Tərtərin Canyataq kəndi “Mardakert rayonunun kəndi” adlandırıldı - RUSİYA MN-DƏN NÖVBƏTİ TƏHRİF

13:33 02.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Rusiya sülhməramlıları Dağlıq Qarabağın ucqar kəndlərində mobil rabitə antenn qüllələrində müasir günəş enerjisi təchizatı sistemləri quraşdırılması zamanı təhlükəsizliyi təmin ediblər”.

Hafta.az xəbər verir ki, bu cümlə Rusiya Müdafiə Nazirliyinin(MN) mətbuat xidmətinin dünən – avqustun 1-də yaydığı məlumatdandır.

“İş müddətində telekommunikasiya şəbəkələrinin əməkdaşları həftə ərzində Mardakert rayonunun Çankataq yaşayış məntəqəsi ərazilərində təmas xəttinin yaxınlığında yerləşən mobil telefon şəbəkəsi qüllələrinə gecə-gündüz fasiləsiz elektrik enerjisi toplanması və  ötürülməsi üçün günəş panelləri  quracaqlar”- məlumatda daha sonra belə deyilir.

Göründüyü kimi, Rusiya MN-in  rəsmi saytı yenə də, Azərbaycan Prezidentinin dəfələrlə vurğuladığı kimi, Respublikamızın ərazisində inzibati vahid adı olmayan  “Dağlıq Qarabağ” birləşməsini işlətməsi ilə yanaşı, əslində Tərtər rayonunun Canyataq kəndi olan yaşayış məntəqəsini  ermənilərin istəyinə uyğun olaraq “Dağlıq Qarabağın Mardakert rayonunun Çankataq yaşayış məntəqəsi” kimi təqdim edir...

Zəruri arayış:

Canyataq - Tərtər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, bu toponim türk dillərindəki con/cona (iki çayarası col) və yataq sözlərindən düzəlib, "iki çay arasındakı sahədə yerləşən yataq" mənasındadır. Keçən əsrin əvvəllərində bu toponim Canıyataq variantında qeydə alınmışdır. Güman ki, maldarlıqla məşğul olan Canı adlı şəxsə məxsus olan bu yataq onun adını daşımışdır.

Canyataq kəndi əvvəllər  keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Canyataq kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Canyataq kəndi 1-ci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal olunub. Hazırda rəsmən Rusiya sülhməramlı kontingentinin nəzarəti altındadır.

Oxunma sayı 9782
Gündəm rubrikasından digər xəbərlər