Şuşadakı ermənilər Türk Ordusunu təntənə ilə qarşıladı... - Araşdırma

14:03 17.06.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Tariximiz boyu  indiyədək Şuşanı ziyarət etmiş ən rütbəli Türkiyə dövlət mənsubu  Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru paşa olmuşdu

İyunun 15-də  Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə Şuşadakı möhtəşəm görüşü və hər iki lider tərəfindən onillər sonraya hesablanmış Şuşa Bəyannaməsinin imzalanması bu qədim Azərbaycan şəhərinin, bütövlükdə  Türk dünyası üçün tarixi və strateji əhəmiyyətini gündəmə gətirdi.

Əlbəttə, R.T. Ərdoğan Qarabağı, Şuşanı ziyarət etmiş ilk Türkiyə dövlət başçısıdır. Tarixə müraciət etdikdə məlum olur ki, hələ XVIII əsrin ikinci yarısında, əsasən, İbrahimxəlil xan dövründə Osmanlı İmperiyası ilə Qarabağ xalığı arasında qarşılıqlı elçilər və məktub mübadilələri olmuşdur.  O dövrdə sultan hökuməti Rusiya əleyhinə bağlanacaq ittifaqda Qarabağ xanlığına böyük əhəmiyyət verirdi. 1776-cı ildə İbrаhimхəlil хаn öz vəziri Mоllа Həsəni Оsmаnlı sultаnından yardım almaq üçün İstanbula göndərmişdi, 1783-cü ilin pаyızındа isə Аzərbаycаn və Dаğıstаn feodаllаrı ilə Rusiyаyа və Kаrtli-Kахeti çarlığına qаrşı ittifаq yaratmaq məqsədilə Хəlil pаşаnın bаşçılığı ilə Cənubi Qafqazа göndərilən Оsmаnlı nümаyəndə hеyəti Qаrаbаğda İbrаhimхəlil хаnla görüşmüş və Şuşada öz qərаrgаhlarını yaratmışdılar. 1784-cü ilin yanvarında toplanış mərkəzi olan Şuşaya, artıq 8 min döyüşçü yığılmışdı və Şuşa şəhəri Osmanlı paşası Xəlil əfəndinin bir növ qərargahına çevrilmişdi...

Onu da deyək ki, Osmanlı Dövləti və Rusiya İmperiyasının Qarabağ Xanlığına münasibəti eyni deyildi. Əgər Osmanlı Dövləti xanlığa qarşı heç bir ərazi iddiası irəli sürməyib, yalnız onun hərbi gücündən öz siyasi maraqlarını həyata keçirmək üçün istifadə etməyə çalışırdısa, Rusiya Cənubi Qafqazı, o cümlədən Qarabağ xanlığının ərazisini tutmaq niyyətində idi. Təəssüf ki,  XIX əsrin əvvəlindən başlayaraq Rusiya Qarabağ xanlığı da daxil olmaqla, Quzey Azərbaycanın işğalını başa çatdıraraq bu niyyətinə nail oldu...

Nəhayət, XX əsrin əvvəlində Osmanlı Türkiyəsi Azərbaycanı həm Rusiyanın işğalından qurtarmaq, eyni zamanda məhz Kremlin dəstəyi ilə xalqımıza qarşı soyqırımı aparan erməni terrorçuluğuna son vermək üçün birbaşa hərbi gücü ilə bizə dəstək vermək imkanı əldə edə bildi.

Müxtəlif tarixi mənbələrdə 1918-ci ildə Bakının azad edilməsindən sonra, Nuru Paşa başda olmaqla əsas özəyi Osmanlı Ordusundan ibarət  Qafqaz İslam Ordusunun Qarabağ, Şuşa səfəri və zəfəri barədə  maraqlı faktlar söylənilir.

“1918-ci il oktyabrın 1-də Nuru Paşa artıq Ağdama gəlmişdi. Döyüşə hazırlıq vəziyyəti yoxlanıldıqdan sonra, oktyabrın 4-də Qarabağ dəstəsi Şuşaya doğru hərəkətə başladı və elə həmin gün Əsgəran ətrafında güclü döyüşlər baş verdi. Əsgəran boğazının təbii şəraitindən istifadə edən ermənilər burada möhkəm müdafiə postları qurmuşdular. Üzbəüz döyüşlə bu mövqeləri yarıb-keçmək çətin olacağından, 2-ci Azərbaycan piyada alayı və bir süvari alayı Kətik-Daşbaşı istiqamətinə göndərildi. 9-cu Qafqaz piyada alayı isə Ağbulağa tərəf hərəkət etdi və bu məntəqəni ələ keçirərək, ermənilərin cənuba doğru geri çəkilmək yolunu kəsdi. 9-cu alayın bu məntəqəni ələ keçirməsi və həmin alayın 25-ci taborunun cənubdan Əsgərana doğru hərəkəti ermənilərin müqavimətini tamamilə qırdı və onların geri çəkilməkdən başqa çarəsi qalmadı. Bununla da Şuşa yolunda əsas müqavimət səddi aradan qaldırıldı. Xramort, Xanabad, Daşbaşı, Aranzəmin, Qarakənd erməniləri də müqavimət göstərməyə çalışırdılar. Oktyabrın 6-da Əsgəranla Şuşa arasındakı Əyrikənd ətrafında növbəti döyüş baş verdi. Burada xeyli erməni qüvvəsi toplaşmışdı. 1-ci Azərbaycan diviziyasının sərəncamında olan topların sürəkli atəşindən sonra həmin qüvvələr qaçıb dağılışdılar. Xanabad, Qılınəbağı və Kətik kəndlərinin dağlara qaçmış əhalisi müqavimətin əbəs olduğunu anlayıb silahlarını təhvil verməyə başladılar...

Şuşa istiqamətində oktyabrın 6-dək davam edən döyüşlərdə bir zabit və 32 əsgər şəhid olmuş, 65 nəfər yaralanmış, 16 min güllə və 276 top mərmisi sərf edilmişdi. Ayın 7-də Şuşa istiqamətində irəliləyən əsas qüvvələr Xankəndinə doğru hərəkəti davam etdirdilər. Əsas qüvvələr irəli hərəkət etdikcə arxada qalan yolun və məntəqələrin mühafızəsi də təmin olunurdu. Bu məqsədlə bir piyada taboru Ağdamda saxlanıldı, bir piyada taboruna isə Şuşa-Ağdam yolunun mühafizəsi tapşırıldı. 1-ci Azərbaycan diviziyası və onun tabeliyinə verilmiş hissələr oktyabrın 4-də Ağdamdan hərəkət edərək ayın 8-də Şuşaya daxil oldular. Yalnız oktyabrın 4-də Əsgəran ətrafında döyüşə girən bu qüvvələr sonrakı günlərdə elə bir ciddi müqavimətlə rastlaşmadan yol üstündəki kəndlərdən silah toplamaqla məşğul idilər...

Şuşa əhalisi Qafqaz İslam Ordusu qüvvələrinin qarşılanması üçün Gövhər ağa məscidində könüllü 20 min rubl vəsait toplamışdı. Bu vəsait qoşun hissələrinin yerləşdirilməsinə, onların ərzaqla təchizatına sərf edildi. Şuşa bəylərindən biri şəhərə gələn qoşunların birgünlük bütün xərclərini öz üzərinə götürdü. Digər bəylər və imkanlı adamlar  qoşunların ərzaq təminatı üçün böyük miqdarda çörək, çay, şəkər və s. almışdılar.

Şuşada Qafqaz İslam Ordusu hissələrinin rəsmi keçidi də təşkil edildi. Bu rəsmi keçid həm azərbaycanlılar, həm də ermənilər tərəfındən izlənildi. Şəhərin həm azərbaycanlılar, həm də ermənilər yaşayan hissəsində postlar quruldu və asayişin təmin edilməsi onlara tapşırıldı.

1-ci Azərbaycan diviziyası qərargahının Şuşada yerləşdirilməsi planlaşdırılırdı. Diviziya bölgənin təhlükəsizliyini təmin etməli idi. Bölgədə əvvəlki vəziyyəti bərpa etmək üçün isə ermənilər təkcə öz qüvvələrini gücləndirmir, eyni zamanda, havadarları vasitəsilə Türkiyəyə güclü təzyiq göstərir və cidd-cəhdlə Qafqaz İslam Ordusu hissələrinin Qarabağdan çıxanlmasını tələb edirdilər. Yaranmış mürəkkəb beynəlxalq şərait və eyni zamanda, Mudros barışığının şərtlərinə görə, türk hərbi qüvvələrinin Azərbaycandan geri çağırılması Qarabağda yenidən baş qaldıran erməni-daşnak təcavüzünü birdəfəlik susdurmağa imkan vermədi. Qarabağdakı 9-cu və 106-cı türk alaylarının geri çağırılmasından sonra general-mayor Usubov diviziyanın komandiri təyin edildi və Qarabağda erməni təcavüzünə qarşı mübarizə aparmaq bütünlüklə Azərbaycan hissələrinin öhdəsinə düşdü...”.

Digər məlumatlara görə, Şuşaya daxil olandan sonra Nuru Paşa Gövhər ağa məscidində namaz qılıb və sonra şəhərdə hərbi keçid də təşkil edib. Ermənilərin və şuşalıların gözü qarşısında keçirilən hərbi parad azərbaycanlılara sevinc, ermənilərə isə dərd gətirib. Şuşalılar da Bakının azad olunması zamanı Nuru Paşanın şərəfinə oxunan “Küçələrə su səpmişəm” mahnısını ifa ediblər...

Azərbaycan Demokratik Respublikasının orqanı olan “Azərbaycan” qəzetinin rus dilində nəşrinin redaktoru,  o dövrün tanınmış jurnalist, tənqidçi, teatrşünas və tərcüməçisi Xəlil İbrahimin həmin qəzetdə Qarabağda, Zəngəzurda bu günkü olayların da təhlili baxımından  çox dəyərli olan rusca və azərbaycanca “Qarışıq günlərdə Qarabağın vəziyyəti”nə dair reportajlar çap etdirib. 

 Şuşada doğulmuş və 1938-ci ildə sovet repressiya maşını tərəfindən Nargin adasında güllələnmiş Xəlil bəy 1918-ci il noyabrın 1-də “Azərbaycan”  qəzetinin 24-cü sayındakı yazısında Əsgəran-Xankəndi istiqamətindən yolu kəsilən və demək olar ki, mühasirədə qalan Şuşada azərbaycanlılara qarşı vuruşan ermənilərin sonradan Azərbaycan dövlətinin varlığı qarşısında necə boyun əyməsindən, türk qoşunlarını təntənə ilə qarşılamasından bəhs edir. Bundan əvvəlki məqaləsində müəllif bildirir ki, əvvəlcə tezliklə Andranikin və Şahnazaryan soyadlı digər erməni sərkərdənin başçılığıyla Zəngəzurdan Şuşaya qoşunlar gəldiyini eşidən ermənilərin əksəriyyəti Azərbaycan dövlətini tanımaq haqda düşünmür. Yalnız az bir qismi gizli şəkildə Azərbaycan türkləriylə sülh danışıqları aparmağa cəhd edir. Lakin sonradan vəziyyət dəyişir...

“Şəhərdə (Şuşada - S.L.) son günlər çox əsəbi atmosfer yaranmışdı: hər an iğtişaş və qarşıdurmalar gözlənirdi. Xalq aclıq keçirirdi. Ac camaatın bir hissəsi ermənilərlə döyüşdən sonra yolun açılacağına ümid edərək döyüşə atılaraq mühasirəni yarmağı təklif edirdi. Başqa biriləri isə özləri üçün böyük ərzaq ehtiyatı toplamış varlıların malikanələrində axtarış aparılmasında təkid göstərirdi. Hər iki qərar qarşısıalınmaz qan tökülməsinə gətirib çıxara bilərdi. Xalq o qədər ruhdan düşmüşdü ki,  əsgərlərin Ağdama gəlməsi haqda yenidən yayılmış xəbərlərə də inanmırdı.

 Belə bir kritik məqamda şəhərə İsmail Haqqı bəyin (Türkiyə-Osmanlı sərkərdəsi - S.L.) Ağdama nümayəndələrini göndərmələri tələbi ilə ermənilərə ünvanladığı məktub çatdırıldı. Ermənilər tərəfindən 5 nümayəndə göndərildi. O biri gün onlardan ikisi Şuşaya qayıdıb xəbər verdi ki, onların yoldaşlarından 3-ü Ağdamda saxlanılıb, onlar isə türklərin şəhərin dərhal təslim edilməsi barədə tələbini çatdırmaq üçün göndərilib. Bu haqda oxşar məlumat Şuşa komendantı Həsən Bəsri bəyə də ünvanlanmışdı.

 Bu məsələnin həlli üçün ermənilər iclas çağırdılar. Yığıncaqda çox mübahisə və ixtilaflar yarandı. Lakin 5 gün ərzində onlar heç bir  cavab vermədilər.

 Şəhərin müsəlmanları isə türklərin tezliklə gələcəyini eşidərək tələsik azadlıq mücahidlərinin təntənəli qarşılanma mərasiminə hazırlaşmağa başladı. Şəhərin girişində triumfial tağbənd quraşdırıldı.  Oxşar tağbəndlər bazarın əvvəlindəki  Şah körpüsündə,  Meydana gedən yolda və bir çox digər yerlərdə də quraşdırıldı.

 Ermənilər isə hələ də heç bir qərar çıxarmamışdılar... Nəhayət, 5-ci gün axşam saat 9-da ermənilər – İnternasional Komitəsinin üzvləri təslim olmaları haqda bəyanatla gəldilər. 6-cı gün Ağdamda saxlanılmış 3 erməni nümayəndəsi Şuşaya gəldi və onlara 24 saat ərzində şəhəri təslim etmək təklif olunduğunu bəyan etdi.

 Elə həmin gün bir neçə erməni bir əldəqayırma top, bir pulemyot və 80 tüfənglə şəhərin komendantının yanına gəlib təslim olduqlarını və Azərbaycan dövlətinin hakimiyyətini tanıdıqlarını bəyan etdi...

 O biri gün Ağdama İsmayıl Haqqı bəyə və Cəmil Cihad bəyə(Türk- Osmanlı sərkərdəsi-S.L.) bu hadisə haqda xəbər çatdırmaq üçün çapar göndərildi.

 Elə həmin gündən ermənilər də şəhərin erməni hissəsini türklərin gəlişi üçün bəzəməyə başladılar; internasional komitəsi qarşısında, Yuxarı meydanda, eləcə də şəhərə girişdə tağbəndlər quraşdırdılar. Görüşün təşkilatçılığını və xərclərini müsəlman milli komitəsi öz üzərinə götürdü. Gövhər ağa məscidində əhalinin öz arzusu ilə bu məqsədlə 20 min rubl pul toplanıldı.

 Bundan əlavə, yerli bəylərdən biri tam bir gün ərzində türklərin bütün qəbul xərclərini öz üzərinə götürdü. Eyni məqsədlə bir çox şəxslər tərəfindən çay, qənd, qəhvə, çörək və s. ianə edildi.

 İki gündən sonra Türk Ordusu Şuşaya yaxınlaşdı. Onların gecikməsinə səbəb Əsgəran yaxınlığında dağın ətəyindəki erməni kəndlərinin qoşunlara müqavimət göstərərək onları ləngitməsi olmuşdu. Həmin kəndlər bunlar idi: Xoramurd, Xanabad, Daşbaş, Aranzəmin, Kənik, Ağbulaq, Qarakənd və bir sıra digərləri. Xaçınçay yaxınlığındakı kənddə də müqavimət göstərildi. Burada Ağdam qoşunları böyük igidlik və şücaət göstərdi...” (X.İbrahim. “Azərbaycan” qəzeti, 1 noyabr 1918-ci il.  №24).  

1918-ci ildə Osmanlı-Türk Ordusunun sərkərdə və əsgərlərinin Azərbaycan, Qarabağ, eləcə də Şuşa üçün göstərdikləri igidliklər haqda faktları saymaqla bitməz...

“Ümid edirik ki, Şuşa bəyannaməsindən sonra tolerant, multikultural siyasət yeridən Azərbaycan Dövləti Yuxarı Qarabağda yarımçıq qalmış ərazi bütövlüyümüzü də tam təmin edəcək...”

Bunu “Həftə içi”nə açıqlamasında qardaş Türkiyənin tarixən daim Azərbaycan üçün əlindən gələni etməyə çalışmasından bəhs edən  BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz  söyləyib.

“Türkiyə liderinin möhtəşəm Şuşa səfərindən danışarkən unutmayaq ki, 103 il öncə - 1918-ci ildə Xalq Cümhuriyyəti dönəmində də Osmanlı ordusu Nuru Paşa, Mürsəl Paşa, Cahid Cəmil bəy, İsmayıl Haqqı bəyin və b. rəhbərliyi ilə həm Azərbaycan xalqını erməni zülmündən və qətliamından qurtardı, eyni zamanda Bakını yadelli işğalçılardan azad edərək bu şəhərin ölkəmizin paytaxtı kimi qorunub-saxlanmasında AXC-yə həlledici kömək göstərdi. Türk qardaşlarımız bununla da kifayətlənməyərək  Qafqaz İslam Ordusu  tərkibində aparıcı güc kimi Qarabağa və Zəngəzura da müzəffər yürüş keçirərək ermənilərə həlledici zərbə vurdu, o cümlədən Şuşanın işğalçı ermənilərdən təmizlənməsində böyük rol oynadı. Həmin hərbi əməliyyatlar zamanı Nuru paşa başda olmaqla Türkiyə ordusu, o cümlədən Cahid Cəmil bəy, İsmayıl Haqqı bəy  Şuşaya da  daxil olaraq bu Azərbaycan şəhərində əmin-amanlıq yaradılmasına nail olublar. Yəni tariximiz boyu  indiyədək Şuşanı ziyarət etmiş ən rütbəli Türkiyə dövlət mənsubu  Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru paşa olmuşdu. Odur ki, bu nəhəng türk oğlunun da Bakı və Qarabağ, Şuşa zəfərlərini də unutmayaq...

Şükürlər olsun ki, nəhayət, ordumuzun 44 günlük savaşdakı qələbəsindən sonra 15 iyun 2021-ci ildə Türkiyə dövlətinin başçısı, Prezident Rəcəb Tayyib Ərdoğanın hələ 6 ay öncə vəd etdiyi  Qarabağı, Şuşanı ziyarəti baş tutdu. Bu, Qarabağın, Şuşanın tarixində ilk və çox böyük və qürurverici bir hadisədir...

Onu da deyim ki, Mudros müqaviləsinə əsasən I Dünya savaşının qalibləri Osmanlıdan Azərbaycan və Qafqazdan çıxmağı tələb etdiyindən türk ordusunun ölkəmizə o vaxtkı dəstəyi yarımçıq qaldı. Osmanlı ordusu Azərbaycanı tərk edəndə cəmi 1500 nəfərlik kiçik ordumuz var idi.  Buna rəğmən AXC hökuməti  qısa müddətdə bütün ölkəni səfərbər edərək həm Lənkəran, həm də Qarabağ, Zəngəzur istiqamətində Rusiya və Ermənistanla ağır döyüşlər apararaq ərazi bütövlüyümüzü bərpa edə bildi. Buna rəğmən 1920-ci ildəki Rusiya işğalı yenidən Qarabağdakı işlərimizi yarımçıq qoydu. Yəni Dağlıq Qarabağ Muxtar Vilayəti kimi qondarma bir qurum yaradıldı və bu, 70 il sonra başımıza bəla oldu...

İnşAllah, ümid edirik ki, Şuşa bəyannaməsindən sonra tolerant, multikultural siyasət yeridən  Azərbaycan dövləti Türkiyənin mənəvi və siyasi dəstəyindən də yararlanaraq  bu dəfə ölkəmizin Yuxarı Qarabağda yarımçıq qalmış ərazi bütövlüyünü tam təmin edəcək, separatizm və terrorçuluqla məşğul olan qüvvələri Respublika ərazisindən qovub çıxaracaqdır. Bununla da yalnız Azərbaycan xalqı yox, dinc erməni toplumuna da xoşbəxt və gözəl həyat bəxş olunacaqdır. Yəni güman edirik ki, yoxsul və zəhmətkeş erməniləri də  qatil və vandal həmsoylarının zülmündən xilas edə biləcək və Qafqazda “erməni məsələsi”nə birdəfəlik son qoyacağıq”.  - deyə tanınmış tarixçi alim vurğulayıb.

Oxunma sayı 16200
Siyasət rubrikasından digər xəbərlər