Tramp Çin mallarına tariflərin artırılmasını təxirə salmağı vəd edib

12:18 12.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ştatlar Çin mallarına tariflərin 5 faiz artırılması üçün əvvəl planlaşdırılan tarixi təxirə salacaq.

Prezident Tramp bu barədə öz Twitter səhifəsində yazıb. Tramp bildirib ki, o, tariflərin 5 faiz artırılmasını Çinin Baş Naziri Lyu Xenin xahişi ilə iki həftə təxirə salacaq, çünki tariflərin artırılması üçün əvvəl planlaşdırılan tarix (1 oktyabr) Çinin müstəqilliyinin elan edilməsinin 70 illiyinin qeyd olunacağı günə düşür.

Tramp yazıb: “Biz xoş məram jesti kimi 250 milyard dollarlıq Çin mallarına tariflərin artırılaraq 25 faizdən 30 faizə çatdırılmasını oktyabrın 1-dən 15-nə keçirmək barədə razılığa gəldik”.

ABŞ Prezidenti tariflərin artırılması niyyətini keçən ay elan etmişdi. Bu ayın əvvəlində isə Birləşmiş Ştatlar təqribən 111 milyard dollarlıq Çin mallarına, o cümlədən paltara və qida məhsullarına yeni 15 faizlik tarif tətbiq edilib, lakin tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər.