Tovuz istiqamətindəki təxribatlar Paşinyanı xilas etməyəcək - TƏHLİL

14:06 13.07.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Son iki gündə Azərbaycan ictimaiyyətinin əsas diqqəti yenidən cəbhə xəttinə yönəldi. Bu dəfə Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər yox, Ermənistanla həmsərhəd olan Tovuz istiqamətində vəziyyətin gərginləşdiyinin şahidi olduq. Təəssüflər ki, Ermənistan tərəfinin növbəti təxribatı nəticəsində 4 şəhidimiz var. Lakin Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib.

Növbəti təxribat üçün Tovuz istiqamətinin seçilməsi isə heç də təsadüfi deyil. Ermənistan hakimiyyəti son illərdə Azərbaycanın əldə etdiyi diplomatik uğurlar fonunda beynəlxalq səviyyədə isterik vəziyyətə düşməsini həzm edə bilmir.

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub.

Bu səbəbdən üzvü olduğu hərbi təşkilatlar, daha doğrusu Azərbaycanın beynəlxalq təşəbbüslərinə dəstək verən həmin təşkilatlara üzv dövlətlərlə rəsmi Bakını üz-üzə qoymaq, şantaj siyasəti həyata keçirtməyi planlaşdırır.

Ermənistan rəhbərliyinin son addımları da bu tezisi dəstəkləyir. İşğalçı ölkənin xarici işlər naziri dərhal Kollektiv Təhlükəsizlik Şurasının baş katibi Stanislav Zasla telefonda danışaraq təşkilata üzv dövlətə qarşı bu cür "fəaliyyətlərin yolverilməzliyindən” şikayətlənib. Ermənistan baş naziri Nikol Paşinyanın iddiaları isə daha gülüncdür. Paşinyan Azərbaycanı BMT baş katibinin pandemiya dövründə münaqişələrə son qoyulması ilə bağlı çağırışına qoşulmamaqda ittihamlayıb. Halbuki Ermənistan özü bir müddət əvvəl Azərbaycan Prezidentinin koronavirusla mübarizə üçün BMT səviyyəsində ümumi iclasın keçirilməsi təşəbbüsünə qarşı çıxan yeganə ölkə olub. Bu addımı ilə Paşinyan növbəti dəfə insan həyatına heç bir dəyər vermədiyini dünyaya nümayiş etdirdi.  

Paşinyan bəyanatında Azərbaycana dəstək verən Türkiyəni də unutmayıb. Onu da əsas "xarici düşmən"lərdən biri obrazında təqdim etməklə İrəvanın dünyada təkləndiyini, yazıq imicini formalaşdırmağa səy göstərir.

Əslində, Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıdığı da heç kimə sirr deyil.

Koronavirus pandemiyasının yayılmasının qarşısını almaqda aciz qalan Paşinyan hökumətinə qarşı çox ciddi etirazlar baş qaldırıb. Artıq ölkədə ona qarşı müxalifət partiyalarının birliyi formalaşır. Hətta Baş Prokurorluğa Paşinyana qarşı cinayət işinin açılması ilə bağlı müraciət də edilib.  

Ermənistanın düşdüyü acınacaqlı durum onun iqtisadi və sosial göstəricilərində də aydın şəkildə görünür. Ölkənin statistika komitəsinin rəsmi məlumatlarına əsasən Ermənistanda pandemiya dövründə iqtisadi fəallıq keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz azalıb. Büdcəyə proqnozlaşdırılandan 170 milyard dram az vəsait daxil olub. Bu səbəbdən hökumət 500 milyon dollardan artıq xarici borc almaq məcburiyyətindədir. Hazırda Ermənistanın xarici dövlət borcu 7 milyard 433 milyon dollar və ya keçən ilin analoji dövrü ilə müqayisədə 109 milyon dollar çoxdur. Erməni iqtisadçı Suren Parsyanın sözlərinə görə, Ermənistan çox ciddi maliyyə-iqtisadi böhran içindədir. Açıqlanan rəqəmlər də bunu sübut edir. Hətta bir çox ekspertlər və ölkə müxalifəti Statistika Komitəsinin açıqladığı bu rəqəmlərin reallıqdan uzaq olduğunu, mövcud durumun isə tamamilə iflas həddində olduğunu iddia edirlər.

Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Bu səbəbdən, Paşinyan hökuməti məhz sərhəd zonasında vəziyyəti gərginləşdirib "xarici düşmən" obrazı yaratmaqla əhalinin diqqətini başqa istiqamətə yönəltməyə çalışır. Lakin Azərbaycan ordusunun erməni təxribatına qarşı növbəti dəfə tutarlı cavabı Paşinyanın bu planlarını da puç etdi desək yanılmarıq.

Bu gün Azərbaycan ordusu Ali Baş Komandanının əmri ilə işğal altındakı ərazilərimizi düşmən tapdağından azad etməyə, erməni silahlı qüvvələrininin istənilən təxribatının qarşısını almağa tam qadirdir. Son hadisələrdən sonra Azərbaycan cəmiyyətində müşahidə olunan birlik və həmrəylik, Azərbaycan ordusunun qüdrəti, iqtisadi gücümüz və Ermənistandan fərqli olaraq xalqla hakimiyyətin sarsılmaz birliyi, ölkə vətəndaşlarının Prezidentinə olan etimadı və inamı Azərbaycanın istənilən düşmən qarşısında sarsılmaz iradə göstərdiyinin təzahürüdür.

 

Oxunma sayı 2733
Siyasət rubrikasından digər xəbərlər