“Türkiyə istədiyini aldı” – Professor

10:15 18.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin şimali Suriyada başlatdığı “Barış pınarı” əməliyyatı cəmi 8 gün sürdü, 702 PYD-li terrorçu öldürüldü, 1 min kvadratkilometr ərazi nəzarətə götürüldü və sair. İlk gündən də ABŞ, eləcə də Avropa və sair ölkələr hücumu dayandırın deyir, amma Ankara dayandırmadı. Bəs nə oldu ki, Vaşinqton sərt tədbirlərə əl atdı və ardıyla da ən yüksək səviyyədə təmsilçilərini – prezidentdən sonra ikinci şəxsini Ankaraya yolladı və 3 saatdan da az vaxt ərzində həm müharibə dayandırıldı, həm də Ərdoğanın tələbləri yerinə yetirildi? Maraqlıdır, bütün bunlar Ağ Evin qələbəsidir, yoxsa Türkiyənin? Suallarımıza Kahramanmaraş Sütçü İmam Universiteti Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl cavab verir:

- Burada kimin qələbə qazandığını demək doğru olmazdı. Türkiyə meydanda hərbi əməliyyat aparırdı və məhz bu danışıqlar nəticəsində istədiyini aldı. Türkiyənin müharibəni dayandırması haqda heç nə demək olmaz, çünki sadəcə döyüşlərə müəyyən müddətdə ara verilib. Təbii ki, Amerika da türrorçuların nəzərdə tutulmuş güvənli bölgə ərazisindən tamamilə çıxarılmasına dair öhdəlik götürüb. Nəticədə Türkiyə güvənli bölgə yaratmaq üçün qarşıya qoyduğu məqsədə müharibəsiz nail oldu. Ümumiyyətlə, Türkiyənin son məlum razılaşma da daxil olmaqla, tədricən bölgədəki hədəflərinin hamısına çatdığını görürük. Türkiyə 450 kilometr uzunluğunda və 40 kilometrədək genişliyində bir bölgəni terror ünsürlərindən təmizlənilməsinə nail olub və bu tələbi Amerikaya da qəbul etdirə bilib. Qarşılığında həm Vaşinqtonun iqtisadi embarqolarından, həm də xarici dövlətlərin təzyiqlərindən qurtulub. Yenə təkrarlayıram: burada hansı tərəfin daha güclü çıxdığını demək olmaz. Çünki ABŞ-ın öz daxilində də bu məsələyə münasibət birmənalı deyil – hökumətlə Konqres, Pentaqon arasında çox ciddi ziddiyyətlər mövcuddur.    

- Razılığa əsasən bu atəşkəs deyil, sadəcə döyüşlər beş gün dayandırılır ki, YPG “Barış pınarı”nın hədəfində nəzərdə tutulan 30 kilometrlik dəhlizi boşaldıb cənubdakı səhralara çəkilsin. Necə bilirsiniz, beş gün YPG-yə bəs edəcəkmi və həmin müddətdən sonra TSK nəzarətə götürdüyü güvənli bölgədə ortaya çıxacaq hər hansı silahlı təxribata və ya açıq toqquşmaya silahla cavab verə biləcəkmi, bu müqaviləyə zidd sayılmayacaqmı?

- Razılaşmadan sonra YPG terrorçularının Amerikanın ziddinə hər hansı addım ata biləcəyini zənn eləmirəm. Çünki amerikalılar onlara tam nəzarət edir. Onlar əla bilirlər ki, belə olduğu halda Amerika Türkiyəyə əməliyyatlara başlamaq üçün yaşıl işıq yandırar və bu da YPG-nin məhv olması ilə nəticələnər. Terrorçuların əlindəki Amerika istehsallı silah-sursata gəlincə, burada bir az şübhələr var. Amma hesab edirəm ABŞ bu silahları geri alacaq. Çünki əks təqdirdə onlar da tədricən Türkiyənin əlinə keçər. Müvəqqəti sazişlə Türkiyənin istədiyinə nail olması ilə yanaşı, Amerika da özünün bölgədə nüfuzunu xilas etmiş oldu. Çünki illərdir bölgəyə silah-sursat göndərən Vaşinqton orada təlimlər keçdi, hərbi dərslər verdi və sair. Amma Türkiyənin əməliyyata başlaması bütün bu zəhmətlərin sabun köpüyü olduğunu göstərdi. Bu da Amerikanın nüfuzunu zədələyir və Ankara ilə məlum razılaşma onu üzləşəcəyi real gerçəklikdən bir növ xilas etmiş oldu. Təxribatların olması mümkündür, amma burada söhbət Amerikanın necə reaksiya verəcəyindən gedir və unutmaq olmaz ki, Türkiyə artıq bölgədə hərbi nəzarətə malikdir, istədiyi an əməliyyatlara start verə bilər.  

- Mən razılaşmanın dərc edilən 13 maddəsi ilə tanış oldum – Menbiçdən söz açılmır. Türkiyə üçün olduqca strateji əhəmiyyəti olan Münbiçin aqibəti necə olacaq?

- Menbiçin adının bu sazişdə qyd olunub olunmamasının, məncə əhəmiyyəti yoxdur. Menbiçin strateji əhəmiyyəti çox böyük olsa da, əsas odur ki, Amerika Türkiyənin nə istədiyini bilir. Baxıb görəcəyik orda nə olacaq. Türkiyənin Xarici işlər nazirliyi bir açıqlama ilə bəyan etdi ki, istədiklərini alıblar. Bütün məsələlər beş gün müddətinə həll olunacaq və bu müddət başa çatan tarixdə isə Ərdoğan Soçidə Putinlə görüşəcək. Təbii ki, Amerika ilə başladılan proses oktyabrın 22-də Rusiya ilə davam etdiriləcək. Rusiya gələcəkdə bölgədə təkbaşına güc olaraq qalacaqmı, Əsəd rejimi ilə birgə hərəkət edəcəkmi, yoxsa kürd silahlılarının yanında olacaq, bunları bəri başdan demək çətindir.  

- Razılaşmada qaçqınların geri qayıtmasına da toxunulmur. Ərdoğan deyirdi ilk etapda 1, sonrakı etapda da əlavə 1, ümumilikdə 2 milyon suriyalı qaçqın güvənli bölgəyə yerləşdiriləcək. Amerika bunu qəbul edirmi?

- Qaçqınlar məsələsi sazişdə açıq qalsa da, hər halda Türkiyə terrordan təmizlənmiş bölgədə olacaq və burada yaşayan insanların geri qayıtmasına da təminat verilməlidir. Hesab edirəm bu müstəvidə Türkiyə hökumətinin proqramları mövcuddur və nəyi necə edəcəklərini də bilirlər. Amerikanın bunu qəbul edib etməməsi Ankara üçün vacib deyil. Əsas odur ki, Türkiyə hökuməti ölkə ərazisində məskunlaşmış milyonlarla qaçqını geri qaytarmağa qərarlıdır.   

- Türkiyədə, Ərdoğanın özünün dediyi kimi, cəmi 350 min kürd qaçqın var, qalanı ərəb və türkmənlərdir. Bu geriqayıdış güvenli bölgənin timsalında Türkiyə sərhədlərinin güneyini kürdlərdən təmizləmək – assimilyasiya prosesi hesab edilməyəcəkmi?

- Assimilyasiya fikri ilə razılaşmıram. Bilirsiniz ki, orada Amerikanın bəslədiyi PYD, SDG kimi terrorçu qruplaşmalar bölgədə dövlət qurmaq istəyirdilər. Nə qədər insan evindən-torpağından didərgin salınıb. Bu arada qeyd edim ki, həmin insanlar onsuz da bayram günlərində evlərinə gedib-gəlirdilər. Bu gün Türkiyənin istədiyi onların tam təhlükəsiz şəkildə evlərində yaşamalarıdır. İkinci etapda isə, Türkiyədə məskunlaşmış bütün qaçqınların həmin bölgələrdə yerləşdirilməsi nəzərdə tutulub. Onu da vurğulayım ki, Suriya unitar dövlətdir. Türkiyədə məskunlaşmış qaçqınlar da suriyalılardır və onlar Suriyanın istənilən bölgəsinə yerləşdirilə bilər.    

- Təbii ki, TSK güvənli bölgəni nəzarətdə saxlayacaq. Amma razılığın bəndlərinin birində ortaq nəzarətə vurğu edilir. Bu Amerika əsgərinin də orda olacağı deməkdir, ya necə? Ümumiyyətlə, sizcə Türkiyənin nəzarətində qalacaq güvənli bölgənin ömrü neçə il sürəcək? Sizə elə gəlmir ki, TSK girən ərazilər gec-tez Türkiyəyə qalacaq?

- Düşünmürəm ki, həmin ərazilər Türkiyənin nəzarətində qalacaq. MHP lideri Dövlət Baxçalı bildirmişdi ki, türk ordusu həmin bölgədə qalacaq. Amma Türkiyə hökuməti dəfələrlə bəyan edib ki, məqsəd Suriyanın şimalında və ya Türkiyənin güney sərhədlərində kök salmış terroru – YPG-ni, İŞİD-i yox etməkdir. Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasını həmişə şərt olaraq qoyub.

- Suriyada icra olunan güvənli bölgə ssenarisi gələcəkdə İraqda da təkrarlana bilərmi?

- Güvənli bölgə ssenarisinin İraqda təkrarlanması mümkün deyil. Ona görə ki, Türkiyə Şimali İraqda fəaliyyət göstərən peşmərgəni terrorçu qrup olaraq görmür, Kürdüstan muxtariyyətinin özünüidarə orqanları ilə müxtəlif formalarda əməkdaşlıq edir və sair. Düzdür, onlar da arada Amerikanın təsiri altına düşdülər, referendum keçirdilər və təbii ki, qarşılığında cavablarını da aldılar. Hesab eləmirəm ki, onlar bundan sonra bölgədəki böyük dövlətlərin maraqlarının ziddinə hansısa addımı atsınlar. Onu da deyim ki, iqtisadi müstəvidə də İraqın şimalı ilə Suriyanın şimalı fərqli xüsusiyyətlərə malikdir və Türkiyənin hər iki bölgəyə münasibəti eyni deyil.  

- Bundan sonra Türkiyə, ilk gündən ona qarşı çxan İranla, ərəb ölkələri, silah satışını dayandıran bəzi Avropa subyektləri ilə münasibətlərini necə quracaq? Axı çətin günündə kimin kim olduğunu gördü Ankara...

- Bundan sonra silah embarqosu qoyan, zidd çıxışlar edən ölkələrin özlərinin Türkiyə ilə əlaqələrini necə quracaqları maraqlıdır. Çünki məsələni yersiz-mənasız şişirtdilər, Türkiyənin haqlı mübarizəsinə qarşı çıxdılar və sair. Məsələn, Səudiyyə Ərəbistanının Türkiyəyə Həcc kvotası ayırmaması əslində İslama qarşı çıxışdır. Məkkə yalnız Səudiyyə Ərəbistanının deyil və bu mənada o hansısa müsəlmanın müqəddəs torpaqlara gəlməsinə əngəl yarada bilməz. Belə bir şey edərsə, İslam dünyası ona qarşı birləşər və bu səbəbdən də Ər Riyadın öz mövqeyinə yenidən nəzər salması lazımdır. Avropa İttifaqı subyektlərinə gəlincə, onlar artıq fikirlərini dəyişməyə başlayıblar. Məsələn, alman qəzetlərindən biri “Türkiyə həm ortaq, həm də rəqibdir” başlıqlı yazı dərc eləmişdi, çox xoşuma gəldi. Avropada başa düşürlər ki, Türkiyə olmadan Avropa İttifaqı heç bir şeydir. Eyni zamanda, Türkiyənin bu ittifaqa ən böyük rəqib olduğunu da bilirlər. Konkret olaraq onilliklər ərzində Tükiyənin bu birliyə qəbul edilməməsi məhz rəqabətin sübutudur. Bu bir siyasətdir, zamanla hər şey dəyişir. Hələ tezdir, 120 saat gözləyək, Ərdoğan Putinlə görüşsün, hesab edirəm daha sonra Amerika ilə də hansısa formada görüş olacaq və yalnız bundan sonra Suriya üzərində yeni ssenarilərin cızılacağının şahidi olacağıq...