Hindistandakı neft emalı şirkətləri Rusiya neftindən asılılığı azaltmaq üçün alternativ təchizat variantları axtarıblar. Bu hadisə ABŞ prezidenti Donald Trampın Rusiyanın Ukraynada sülh prosesinə mane olacağı təqdirdə Moskvaya ikinci dərəcəli sanksiyalar tətbiq edə biləcəyi ilə hədələməsindən sonra baş verib.
Hafta.az-ın “Bloomberg”ə istinadən yazdığına görə, bəzi ticarət şirkətləri bu məsələ ilə bağlı tender bildirişləri alıblar.
Agentliyə danışan mənbələrə görə, Bharat Petroleum Corp və Hindustan Petroleum Corp kimi dövlət şirkətləri may ayı üçün Yaxın Şərq, Şimal dənizi və Aralıq dənizi kimi bölgələrdən əlavə neft tədarük etməyi planlaşdırır.
Trampın mümkün sanksiyalarla bağlı açıqlamalarından sonra neft bazarında dalğalanmalar yaşanıb. ABŞ-ın WTI (West Texas Intermediate) nefti 3,1 faiz dəyər qazanıb ki, bu da son 11 həftənin ən böyük artımıdır. Oxşar vəziyyət yanvarda ABŞ-ın Rusiyanın energetika sektoruna ağır sanksiyalar tətbiq etdiyi zaman baş verib.
Yanvarda qüvvəyə minən sanksiyalardan sonra Hindistan və Çin Rusiya neftinə alternativ tədarük mənbələri tapmaq üçün Yaxın Şərq, Afrika və Amerikaya üz tutmağa başlayıb. Lakin son illər Rusiya neftinin Hindistana daşınması ölkənin Yaxın Şərq və Afrikadan idxaldan asılılığını xeyli azaldıb.
2024-cü ilin aprelindən 2025-ci ilin martına qədər olan dövrdə Rusiya bazar payını 14 faizdən 57 faizə yüksəldərək Hindistanın ən böyük neft tədarükçüsü olub.
Hindistan Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalarda iştirak etməsə də, ABŞ və Aİ-nin Rusiyaya qarşı embarqolarından yan keçməyə çalışdıqları səbəbilə Hindistan şirkətlərinə də bəzi sanksiyalar tətbiq etdiyi məlumdur.
Vaşinqton Rusiya neftini daşıyan gəmilərin fevralın 27-dək boşaldılmasını tələb edib. ABŞ sanksiyaları Rusiyanın “Qazprom Neft” və “Surqutnefteqaz” kimi böyük enerji şirkətlərini, “kölgə donanması” kimi xarakterizə edilən 180-dən çox tankeri və bir çox digər neft nəqli əməliyyatlarını hədəf alıb. Bu sanksiyalardan sonra Hindistan hökuməti ABŞ-ın qara siyahıya saldığı gəmilərin yüklərini boşaltmaqdan imtina etmək qərarına gəlib.
Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın sanksiyaları ilə bağlı açıqlamasında "neft nəqli yollarını birdən-birə kəsməyin mümkün olmadığını" bildirib. Peskov, “Göndərmə bir yerdə bağlanarsa, başqa yerdə yeni alternativ yollar açılacaq” deyərək, Moskvanın sanksiyaların təsirini minimuma endirmək üçün yeni variantlar axtaracağını vurğulayıb.