Təcrübələr nəticə verdi: "Marsın həşəratlara ehtiyacı var"

09:45 30.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ alimləri Mars şəraitini təqlid edən bir mühitdə və oradakına çox oxşayan torpaqda noxud yetişdirə biliblər.

Hafta.az-ın yazdığına görə, Texas A&M Universitetinin tədqiqat qrupu hesab edir ki, bu təcrübə gələcəkdə Mars torpağında həqiqətən böyüyən bitkilər üçün mühüm ipucu verir.

Komandaya rəhbərlik edən Emmanuel Mendozanın dediyinə görə, noxudun cücərməsinə səbəb olan ən vacib şey “frass” adlı gübrə olub. Bu gübrə “qara əsgər milçək” sürfələrinin tullantılarından ibarətdir.

Mendoza vurğulayır ki, təcrübədən əldə edilən tapıntılar Marsda həşəratlara ehtiyac olduğunu ortaya qoyur.

Əslində bir parça torpaq, bir az su və günəş işığı ilə əkinçilik etmək mümkün deyil. Müxtəlif canlı komponentlərə də ehtiyac var. Qara əsgər milçəkləri və digər həşəratlar bu ekoloji sistemləri işlək vəziyyətdə saxlayır. Bu səbəbdən də alimlər bildirirlər ki, böcəklər uzunmüddətli qalmaq üçün Marsa səfərdə insanları müşayiət etməlidir.

Son 5-10 ildə alimlər azot, kalium, fosfor və bakteriya ilə zəngin olan bu tullantılardan gübrə kimi istifadə etməyə başlayıblar. Peyinin tərkibində həşəratların bədənindən olan xitin və digər üzvi maddələr də var.

Texas A&M Universitetinin entomologiya professoru Cefferi Tomberlin 25 il “qara əsgər milçəkləri”ni tədqiq edib. Alim bu yaxınlarda Mendoza ilə bir layihə hazırlamağa başlayıb.

"Layihənin adı belə idi: Qara əsgər milçəkləri Yer kürəsini qidalandıra bilər və bizim onlara daha çox ehtiyacımız var. O an mən düşündüm: “Yaxşı, kosmik kənd təsərrüfatına marağımı inkişaf etdirmək üçün bundan katalizator kimi istifadə etməyimə nə mane olur?” – deyib Mendoza.

Tezliklə “qara əsgər milçəkləri”nin oynadığı bir sistem ideyası ortaya çıxıb. Marsa göndərilən sürfələr astronavtların qida tullantılarını yeyə və torpağı mayalandırmaq üçün kif əmələ gətirə bilərdi.

Eyni zamanda, bu sürfələr astronavtların və yanlarında gətirdikləri heyvanların istehlak edə biləcəyi zülal qaynağına çevrilə bilər.

Mendoza deyib: “Sizdə insanların milçəkləri qidalandırdığı, milçəklərin bitki və heyvanları, bitki və heyvanların isə insanları qidalandırdığı bir sistem var”.

Mendoza və həmkarları gübrənin Mars torpağında işləyəcəyini öyrənmək üçün noxud təcrübəsini hazırladılar. Noxudun cücərməsi də bu sistemin həyata keçirilməsinə ümid verirdi.

Mendoza bu yaxınlarda Amerika Entomoloji Cəmiyyətinin konfransında təcrübənin nəticələrini açıqlayıb. Komanda indi hazırladıqları sistemi Yerdən idarə oluna bilən fiziki mexanizmə çevirmək üzərində işləyir.

Oxunma sayı 172