Ukraynalı deputat Yeqor Çernev hesab edir ki, ABŞ prezidenti Donald Tramp həqiqətən də altı aya müharibəni bitirə bilər.
Hafta.az “TSN”ə istinadla xəbər verir ki, xalq deputatı bu barədə "LB Live" kanalına müsahibəsində danışıb.
Çernev müharibənin 6 aya bitməsini nə üçün mümkün hesab etdiyini izah edib.
"Düşünürəm ki, Trampın dediyi bu altı ay (müharibənin başa çatması üçün – red.) bir neçə səbəbdən mümkündür. İlk növbədə Tramp nəticə göstərməlidir.
Bu 100 gün Ukraynada, ABŞ-də və ya dünyanın istənilən yerində prezident üçün eynidir. Bu, seçicilərlə hələ “bal ayı” keçirərkən, onlar sizi dəstəkləyərkən vədlərinizi yerinə yetirə biləcəyinizi göstərmək üçündür. Düşünürəm ki, səbəblərdən biri də budur”, - deyə deputat bildirib.
O, başqa bir amili qeyd edib: hazırda sülh danışıqlarının şərtlərinin nədən ibarət ola biləcəyi ilə bağlı müəyyən işlər aparılır. Çernevin sözlərinə görə, ABŞ bunu bu altı aya necə sığdırmaq barədə düşünəcək.
"Üçüncü fakt da ondan ibarətdir ki, bu il Rusiya Federasiyası üçün də həlledici ildir. Onlar bunu iqtisadiyyatın vəziyyətinə əsaslanaraq başa düşürlər", - siyasətçi qeyd edib.
Onun fikrincə, ABŞ prezidenti Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər və bu, onun iqtisadiyyatına, xüsusən də neft-qaz sektoruna daha böyük ziyan vura bilər.
Xatırladılır ki, daha əvvəl Trampın komandası belə bir fikir bildirmişdi ki, Ukraynadakı müharibənin həllində mühüm irəliləyiş ən azı növbəti 6 ay ərzində gözlənilməməlidir.