Tacikistan, Özbəkistan və Qazaxıstan bu yay “Bahri Tojik” su anbarının istismarı üçün birgə rejimin tətbiqi haqqında razılığa gəlib və bu, üçtərəfli protokolda rəsmiləşdirib.
Hafta.az-ın yazdığına görə, bu razılaşma Düşənbədə keçirilmiş Buzlaqların Mühafizəsi üzrə Beynəlxalq Konfrans çərçivəsində üç adiçəkilən dövlətin nazirləri tərəfindən imzalanıb.
Tacikistanın Energetika və Su Ehtiyatları Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər su ehtiyatlarının idarə edilməsi sahəsində üçtərəfli əməkdaşlığın aktual məsələlərini, o cümlədən su anbarlarından davamlı istifadəni və iri hidrotexniki qurğuların iş rejimini müzakirə edib, iqlim dəyişikliyi kontekstində regionda su ehtiyatlarının səmərəli və ədalətli şəkildə bölüşdürülməsi üçün səylərin əlaqələndirilməsinə xüsusi diqqət yetiriblər.
Danışıqlardan sonra Tacikistan, Özbəkistan və Qazaxıstan arasında Tacikistanın “Bahri Tojik” su anbarının bu ilin iyun-avqust ayları üçün iş rejiminin razılaşdırılmasına dair üçtərəfli protokol imzalanıb.
Sənəd bütün tərəflərin maraqlarını nəzərə almaqla su obyektinin birgə fəaliyyətini nəzərdə tutur və regionda su təhlükəsizliyinin təmin edilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlib.
“2024-2025-ci illərin qeyri-vegetasiya dövrü üçün Sırdərya və Amudərya çayı hövzələrində su təsərrüfatının vəziyyətinin təhlili” hesabatına əsasən, 2024-cü ilin oktyabrından 2025-ci ilin martına qədər olan dövrdə “Bahri Tojik” su anbarına suyun axını 12,32 kubkilometr təşkil edib. Bu, Sırdərya Hövzəsi Su Birliyi tərəfindən təsdiq edilmiş qrafikdən 1,04 kubkilometr çoxdur.
Anbardan su axıdılması da gözləniləndən artıq olub - 11,13 kubkilometr. Bu da nəzərdə tutulandan 1,23 kubkilometr çoxdur. Nəticədə qeyri-becərmə mövsümünün sonuna kimi anbarda suyun həcmi 3,5 kilometrə çatıb.
Proqnoza görə, 2025-ci ilin vegetasiya dövründə Sırdərya hövzəsinə ümumi su axınının 25,77 kubkilometr səviyyəsində olacağı gözlənilir ki, bu, normanın 87 faizini təşkil edir (standart göstərici 29,49 kubkilometr).
Su Təsərrüfatı üzrə Dövlətlərarası Koordinasiya Komissiyasının 5 aprel 2025-ci il tarixdə keçirilmiş 89-cu iclasının Protokoluna əsasən, Qazaxıstan üçün Dostluq kanalı ilə suyun ötürülməsi limiti 909 milyon kubmetr, Qırğızıstan üçün 270 milyon kubmetr, Tacikistan üçün 1 milyard 905 milyon kubmetr, Özbəkistan üçün 8 milyard 800 milyon kubmetrdir.