucaltdı, bütün dünyaya Yanvar faciəsi haqqında məlumat verdi. Sovet İttifaqının rəhbərliyini qınadı, onların siyasətini pislədi və uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi.
O vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, bir gün Sovet İttifaqı dağılacaq. Yəni, bu addımı atarkən Heydər Əliyev təcrübəli rəhbər kimi bilirdi ki, ona qarşı çox böyük təzyiqlər olacaq və nəinki təzyiqlər, onun hətta həyatı təhlükə altına düşə bilər. Belə də oldu. Sonrakı tarix bunu bir daha göstərdi, onun həbs edilməsi haqqında qərar verildi. Bakıya gəlməli idi, həmin gün onun yaxın tərəfdarı qətlə yetirildi. Ondan sonra onun səfəri təxirə salındı. Sonra Bakıya gəldi. O vaxtkı rəhbərlik ona burada da yaşamağa imkan vermədi, Naxçıvana üz tutdu. Beləliklə, Azərbaycanın yeni dövrü başladı".