Tibbi maska taxmamaq üçün bəhanələr: “Səbrim çatmır”, “nəfəs ala bilmirəm”, “30 qəpiyim yoxdur”…

16:16 03.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün öncə ölkə başçısı İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununu imzala. Qanuna əsasən, maska taxılması tələb olunan yerlərdə qaydalara tabe olmayanlar cərimələnəcəklər. Özü də 100 və 200 manat həcmində. Yəni, fiziki şəxslər 100, hüquqi şəxslər 200 manatından keçməli olacaq.

Milli Məclis qanunu ratifikasiya etdi. Bu da o deməkdir ki, bu gündən başlayaraq, ictimai yerdə 30 qəpiyindən keçib tibbi maska taxmayanlar, 100 manatından keçməli olacaq. Deputat Siyavuş Novruzovun təbirincə, desək maska taxın, cərimələnməyin.

Məlumat üçün deyək ki, dəyişikliklərə görə, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində, fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə, eləcə də insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda tibbi maskadan istifadə etməyənlər bağışlanmayacaq.

Bəs qanunun qüvvəyə minməsindən vətəndaşların xəbəri varmı? İctimai yerlərdə, insanların sıx hərəkətdə olduğu yerlərə gedənlər niyə tibbi maskadan istifadə etmirlər.

Elə bu məqsədlə yolumuzu paytaxtdakı insanların sıx hərəkətdə olduğu və toplaşdığı məkanlardan saldıq. Bizim gördüklərimizə siz də Hafta.az-ın obyektivindən baxmaq istəyirsinizsə, o zaman monitora bir qədər də yaxın durun.

Son günlər bankların önündəki sıxlıqdan hamımız xəbərdarıq. Əvvəl onu deyək ki, bəzi bankların önündəki növbələr “yoxa çıxsa” da, bir sıra bankların qarşısı hələ də qələbəlikdir. Adam əlindən iynə atsan yerə düşməz. “Unibank”ın filiallarının qarşısında da həmin növbələri günün istənilən saatlarında görmək mümkündür. “İnşaatçılar” metrostansiyasının qarşısında da xeyli növbə vardı. Adam əlindən tərpənmək mümkün deyildi. Üstəlik, ara məsafəsi də qorunmurdu. Növbə götürən, götürməyən hər kəs seyrəkləşməni, öz vaxtının çatmasını gözləyirdi. Bir-iki nəfər növbə götürən xanımlar çəkilib kənarda dayanmışdı, elektron monitorda öz rəqəmini gözləyirdi. Yerdə qalanlar isə sinələrini qarşılarındakının kürəyinə yapışdırmışdılar.

İçəridəki mühafizəçilər ara məsafəsini saxlamağa, içəri keçərkən tibbi maskaları tam şəkildə taxmağa təhrik etsələr də, bəzi hallarda onları da eşidən olmurdu. Növbədə gözləyənlərin isə tam yarısının maskasının olmadığını gördük. Bəziləri isə maskaları çənələrinin altına qədər aşağı salmışdılar.

Yaxınlaşıb söhbət salıram. Orta yaşlı bir oğlanla əvvəl “havadan-sudan” danışdıqdan sonra deyirəm ki, bu gündən tibbi maska taxmamaq haqqında qanun qüvvəyə minir. Özü də 100 manat cəriməsi var. Əlini yelləyib gülür. Deyir ki, sonuncu dəfə “diri yüzlüyü” üç-dörd ay əvvəl maaş alarkən görüb: “Pulumuz var ki, cərimə də ödəyək. Kimin üçünsə 30 qəpik heç nədir, amma mənim üçün böyük puldur. Gündəlik 7-8 manata bazarda fəhlə işləyirəm. “Vosmoy” bazarında yük daşıyıram. Özüm Yasamalda qalıram. Banka kredit ödəməyə gəlmişəm. Maskaları pulsuz paylasınlar, taxaq”.

Başqa bir nəfər söhbətimizə qoşulur. Xanımdır. Bayaqdan baxıram, maskanı ağzından çıxarmır. Özü də bir qədər kənarda dayanıb. Ara məsafəsini qorumağa çalışır: “Biz beləyik də, heç nəyi ciddiyə almırıq. Hansısa məsuliyyətsizin biri adamları yoluxduracaq, sonra da bədbəxtlik olacaq. Dövlət bu işin üstünə ciddi düşübsə, deməli, vəziyyət ciddidir”.

Başqa bir xanım da söhbətə qoşulur, deyir ki, ötən gün 6 manatlıq maska alıb: “Bir tibbi maskadan bir dəfə istifadə edirəm. Adam tanıyıram ki, 30 qəpiklik maskanı bir ay cibində gəzdirir, metroya girəndə taxır, çıxanda da qoyur çantasına. Belə olmaz. Dəfələrlə demişəm ki, canına ziyandır, xeyri yoxdur”.

Xanımlar danışdıqca tibbi maskanı yarıya qədər taxanlar burunlarının üstünə çəkirlər. Bəziləri isə ümumiyyətlə əhəmiyyət vermir.

Metrolarda isə vəziyyət ürəkaçandır. Hətta bir neçə həftədir ki, metroya tibbi maskasız girmək qadağan edilib. Polislərin güclü nəzarəti və xəbərdarlığı fonunda burada qaydalara əməl edilir. Hətta bu gündən daha ciddi nəzarət olunur.

Metroların yaxınlığında fəaliyyət göstərən mer-meyvə, ərzaq köşklərində, xırda bazarlarda isə ürəkaçan heç nə müşahidə etmədik. Satıcılar da, alıcılar da tibbi maskasız idilər. Alıcılar israrla bildirirdilər ki, “koronavirus bir oyundur”, “xəstəliyə inanmırlar. Bəziləri isə havanın isti olması ilə əlaqələndirirdilər tibbi maskadan istifadə etməmələrini...

Satıcıların isə bəhanələri yox idi. Səbəbdən yayınırdılar. Bəziləri isə tibbi maskanın onların nəfəs alıb-vermələrinə çətinlik yaratdığını deyirdi. Orxan adlı satıcı isə maraqlı fikirlər səsləndirdi: “Bilirəm ki, məsuliyyətsizlik edirik. Cəriməsi də var. Hər insana toxunuruq. Əlimiz əllərinə dəyir. Tibbi maska taxmasam da tibbi spirtdən və əlcəkdən istifadə edirəm”.

Avtobus dayanacaqlarında və marşrut avtobuslarındakı durum bir-birindən fərqlənmirdi. Tibbi maskadan istifadə edənlər də vardı, etməyənlər də. Daha çox yaşlı insanların tibbi maska taxdığını gördük. Bir ağsaqqala nə yaxşı maska taxmısınız? – sualıma maraqlı cavab verdi: “İki ay evdən bayıra çıxmadım. Zəhrim çatlayırdı. Yaman darıxırdım. Azadlıq gözəl nemətdi. İndi bu virus bəlası ortaya çıxıb. Yenidən dörd divar arasında gün saymamaq üçün tibbi maskamı taxıram. İnsanlar gərək cərimə qorxusu olmadan bunu etsinlər. 35 il müəllim işləmişəm. Hər kəsə deyirəm ki, tibbi maska və spirt sizin sağlamlığınız üçündür. Heç kimin can sağlığı başqası üçün deyil, özünədir. Can sağlığından gözəl nemət yoxdur, amma çoxları bunu başa düşmürlər”.

Parkların kənarlarında da vəziyyət bir o qədər ürəkaçan deyil. Bəzi valideynlər övladlarına tibbi maska taxdıqları halda, özləri bu qaydaya məhəl qoymurdular. Amma yaşlı insanların əksəriyyətində tibbi maskanı görmək mümkündür.

Oxunma sayı 7263