Əfqanıstanın ictimai işlər naziri Məhəmməd İsa Sani Rusiyanın Kabildəki səfiri Dmitri Jirnovla danışıqlar aparıb. İclasda sovet mühəndisləri tərəfindən salınmış strateji əhəmiyyətli Salanq magistralının yenidən qurulması və orada yeni magistral üçün tunelin çəkilməsi məsələləri müzakirə olunub.
Hafta.az-ın “İnterfaks”a istinadən yazdığına görə. Tərəflər, həmçinin infrastruktur layihələri üçün zəruri olan avadanlıq, tikinti texnikası və materialların, o cümlədən bitum və dəmir yolu komponentlərinin Rusiyadan tədarükü məsələsinə baxıblar.
Əfqanıstanın İctimai İşlər Nazirliyinin bəyanatında deyilir ki, Rusiya səfiri ölkəsinin bu sahələrdə əməkdaşlığa hazır olduğunu bildirib.
“Taliban” nümayəndə heyəti təşəbbüsləri daha ətraflı müzakirə etmək üçün Rusiyaya səfər etməyi planlaşdırır.
Salanq tuneli Əfqanıstanın ən mühüm nəqliyyat arteriyası olub, ölkənin cənub və şimal rayonlarını Salanq aşırımı ilə birləşdirir. O, 1958-1964-cü illər arasında sovet mühəndisləri tərəfindən tikilib və bu günə qədər Əfqanıstanın yol sistemində əsas halqa olaraq qalır.
“Taliban” nümayəndələrinin Moskvaya infrastruktur təşəbbüslərində iştirak təklifi ilk dəfə deyil. 2023-cü ildə Əfqanıstan tərəfi Rusiya və Qazaxıstanı Trans-Əfqan Dəmiryolunun tikintisi layihəsində iştirak etməyə çağırıb. O zaman “Taliban” tərəfindən yaradılmış Ticarət və Sənaye Nazirliyi layihənin təkcə Əfqanıstan üçün deyil, digər ölkələr üçün də faydalı olduğunu bəyan etmişdi.