Türkiyədə meşə yanğınları – Səbəb Ankaranın bölgədə güclənməsidir

17:17 03.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İsti havada bir qığılcımla belə qısa vaxt ərzində böyük bir ərazini yandırmaq olur.  Bununla yanaşı Türkiyədə baş verən yanğınlar terrordur və qardaş ölkənin Cənubi Qafqazdakı gücünün zəifləməsinə yönəldilib”.

Bunu hafta.az-a siyasi şərhçi Əhəd Məmmədli qardaş Türkiyəni bürüyən yanğınların səbəblərini şərh edərkən bildirib.  Onun sözlərinə görə, PKK-nın meşə yanğınlarını törədən qrupu artıq məlum yanğını boynuna götürüb. Bundan sonra İtaliya rəsmi dairəsi də öz ərazilərində baş verən yanğınlarla bağlı  açıqlamalar verərək hadisəni mafiya ilə əlaqələndirib.

Məsələyə Azərbaycanda baş verən proseslər aspektindən yanaşan Ə.Məmmədli hələ II Qarabağ müharibəsi başlamazdan qabaq Türkiyənin Azərbaycanda keçirdiyi hərbi təlimlərdən sonra ölkəmizdə baş verən təxribatlara diqqət çəkib. O, Türkiyə ilə Azərbaycan əməkdaşlığı genişləndikcə müəyyən qüvvələrin ölkədə vəziyyəti gərginləşdirməyə çalışdığını deyib.

“Hərbi təlimlərdən sonra Mingəçevirdə işıq söndürüldü, Gəncədə icra hakiminə qarşı silahlı hücum oldu. Bir sözlə, hər dəfə Türkiyə ilə Azərbaycan arasında nəsə baş verəndə ortaya problemlər çıxardılır. Artıq Şuşa Bəyannaməsindən sonra Türkiyə ABŞ-a şərtlər qoydu ki, yalnız bu şərtlərlə Əfqanıstanda qala bilər. Bütün bunlardan sonra meşə yanğınları oldu və Türkiyəni fakt qarşısında qoymaq istədilər. Əlbəttə ki, maraqlı qüvvələr var ki, Türkiyənin başını qarışdırıb Cənubi Qafqazdan, Azərbaycandan çəkindirmək istəyirlər. Türkiyənin Şimali Afrikada iki ən yaxın müttəfiqləri Liviya və Tunis idi. Tunis də AK Partiyaya ideoloji baxımdan yaxın olan  - an-Naxta partiyasına   qarşı hərbi qiyam baş verdi. Və oyuncaq prezident parlamenti buraxdı. Bundan sonra qaldı Liviya  və orda da vəziyyət hər an dəyişə biər. Türkiyənin Cənubi Qafqaza yaxınlaşmasını ifadə edən geosiyasi mənzərənin fonunda  yanğınlar baş verir, turistlər ölkədən evakuasiya edilir. Bilirik ki, Türkiyənin iqtisadiyatının inkişafında əsas yerlərdən birini turizm tutur. Liviyadan sonra bu yanğınların baş verməsi Türkiyəyə ciddi zərbə vurdu. Biz bu yanğınları təsadüfi saymırıq. Hesab edirik ki, Türkiyə regionda apardığı siyasətlə əlaqədar olaraq təzyiqlərlə üz-üzə dayanıb. Regionda marağı olan güclər Türkiyəni hədəflərindən geri çəkmək istəyir. Amma bunu edənlər bunun bədəlini Türkiyəyə ödəyəcəklər”.

Türkiyə yanğınlarında ABŞ-ın rolunun olmasına gəlincə, Ə.Məmmədli bunu istisna etməyib. Onun sözlərinə görə, məhz ABŞ  Şimali Suriyada PKK -ya neçə milyon dəstək verdi. Bu artıq faktdır. 

“Böyük dövlətlərin regionlarda maraqları var və bu maraqlara uyğun da müttəfiqləri dəyişə bilər. Məsələn, Cənubi Qafqazda, Yaxın Şərqdə Türkiyənin görünməz müttəfiqləri Çin və Böyük Britaniyadır. Amma artıq Əfqanıstanda Türkiyə Çinlə üz-üzə gələ bilər. Müxtəlif konfiqurasiyada müxtəlif adımlar atırsan. Son illərdə Türkiyə böyük güclərin bir-birinə qarşı çıxmalarından istifadə edib öz maraqlarını irəli sürür və böyüməkdə davam edir”

 

Oxunma sayı 483