Turistlərin “karvankəsdisi”, hasarlı Çənlibel, balıq və çimmək qadağası – Quba-Qusar qeydləri FOTOLAR+VİDEO

12:11 09.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Yayın axır günlərinin dadını-duzunu çıxarmaq üçün son dəfə səhayətə çıxırıq. Yolumuz Quba-Qusar bölgəsinədir. Avtobusda yoldaşımdan başqa kimləsə salam-kəlamım yoxdur. Yol yoldaşlarımın hər biri mənim günümdədir. Kimsə qızları ilə, bir başqası həyat yoldaşı ilə gəzməyə gedir.

Maraqlı keçən birgünlük monitoru hafta.az-dan izləmək sizin üçün də maraqlıdırsa, o zaman monitora bir qədər də yaxın əyləşin.

Avtobus silkələyə-silkələyə bizi mürgülətməyə başladı. Bir də onda ayıldıq ki, “Beşbarmaq”dayıq.  Qubada səhər yeməyində bizi ərəblər salamladı. Restoranda ərəb musiqiləri, bizim “qıjı” mahnılar imkan vermədi ki, ağız dadı ilə nəhrə yağının üstünə beçə balı çəkək.  Üzümüzü tutduq soyuqların və şəlalələrin qibləsinə - Qusarın Laza kəndinə. Avtobusda kimlər yoxdur, sex işçisi, polis əməkdaşları, jurnalistlər, Almaniyada oxuyan tələbələr, hətta Fransa Səfirliyinin bir xanım əməkdaşı...

Gəlin maşının qabağını kəsdik...

Qubanın Qusarla qucaqlaşan dolaylı yollarında gördük ki, arxamızdan tolazlaya-tolazlaya bir maşın karvanı gəlir. Kim ola? Nə ola? – Bəy-gəlin maşın karvanı! Gəlin maşını sağımızdan “avqon” edib qabağımıza keçdi. Karvan isə avtobusumuzun arxasından yol axtarırdı. Yol isə çox dar idi. İki faytonu yanaşı keçirməz yolu var Lazanın.

Tur rəhbərimiz sürücüyə dedi ki, gəlsənizə gəlin maşınının qabağını kəsək? İçəridəkilərin hamısı bir ağızdan “kəsək”, “oynayaq” – dedilər. Sürücü ayağını “qaz”a söykədi. Bəy maşının qabağına sürdü. Bir dəfə keçməyə cəhd etdilər və keçdilər. İkincidə alınmadı. Bəy maşının sürücüsü bizim “şofer”ə əsəbləşdi:

-Kimsən alə, nə istəysən?

Sürücümüz də gülə - gülə:

-Səbr elə bu dəm gösəriciyəm – deyib qapını açdı. Birinci qadınlar aşağı endilər. Sonra da özlərini utancaqlığa vurmuş kişilər. İlk olaraq avtomobillərin birindən əli kovxalı, aerodrom papaqlı bir ağsaqqal ağır – ağır düşdü. Bir də gördük ki, karvanın arxasından da kişili-qadınlı bir xeyli adam üstümüzə gəlir. Özü də qaşları düyünlü... Yol-yoldaşımız olan diribaş qadınlar dilləndilər:

-Zurna, qavalçılarınız hanı? Oynamaq istəyirik. Qorxmayın pul almayacağıq. Bir-iki hava oynayıb gedəcəyik (gülüşmə).

Hamının üzünə təbəssüm qondu. Bəy tərəfinin ağsaqqalı-deyəsən təzə bəyin babası idi- əlindəki kovxa ilə musiqiçiləri çağırdı. Gəldilər. Əvvəlcə bir “Heyvagülü”, ardınca da “Dağlara gedək”, axırıncı mahnını isə unutmuşam...

Gözüm maşından düşməyən bəy-gəlinə sataşdı. “Nə baş verir?” – deyə gözləyirini oynayanlara zilləmişdilər.

Bu vur çatlasında baş verənləri telefonun yaddaşına köçürən kim, canlı yayıma çıxan kim? Bir sözlə, yadda qalan epizod idi. Hələ, Laza yolunda bəy-gəlin karvanını uzun müddət izlədik. Yol ayrıcına qədər elə bildilər ki, toya da “şərikik”. Ora qədər gedib yeyib-içib oynayacağımızı düşünən sadə kənd adamları da var idi. Bizim baməzə yoldaşlar deyəsən, hələ “Dağlara gedək” oynayarkən belə bir söhbət ortaya atıblarmış... Yazıblar da inanıb.

Yəqin ki, bizimlə yol-yoldaşı olan səfirlik əməkdaşı bu epizodu öz gündəliyinə yazıb, illər sonra Parisdəkilərə oxutduracaq.

 

Ləzgi polisə “çörək cəriməsi”...

Tur rəhbəri uzun yolun mənalı və şən akkordlarla yadda qalması üçün maraqlı oyunlar təşkil edirdi. Mənə oynmaq düşdü. “Yanıq Kərəm”ə oynatdılar. Növbə Suraxanıda yaşayan və əslən Qusardan olan polis əməkdaşına çatdı. Dedi ki, ləzgiyəm, buralarla bağlı bir şey təklif  edin, eləyim.

Tur rəhbərimiz də -o zaman  tanımadığımız bir qapıdan pomidor al gətir- deyə şərt kəsdi. Gənc polis əməkdaşı gülə-gülə razılaşdı. Qusara təzəcə girmişdik ki, sürücü avtobusu saxladı. Polis əməkdaşı imtina etsə də tur rəhbərinin “ləzgilər sözünün ağasıdır” ifadəsindən sonra gülə-gülə avtobusdan düşdü. Tanımadığı və göy rəngli bir qapını döydü. Təxminən beş dəqiqədən sonra gördük ki, əlində bir çörək gəlir:

-Pomidorları yox idi, əvəzində isti maxara çörəyi verdilər (gülüşmə)...

Qoşaşəlalədə kəklikotu satan balaca Zəhra...

...Artıq Lazaya çatmışam. Avtobusdan ən axırıncı mən düşürəm. Şəlaləyə çıxan kim, dağa dırmaşan kim... Diqqətimi dağlardan aşağıda dayanmış “hilli” duman çəkir. Gözümü aşağı endirdikcə, dağın başındakı taxta vaqonlar, ondan bir az aşağıda ingilis və ərəb dillərindəki yeməkxana elanları...

Birdən gözümə sarışın qızcığaz sataşdı. Turistləri görüb əlindəki ağ sellofan torbalarla üzü aşağı yüyürməyə başladı. Ona tərəf çevrildim. Dayandım. Gülümsündü:

-Əmi, kəkotu...

-Neçəyədi?

-Bircə manat!

-Ver birini!

-Al- deyib iç-içə balaca sellofan torbalardan birini mənə uzadır. Təbəssümü bütün yol yorğunluğumu canımdan çıxarır. Qızcığazı söhbətə tuturam:

-Adın nədir, sarı qız?

-Zəhra.

-Neçə yaşın var?

-8.

-Məktəbə gedirsən?

-Hmm (utanaraq başını aşağı salır).

-Neçənci sinifdə oxuyursan?

-Bu il üçüncüyə gedəcəm.

- Necə oxuyursan?

-Yaxşı.

-Hər gün gedirsənmi dərsə?

-Üşüyəndə getmirəm.

-Bəs bu kəklik otunu satıb pulunu nə edəcəksən?

-Atama verəcəm, məktəb paltarı alacaq.

Zəhranın şirin danışığını görüb hər kəs onun başına toplaşır. Beş dəqiqənin içərisində əlindəki yeddi-səkkiz kəklikotu bağlamasını satır. Sonda ləzgi dilində sağ ol deməsini xahiş edirəm. Cavabı yenə də başını qaldırmadan verir:

-“Sağ ol” elə bizdə də “sağ ol”du də. Hamımız gülüşürük.

Lazanın Qoşa şəlaləsində şəkillər çəkdirdikdən, özümüz üçün gül-çiçək dərdikdən sonra aşağı düşürük. Geri qayıtmırıq. Qubaya dönürük. Çənlibel gölünə.

“Çənlibeli hasarladılar, balıq tutmağa qoymurlar...”

 Çənlibel gölündəyik. Gölün girişinə çathaçatda qubalı yeniyetmələr tur avtobusu ilə atlarını yarışa çıxarırlar. Avtobusumuzu ötürlər. Hər kəs gölün başına düşür. Mən yeniyetmələrlə söhbətləşirəm. Gözümə Melorasiya və Su Təsərrüfatı Komitəsinin lövhəsi dəyir: “Gölə girmək və göldən balıq tutmaq qadağandır”.

At çapan uşaqlardan birinin adı Tahirdir. Diribaşdır. Söhbətcildir. Deyir ki, gölün ətrafını üç ay əvvəl Bakıdan gələnlər hasarlatdırıb: “Ərəblərə icazə verirlər, bizə yox. Əvvəl gəlib buradan balıq tuturduq. Elə olurdu ki, satıb pul qazanırdıq. Satılmayanda da evimizə aparırdıq. İndi qoymurlar”.  

Elman adlı yeniyetmə isə deyir ki, göldə çimməyə qoymamaqlarını başa düşə bilmir: “Evimizin yanıdır. Uşaqlığımız burada keçib. Hər yay burada çimirdik. İndi icazə yoxdur. Göldə çimərlər də.  Göl nə üçündür?”.

Elmanın sözünü dostu Vahid kəsir. Vahidin 13 yaşı var. Yay aylarında çobanlıq da edir, gölün ətrafında pul qazanmaq üçün günortalar atını da buraya gətirir. Özü belə deyir:

-Biz də atlarımızı gətiririk bura. Turistlərin sürmələri üçün. Bir aşağı-bir yuxarı getmək 1 manatdır. 

Çənlibel gölünün ətrafında şəkillər çəkdirdikdən sonra üzüyuxarı – musiqi sədaları gələn tərəfə yaxınlaşıram. Yol yoldaşımız, adını bilmədiyim Fransa səfirliyinin əməkdaşı ləzgi xanımlarla “Ləzginka” oynayır, tur yoldaşları isə onu alqışlayırdılar.