Şuşa Bəyannaməsi – qardaşlığın rəmzi

14:00 17.06.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İyunun 15-də Azərbaycanla Türkiyə arasında imzalanan "Müttəfiqlik haqqında Bəyannamə" ilə Türk dünyasına açılan qapıda yeni bir tarix dönəmin təməli qoyuldu. Azərbaycanın  Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar. Bu gün ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərinin zirvəyə gedən “yol xəritəsi”  müzakirə obyektidir.

Məlum olduğu kimi, Qars müqaviləsinin daha geniş forması olan bu Bəyannamə hərbi sahəni, müdafiə işbirliyini də əhatə edir. Deməli, Şuşa Bəyannaməsi Azərbaycanı kənar təhdidlərdən, xarici müdaxilələrdən qoruyacaq. Belə olduğu təqdirdə, bu sənədin tətbiqi bütün ərazilərimizə, yəni bu gün sülhməramlıların da olduğu ərazilərə tətbiq olunacaqmı? Şuşa Bəyannaməsi hansı siyasi və tarixi əhəmiyyətə malikdir? Bu bəyannaməyə Rusiyanın və Qərbin reaksiyaları nə ola bilər?  

Azərbaycanın ictimai-siyasi kəsimi, hərbi ekspertlər  "Müttəfiqlik haqqında Bəyannamə"ni hafta.az-a şərh edərkən mühüm hadisələrə diqqət çəkiblər.

Bundan  sonra Türkiyə də Rusiya sülhməramlıları ilə bağlı həssas mövqe nümayiş etdirəcək

Sərdar Cəlaloğlu, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri

-Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik şərtlərini müəyyən edir. Bu o deməkdir ki, artıq Türkiyə ilə Azərbaycan müstəqil ittifaq dövlətləridir. İttifaq dövlətləri beynəlxalq hüquqa görə bir-birinin müdafiəsində iştirak edir, maraqlarını ödəyirlər. İttifaqın yaranmasına görə narahat olan, problemlər yaratmağa cəhd edən  qüvvələr olsa da, kimsə Türkiyə-Azərbaycan müttəfiqliyinə qarşı açıq şəkildə çıxış edə bilməz.

“Şuşa Bəyannaməsi” Qars müqaviləsinin genişləndirilməsidir.  Qars müqaviləsi Naxçıvan üzərində Türkiyənin zəmanət hüququnu təsdiq edirdi. İndiki müqavilə isə Türkiyənin bütün Azərbaycan üzərində zəmanət hüququnun təsdiqidir. Bu, Türkiyə ilə Azərbaycan arasında konfederasiyanın yaranması deməkdir.  Sadəcə olaraq adını müttəfiqlik qoyurlar. Müttəfiqlik amillərini, xarici institutları birləşdirmək lazımdır.  Bu Bəyannamənin tətbiqinə bütün Azərbaycan daxildir. Düşünürəm ki, bundan sonra Türkiyə Rusiya sülhməramlıları ilə bağlı Azərbaycanla eyni dərəcədə həssas mövqe nümayiş etdirəcək.  Yəni Türkiyə öz ərazisində belə bir sülhməramlı qüvvələr varmış kimi  eyni reaksiyanı göstərəcək.

O ki qaldı Rusiyanın verə biləcəyi təpkilərə, bundan sonra Rusiyanın hər hansı təzyiqi ola bilməz. Onsuz da bu dövlət Azərbaycanla bağlı və bu müttəfiqliyin qarşısını almaq üçün əlindən gələni edib.

Bu, Bakının Moskvanın təzyiqləri qarşısında yeni immunitetini formalaşdıracaq

Məhəmməd Əsədullazadə, politoloq

- Şuşa Bəyannaməsi iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin müttəfiqliyinin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Şuşada imzaladığı "Şuşa Bəyannaməsi" siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji, müdafiə və hərbi - texniki sahələri əhatə edən müttəfiqlik müqaviləsidir.  Bu Bəyannaməyə əsasən, Türkiyə Cənubi Qafqazda Azərbaycanın təhlükəsizliyinin mühafizəçisi olacaq. Bununla da Azərbaycanın ərazi bütövlüyü toxunulmaz olacaq. Hər hansı bir təhdid olacaqsa, meydanda açıq şəkildə Türkiyəni görəcəklər. İkinci, Qarabağın müəyyən bir hissəsində erməni separtizminə zərbə vurulacaq. Üçüncü, Ermənistanın Azərbaycana qarşı müəyyən mərhələdə hər hansı bir təxribatına son qoyulacaq. Xüsusilə, Qarabağda silahlı erməni birləşmələrinin fəaliyyətinin sonuna gəldiyini qeyd etmək olar. Buradakı qanunsuz silahli erməni birləşmələri təhlükəsizliyi təhdid edir və Türkiyə Rusiyadan konkret olaraq onların ləğv edilməsini tələb edəcək. Dördüncü, Rusiyanin Azərbaycana qarşı hər hansı  hərbi təzyiqləri neytrallaşacaq.

Bu Bəyannamə iki ölkə arasında hərbi paktın bir nümunəsidir və burada müəyyən olunan bəndlər, əsasən, gələcəkdə hərbi əməkdaşlığın yeni bir müqaviləsini bağlamaga gətirib çıxara bilər. Bu da Türkiyənin hərbi bazalarının Azərbaycanda rəsmən yaradılmasıdır. Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin "Qars" müqaviləsinin bəndlərinə uyğun olduğunu qeyd etməklə, bir daha Türkiyənin Azərbaycanın təhlükəsizliyinin qarantı olduğu mesajını verdi. Bu Bəyannamədə diqqətçəkən əsas bənd "Zəngəzur" dəhlizi ilə bağlı idi ki, iki ölkə yaxın perspektivdə dəhliz məsələsinin həllinə nail olacaq. Şuşa Bəyannaməsinin imzalanmasını şərtləndirən amillər, əsasən, regionda cərəyan edən siyasi-hərbi proseslərlə bağlıdır. Həmçinin Rusiyanın qonşu ölkələrin təhlükəsizliyini təhdid etməsidir. Göründüyü kimi Azərbaycan çevik şəkildə Türkiyə ilə çox ciddi şəkildə birgə inteqrasiya siyasətinin əsasını qoydu. Bu, Bakının Moskvanın təzyiqləri qarşısında yeni immunitetini formalaşdıracaq. Türkiyə bununla Cənubi Qafqazda varlığını rəsmi şəkildə gücləndirdi.

 Bəyannamə Ermənistanda qorxu və vahimə yaradarkən, Moskvanın reaksiyasi, hələ ki, soyuqqanlıdır

Elxan Şahinoğlu, politoloq

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa və Şuşaya səfəri, burada İlham Əliyevlə imzaladığı tarixi sənəd erməniləri yaman qorxudub. Ermənistanın olmayan Xarici İşlər Nazirliyi Qarabağdakı separatçılarla birgə açıqlamalar yayınlayıb. Həmin açıqlamalarda ağıllarına gələn məntiqsizlikləri yazıblar, təkrarlamağa ehtiyac yoxdur. Rusiyaya çağırışları diqqətimi çəkdi. Bəyanatlarındakı həmin cümlənin məğzi beləydi ki, “Ermənilər Türkiyənin Qarabağ gəlişini əngəlləyə bilməyəcəklər, Türkiyəni yeganə Rusiya saxlaya bilər, kömək edin...”.

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə görüşmək üçün Cenevrəyə yola düşüb. Kreml sahibi bu saat Baydenlə görüşün detalları üzərində fikirləşir. Putin Ərdoğanla münasibətləri korlamaq istəməz. Digər tərəfdən Türkiyə artıq Azərbaycan və Qarabağda möhkəmlənib və Rusiya müttəfiqimizi bölgədən çıxarmaq iqtidarında deyil.

Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri və Şuşada azərbaycanlı həmkarı İlham Əliyevlə imzaladığı Bəyannamə Ermənistanda qorxu və vahimə yaradarkən, Moskvanın reaksiyasi soyuqqanlıdır, xüsusi açıqlamaları yoxdur. Ərdoğan Şuşadan bölgə ölkələrinə “Gəlin əməkdaşlıq edək” çağırışını edib. “Rusiya Prezidenti Vladimir Putin də əməkdaşlıq üçün fədakarlığa hazırdır” ifadəsi Kremldə isti mesaj kimi qəbul edilə bilərdi. Ərdoğan Şuşadan demək istədi ki, Türkiyə-Azərbaycan hərbi ittifaqı Rusiyaya qarşı deyil, bu ittifaq Azərbaycan torpaqlarına göz dikənlərə qarşıdır. Buna baxmayaraq, Rusiyadakı şovinist qüvvələr Türkiyə-Azərbaycan hərbi ittifaqının gücləndirilməsini və Türkiyənin Qarabağda möhkəmlənməsini Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması, hətta Turanın qurulmasına atılan ilk addım kimi qiymətləndirə bilərlər. Bu onların işidir. Bizim işimiz strateji müttəfiqlə əlaqələri daha üst səviyyəyə qaldırmaq, İlham Əliyevin dediyi kimi, Azərbaycan Ordusunu Türkiyə Ordusunun kiçik modeli halına gətirmək, Qarabağda yerdə qalan separatçıları tərk-silah etmək, Ermənistanla sərhədi tam nəzarətə götürmək, azərbaycanlıların Qarabağın bütün məntəqələrinə qayıdışını təmin etmək və Zəngəzur dəhlizini işə salmaqdır.

Şuşa Bəyannaməsinin imzalanması stabilləşdirici addımdır

Metyu Brayza, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri

Müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə daha da çox sadiqliyini əks etdirir. Şuşa Bəyannaməsinin imzalanması stabilləşdirici addımdır. Bəlkə də bəyannamədə ən vacib maddə üçüncü dövlət və ya dövlətlər tərəfindən ölkələrdən birinin müstəqilliyi, suverenliyi, əraz bütövlüyünə qarşı təhdid, təcavüz təqdirində birgə məsləhətləşmələrin keçirilməsi, bir-birinə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq silahlı qüvvələrin güc və komanda strukturlarının razılaşdırılmış fəaliyyətinin təmin edilməsidir. Şuşa Bəyannaməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə daha da çox sadiqliyini əks etdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, xüsusilə də Şuşaya səfəri vacib əhəmiyyət daşıyır.

Bəyannamənin müddəaları ümummilli lider Heydər Əliyevin irəli sürdüyü "bir millət - iki dövlət" ideyasına uyğundur

İlqar Vəlizadə, politoloq

- Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri barədə Şuşa bəyannaməsinin imzalanması iki ölkə arasında əlaqələrdə mühüm tarixi hadisədir. Bu hadisə həm də regionun həyatında tarixi hadisədir. Münasibətlər ən yüksək səviyyəyə, strateji müttəfiqlik səviyyəsinə çatıb. Söhbət hərtərəfli siyasi, hərbi-texniki və iqtisadi inteqrasiyadan, Azərbaycanla Türkiyə arasında ümumi siyasi, iqtisadi, hərbi-siyasi məkanının yaradılmasından gedir. Bəyannamənin müddəaları ümummilli lider Heydər Əliyevin irəli sürdüyü "bir millət - iki dövlət" ideyasına uyğundur.

Azad edilmiş ərazilərin bərpası işində geniş əməkdaşlıq perspektivləri açılır. Fikrimcə, yaxın aylarda biz rayonlarımızın, şəhərlərimizin, kəndlərimizin bərpa olunmasını görəcəyik. Bütün bunlar ikitərəfli əməkdaşlığın, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin rəmzləridir və regiona, hər iki ölkənin xalqlarına uzunmüddətli sülh və çiçəklənmə vəd edir.

Azərbaycan, Rusiya və Türkiyə Ermənistana təzyiq göstərməlidir

Darya Qrevtsova, rusiyalı politoloq

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsini imzalamaları iki ölkə arasındakı münasibətlərin müttəfiqlik xarakterini təsdiq edir. Hər iki tərəf müttəfiqlik çərçivəsində regionun inkişafına hazır olduqlarını nümayiş etdiriblər. Ən əsası, bu, müxtəlif iqtisadi layihələrin inkişafıdır. Ancaq bunun üçün hər şeydən əvvəl Zəngəzur dəhlizindəki kommunikasiyalar blokadadan çıxarılmalıdır. Burada hər üç tərəfdən - Azərbaycan, Rusiya və Türkiyədən Ermənistana mina xəritələrinin verilməsi üçün təzyiqlər göstərilməlidir Regionun intensiz inkişafı Ermənistana da sərf edəcək. Belə ki, kommunikasiyaların deblokadasından sonra yeni yollar açılacaq və investisiya layihələri, eləcə də digər bir çox layihələr reallaşdırılacaq.

Şuşa Bəyannaməsi hər iki dövlətin ərazi bütövlüyünün və suverenliyinin qorunması deməkdir

Arzu Nağıyev, Milli Məclisin deputatı

- Şuşa bəyannaməsi çox mühüm məsələləri özündə ehtiva edir. Bəyannamə hərbi, siyasi, mədəni, iqtisadi baxımdan iki qardaş ölkənin bir-birinin yanında olması deməkdir. Eyni zamanda sənədin ən mühüm müddəalarından biri də tam şəkildə təhlükəsizliklə bağlı olan bənddir. Belə ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə iki dövlətin birgə fəaliyyəti nəzərdə tutulur. Bütün bunlarla yanaşı Zəngəzur dəhlizi vasitəsilə Türk dünyasının birləşməsi, həmçinin dəhliz vasitəsilə Naxçıvandan bir başa Türkiyəyə və Avropaya çıxışın əldə olunması böyük nəaliyyətdir. Şuşa Bəyannaməsi Cənubi Qafqazda və həmçinin regionda sülhün təminatı deməkdir. Bəyannamənin bütün müddəaları düşünülmüş, hər bəndi ayrılıqda şərh olunması gərəkən çox önəmli sənəddir. Məsələnin digər bir tərəfi də ondan ibarətdir ki, ermənilər Türkiyə prezidenti Cənab Ərdoğanın Şuşaya səfərini Türkiyənin Turançılıq ideyasını yayılması istiqamətində atdığı addım kimi qələmə verməyə çalışırlar. Qərb dairələrinin də bu ideyalarla bağlı olan fikirləri məlumdur. Əslində isə Ermənistan tərəfinin gözlə görünən provokasiyalarıdır.

Şuşa Bəyannaməsi hər iki dövlətin ərazi bütövlüyünün və suverenliyinin qorunması deməkdir.

Dağlıq Qarabağdakı işğala son qoymaq üçün Şuşada Türk dünyası dövlətlərinin liderlərinin görüşü keçirilməlidir

Hasab Oqtay, Türkiyənin Cənubi Qafqaz Araşdırmaları mərkəzinin rəhbəri

- Onun sözlərinə görə, Cənubi Qafqazda heyrətamiz proseslər cərəyan edir. Prezident Ərdoğan NATO toplantısını tərk edən kimi Brüsseldən Bakıya gəldi. NATO toplantısında qazandığı böyük uğurdan sonra ayaqlarının tozu ilə Bakıya gələn Ərdoğan, Əliyev tərəfindən mərasimlə qarşılandı. İki günlük mərasimlərin ən diqqət çəkən mövzusu Şuşadakı görüşlər və yayımlanan bəyannamə idi. 44 günlük müharibədən sonra Dağlıq Qarabağda nə qədər böyük bir uğur qazanılsa da, nəticədə Dağlıq Qarabağdan kənar yerlər işğaldan azad edildi. Ancaq mübahisəli Dağlıq Qarabağda yalnız Şuşa işğaldan azad edildi, digəri yerlər hələ də erməni rus işğalı altında idi. Bu mənada Ərdoğanın Şuşada bir bəyannamə imzalaması beynəlxalq hüquq baxımından son dərəcə əhəmiyyətlidir. Çünki sabah Dağlıq Qarabağda tətbiqi planlaşdırılan Donbass modelinin qarşısını artıq almaq lazımdır. Fransa və Rusiya yaxın günlərdə Dağlıq Qarabağda ciddi fəaliyyət göstərəcəklər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qalan Dağlıq Qarabağla bağlı bir status araşdırması aparırlar. Bunu aradan qaldırmaq üçün Ərdoğan və Əliyevin Şuşada yayımladığı bəyannamə bu siyasi gedişlərin qarşısını almaq üçün son dərəcə kritik bir hərəkətdir. Dağlıq Qarabağdakı işğala son qoymaq üçün Şuşada Türk dünyası dövlətlərinin liderlərinin görüşü keçirilməlidir. NATO, BMT və Türk dünyası liderləri Azərbaycanın ərazi bütövlüyünü müdafiə edərkən, Dağlıq Qarabağda hüquqi status mübahisəsinin açılması Cənubi Qafqaz üçün sağlam nəticələr verməyəcəkdir. Rusiya Ukraynada Cənubi Qafqazda Dağlıq Qarabağ üzərində tətbiq etdiyi Donbass modelini davam etdirmək istəyir və Putini bu mövzuda inandırsalar və Dağlıq Qarabağdakı işğala son qoyulmasa, bu dəfə ikinci bir Ermənistandan danışacağıq. 20 İyundakı Ermənistan seçkiləri bu baxımdan Azərbaycan üçün çox vacibdir.

Oxunma sayı 759
Siyasət rubrikasından digər xəbərlər