Əfqanıstan Şəhərsalma və Mənzil Təsərrüfatı Nazirliyi yeni plana əsasən, 500 min mənzil tikib istifadəyə verərək yaxın 10 il ərzində Mənzil Fondu vasitəsilə ölkə vətəndaşlarına hissə-hissə paylanılacağını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, nazirlik rəsmiləri bildiriblər ki, planın 95 faizi artıq yerinə yetirilib, özəl sektorun iştirakı ilə yeni yaşayış məskənlərinin salınması və vətəndaşların evlərlə təmin olunması istiqamətində işlər aparılır.
Nazirlikdəki Mənzil Fondunun rəhbəri Ənəs bildirib ki, hazırda ölkə əhalisinin 75 faizdən çoxu standart mənzillərdən məhrumdur. O deyib: “Nazirlik Mənzil Fondu təşəbbüsü çərçivəsində qısa, orta və uzunmüddətli taksit planları vasitəsilə mərhələli şəkildə standart mənzillərlə təmin etmək öhdəliyi götürür”.
Eyni zamanda, nazirliyin rəsmisi bildirib ki, hazırda Əfqanıstanda 700 qəsəbə var, onlardan 350-si rəsmi qeydiyyatdan keçib, qalan qəsəbələr üçün isə qeydiyyat prosesi davam edir.
O da bildirilib ki, nazirlik ölkə daxilində xaricdən geri qayıdanlara torpaq paylanması prosesinə başlayıb. "İndiyədək 25 əyalətdə 35 yeni qəsəbə tikmişik. Bəzi mövcud qəsəbələr yenidən bərpa olunub və ya layihələndirilib, ümumi sayı 60-a çatıb", - o deyib.
Sənaye və Mədən Palatasının rəsmiləri bildiriblər ki, mənzil və qəsəbə sektoruna sərmayə qoyuluşu milli iqtisadi artım üçün mühüm əhəmiyyət kəsb edir.
Palatanın birinci müavini Saxi Əhməd Payman deyib: "Əfqanıstanda mənzillərin tikintisi üçün ayrılması lazım olan geniş torpaq sahəsi var. Artan əhali və miqrantların geri qayıtması ilə biz gələcəkdə mənzil çatışmazlığının qarşısını almalıyıq".
Eyni zamanda, paytaxt Kabil şəhərini indikindən 1,5 dəfə genişləndirmək və üç milyona qədər insanı yerləşdirmək planlaşdırılan “Yeni Kabil” layihəsinin ilk hissəsində tikinti işləri aparılır.