Tiflisdə 8 martda - etirazların 101-ci günündə qadın jurnalistlərin azadlığı da tələb edildi... - FOTOLAR

11:25 09.03.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan parlamenti qarşısında etiraz aksiyası dünən axşam saatlarında davam etdirilib. Etirazçılar Rustaveli prospektini bağlayıblar.

Hafta.az bu haqda “Kavkazskiy uzel” nəşrinə istinadla xəbər verir.

Etirazların 101-ci günündə etirazçıların tələbləri dəyişməz olaraq qalıb: yeni parlament seçkilərinin keçirilməsi və aksiyalar zamanı saxlanılanların azadlığa buraxılması.

Nümayişçilər “Oliqarxiyaya atəş”, “Məhkumlara azadlıq” şüarları səsləndiriblər.

"İnterpressnews"-un verdiyi xəbərə görə, aksiya iştirakçıları müxtəlif məzmunlu bannerlər, həmçinin Gürcüstan və Avropa İttifaqının bayraqlarını qaldırıblar.

“Novosti Qruziya” agentliyinin məlumatına görə, dünən qadın yürüşünün iştirakçıları da Gürcüstan parlamenti qarşısında etirazçılara qoşulub.

Tiflisdə qadınların yürüşünün kulminasiya nöqtəsi parlamentin yaxınlığında simvolik barmaqlıqların yandırılması olub. Məlumatda deyilir ki, toplaşanların əsas tələbi həbs edilmiş təxminən 50 hökumət tənqidçisinin dərhal azadlığa buraxılmasıdır.

Aksiya iştirakçıları qeyd ediblər ki, Gürcüstanda ilk dəfə olaraq qadın siyasi məhbuslar var: “Netgazeti” və “Batumelebi”nin təsisçisi, “avtoritar rejimin qurbanı və azadlıq mübarizəsinin simvolu”na çevrilmiş Mzia Amaqlobeli. Bu haqda "Publika" nəşri məlumat yayıb.

Qeyd edilir ki, martın 7-də Tiflislə yanaşı, Zuqdidi, Batumi, Kutaisi və Telavi, Qori, Axalsixi, Çxorotsku, Axmeta  və s. şəhərlərində də etirazların 100-cü günü qeyd olunub.

Xatırladaq ki, 2024-cü il noyabrın 28-də Avropa Parlamenti Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib və “Gürcü Arzusu”nun liderlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Həmin gün baş nazir Gürcüstanın 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlardan çıxacağını açıqlayıb. Bu bəyanatdan sonra ölkədə etirazlar başlayıb və onlar 3 aydan artıqdır ki, gündəlik olaraq davam edir.