Müstəqillik günü Milli Məclisdə qeyd olundu

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt

1991-ci ildə müstəqilliyin əldə olunmasında rolu olanlara “İstiqlal“ ordeninin verilməsi təklif olundu

Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş plenar iclası dünən öz işinə başladı. Plenar iclas Azərbaycan dövlət himninin səsləndirilməsi ilə davam edib. Milli Məclisin sədri Oktay Əsədov bayram çıxışında bildirib ki, Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi və həmin ilin 18 oktyabr tarixli sessiyasında isə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında“ Konstitusiya Aktı yekdilliklə qəbul olundu.

Spiker bildirdi ki, Sovetlər Birliyinin dağılması ilə 1991-ci il oktyabr ayının 18-də dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin zəngin ənənələrindən istifadə edərək tarixi varislik üzərində müstəqil dövlət yaradıb: “Təəssüf ki, müstəqilliyin ilk illərində ölkəmiz çox mürəkkəb problemlərlə qarşılaşıb, çox çətin vəziyyətə düşmüşdü. Erməni təcavüzü, xarici ölkələrin Azərbaycana qarşı təxribatı ilə üzləşmişdik. O vaxt hakimiyyət başında duranların səriştəsizliyi, ölkədə baş verən siyasi və iqtisadi tənəzzül, xaos, özbaşınalıq bu çətin vəziyyətdən çıxmağa imkan vermirdi. Bu da taleyin qisməti idi ki, xalqımızın bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyi qorumaq üçün məhz ulu öndər Heydər Əliyev kimi siyasi dahi Azərbaycanın “sükanı arxasında“ olmalı idi“. O.Əsədovun sözlərinə görə, xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni məhv olma təhlükəsindən xilas etdi.
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə məruzəsində Azərbaycanın əsrlərlə keçdiyi tarixi yol barədə məlumat verdi. Z. Əsgərov ötən əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətindən də danışdı.
O, Azərbaycanın Sovet İttifaqının tərkibindəki dönəmindən söz açaraq vurğuladı ki, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsi ilə ölkəmiz inkişaf yoluna qədəm qoydu: “Həmin dövrdə yalnız Rusiya və Azərbaycan büdcədən dotasiya almadan dolanıb“. Birinci vitse-spiker müstəqillik əldə olunandan sonra Azərbaycanın qarşılaşdığı çətinliklərdən danışaraq müstəqilliyin ilk illərində ölkənin Ermənistanın təcavüzkar siyasəti və ölkə rəhbərliyinin səriştəsizliyi ilə üzləşdiyini qeyd etdi: “Azərbaycan parlamenti 16 ildir ki, qanunvericilik sahəsində fəaliyyətini uğurla davam etdirir. Ötən illərdə Azərbaycan parlamenti milli qanunvericiliyin Avropa hüquq normalarına uyğunlaşdırılmasına nail olub, hüququn aliliyinin bərqərar olmasına şərait yaradıb“.
Millət vəkili Vahid Əhmədov isə bildirdi ki, SSRİ-nin süqutu Azərbaycanın müstəqilliyinin əsas amili olsa da, bu müstəqillik 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycan xalqının qanı bahasına qazanılıb: “O vəfat etmiş insanların ruhu müstəqilliyin itirilməsini bizə bağışlamaz“. Millət vəkili işğal altında olan Dağlıq Qarabağ ərazilərinin azad olunmasının ölkə qarşısında duran əsas məsələ olduğunu vurğulayaraq qeyd etdi ki, bunun üçün Azərbaycan öz ordusunu gücləndirməlidir. Onun sözlərinə görə, ölkədə aparılan siyasi və iqtisadi islahatlar Azərbaycanın müstəqilliyinin daimi, əbədi olmasına inam yaradır . “Azərbaycan xalqının yalnız bir hissəsi öz müstəqilliyinə qovuşub və cənubda yaşayan 35 milyon soydaşımızın da müstəqillik qazanmasını arzulayardım“. Bu fikirləri isə çıxışında millət vəkili Fazil Mustafa bildirdi. BQP sədri dedi ki, bu, heç bir dövlətin daxili işinə qarışmaq deyil, sadəcə olaraq, xalqın haqqının səsləndirilməsidir.
Millət vəkili Rəbiyyət Aslanova da çıxışında bildirdi ki, hər kəsin dəyərini tarix verir: “Yaşamaq istəyən dövlət bir sıra vektorları müəyyən etməlidir ki, sabahını müəyyənləşdirə bilsin. 20 il ərzində baş vermiş hadisələr hər kəsin gözü qarşısındadır və biz sabahı düşünməliyik“. Millət vəkili Qənirə Paşayeva isə Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə bütün azərbaycanlıları təbrik etdi: “Azərbaycan dövlətinin müstəqilliyi bütün azərbaycanlılar üçün ən müqəddəs nemətdir“. Millət vəkili bildirdi ki, Gülüstan müqaviləsindən sonra Vətənin keçdiyi faciələrə baxsaq, dövlət müstəqilliyinin nə qədər önəmli olduğunu görərik. Paşayeva ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü ugrunda canından keçən insanları xatırlatdı və dedi ki, onların qarşısında hər zaman baş əyir: “O insanlardan biri də Azərbaycan dövlətinin inkişafında müstəsna xidmətlərinin müəllifi ümummilli lider Heydər Əliyevdir“. Millət vəkili vurğuladı ki, müstəqilliyin 20 illiyinin Qarabağda, Şuşada qeyd olunmaması içimizdə olan kədərdir: “Ölkənin bugünkü inkişafı, nailiyyətləri bunu deməyə əsas verir ki, Qarabağda qeyd edəcəyimiz müstəqillik günü uzaqda deyil“. İclasda bəzi deputatlar Azərbaycanın müstəqilliyi barədə Konstitusiya aktına imza atan 43 millət vəkilinə xüsusi imtiyazlar verilməsi barədə fikirlər səsləndirdilər. Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxışında qeyd etdi ki, o vaxt həmin akta imza atan 43 nəfərin əziyyətini indi danmaq olmaz. Vitse-spiker onların əməyini yüksək qiymətləndirdiyini bildirdi: “Müstəqillik haqqında Konstitusiya aktının qəbul olunması zamanı parlamentin bu zalına Elmira Qafarova rəhbərlik edirdi. Ayaz Mütəllibov o vaxt qısa müddət ərzində o akta imza atdı. Amma sonra onu nəyə vadar etdilər? Nələr oldu? Vaxtilə bu kürsüdə bir-birinə aman verməyənlər bilmirdilər ki, Azərbaycan xalqının müqəddəs amalı var? Bu gün hər şeyə qiymət vermək özümüzdən asılıdır“. Deputat İqbal Ağazadə isə dedi ki, sülh və barış yaratmaqla ciddi problem olan torpaqların işğaldan azad olunmasına nail olmaq lazımdır: “Çox istərdim ki, 1991-ci ildə müstəqilliyin əldə olunmasında rolu olanlara “İstiqlal“ ordeni verilsin. Bütün problemləri bir masa arxasında çözə biləcək iqtidar və müxalifət birliyi yaransın“. Deputat, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevadan xahiş də elədi və bildirdi ki, müstəqilliyin 20 illiyi münasibətilə ilin sonuna kimi ölkədə Amnistiya Aktı da qəbul olunsun.
Nahid Canbaxışlı