Tovuzun bu kəndi içməli su ilə təmin olundu

12:23 09.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuz rayonunun Cəlilli kəndində içməli su layihəsinin açılış mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Bildirilib ki, belə təşəbbüslər ölkəmizin regionlarında dayanıqlı inkişafın əsasını təşkil edir. Qeyd olunub ki, hazırda əksər bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı ilə bağlı böyük layihələr icra olunur. Belə layihələr bundan sonra da davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan ailələrin dayanıqlı və keyfiyyətli içməli, o cümlədən suvarma suyu ilə təmin olunmasıdır.

Tovuz rayonunun Cəlilli kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə edilməklə yeni su xətləri inşa olunub və kəndin müxtəlif nöqtələrində layihəyə uyğun olaraq ictimai bulaqlar quraşdırılıb. Bu məqsədlə ümumilikdə 8 kilometr uzunluğunda su xətləri inşa edilib və 27 ictimai bulaq quraşdırılıb. Ümumilikdə Cəlilli kəndinin əhalisi 2275 nəfərdir. Yeni yaradılmış su təchizatı şəbəkəsi vasitəsilə yaşayış məntəqəsinin gündəlik 180 kubmetr su tələbatının tam ödənilməsi mümkün olacaq.

Qeyd edək ki, Tovuz şəhərinin mövcud su təchizatı sistemi Zəyəmçayın məcrasında yerləşən üfüqi suqəbuledici qurğu və Tovuzçay su anbarı ərazisində yerləşən 6 subartezian quyusu vasitəsilə təmin olunur. Şəhərin ümumi abonent sayı 6982-dir. Ümumi su şəbəkəsinin uzunluğu 186, magistral su kəmərinin uzunluğu 39, kanalizasiya şəbəkəsinin uzunluğu isə 137 kilometr təşkil edir.